Məhkəmə qərarları › İş №2-1(103)-1308/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1308/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1308/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (3-cü şəxs Xətai Rayon İcra Şöbəsi) qarşı “şikayət ərizəsinə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3528/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 17 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (3-cü şəxs: Xətai Rayon İcra Şöbəsi) 10.02.2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməsi, 10.02.2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3528/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadını mübahisələndirilən ərizəyə cavabdeh Ədliyyə Nazirliyi tərəfindən cavab verilməsi ilə əsaslandırıb. Məhkəmə cavabdeh təşkilatın mübahisələndirilən ərizəyə cavab verilməsinə dair məktubun iddiaçıya göndərilməsini təsdiq edən poçt sənədlərini tələb etməyib. Məhkəmənin istinad etdiyi cavab məktubunun mövcud olması həmin məktubun iddiaçıya göndərilməsi mənasını vermir. Bundan başqa, cavabdeh təşkilatın iddia ərizəsinə yazılı münasibət bildirərək cavab məktubunu məhkəməyə təqdim etmişdirsə, məhkəmə həmin məktubu iddiaçıya təqdim edərək iddiaçının məktuba münasibətini öyrənməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi, məhkəmə mübahisəni ümumiyyətlə araşdırmamış, tərəflərin məhkəmə icraatına cəlb edilməsinə təşəbbüs göstərməmiş, cavabdehin yazılı münasibətini və cavab məktubunu iddiaçı tərəfə göndərməmiş, nəticədə iddiaçı əldə etmək istədiyi cavab məhktubunu məhkəmə vasitəsi ilə yenə də əldə edə bilməmişdir. Bundan başqa, məhkəmə cavab məktubunun mövcud olmasını əsaslı saydığı halda belə, baxmayaraq ki, həmin məktubun iddiaçıya göndərilməsini təsdiq edən poçt sənədləri məhkəməyə təqdim edilməyib, bu halda iddianı rədd edə bilərdi. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların natamamlığını nəzərə almadan maddi hüquq normalarını pozaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edib. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən 10.02.2020-ci il tarixli şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsini, 10.02.2020-ci il tarixli şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İddiaçı 19.01.2021-ci il tarixdə cavabdeh orqana ünvanladığı 03.02.2021-ci il tarixli şikayət ərizəsini təqdim etmişdir. İddiaçının cavabdehə ünvanladığı 03.02.2021-ci il tarixli və 10.02.2021-ci il tarixli şikayət ərizəsi eyni məzmunludur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28.01.2021-ci il tarixli 04/11-891 nömrəli məktubuna əsasən İddiaçı Xətai Rayon İcra Şöbəsinin icraatında olan Turqut Qəhrəmanovun tələbkar olduğu icra sənədinin icrası ilə bağlı 03.02.2020-ci il tarixli müraciətinə 21.02.2020-ci il tarixdə cavab verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı 21.02.2020-ci il tarixli 04/11-1654 nömrəli məktubuna əsasən iddiaçının Xətai Rayon İcra Şöbəsinin icraatında olan Turqut Qəhrəmanovun tələbkar olduğu icra sənədinin icrası ilə bağlı müraciətinə cavab verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçının Xətai Rayon İcra Şöbəsinin icraatında olan Turqut Qəhrəmanovun tələbkar olduğu icra sənədinin icrası ilə bağlı müraciətinə müvafiq cavab verilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması araşdırılarkən müəyyən edilmişdir ki, ki, hazırkı iş üzrə iddiaçı kimi çıxış edən İddiaçı X1 nümayəndəsi qismində cavabdehə müraciət edərək, sonuncunun tərəf olduğu iş üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən, iş üzrə qərardad dəyişdirimədən saxlanmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-3528/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar