Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1308/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9687/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) tikinti altına düşən və yolun keçməsi səbəbindən istifadəyə yararsız və mümkünsüz olan torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakın bazar dəyərinin 20% miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə bu qiymətin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalvasiyası və əmlakından istifadədən 3 ildir məhrum olunduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla, cəmi 240.400 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq 31.08.2021-ci il tarixli və 29.09.2021-ci il tarixli yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, iş üzrə mübahisəli daşınmaz əmlak Ağdaş rayonunun ərazisində yerləşdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı münasibətinin məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9687/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) “kompensasiyanın ödənilməsi” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədə fiziki şəxs inzibati orqanın hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə kompensasiyanın ödənilməsində cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müəyyən edilmiş və həmin inzibati orqan isə Bakı şəhəri Binəqədi rayonunda yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1 3-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası Prezidentinin 09.08.2010-cu il tarixli 310 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Əlavəyə əsasən Bakı şəhəri Binəqədi rayonunun ərazisi Bakı İnzibati Məhkəməsinə aiddir. Ona görə də hesab edir, hazırkı mübahisə üzrə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4cü maddəsinin tələblərinin təsiri altına düşür və işə cavabdeh kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerləşdiyi yer üzrə inzibati-iqtisadi məhkəmədə, yəni Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İş materiallarında olan RX seriyalı, ******* və ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən (Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində və 6 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində 06.01.2012-ci ildə qeydiyyata alınmışdır) müəyyən edilir ki, mübahisəli daşınmaz əmlaklar İddiaçı adına rəsmiləşdirilmiş və Ağdaş rayonu, Qaraqan Şıxlar kəndində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti daşınmaz əmlakla bağlı hüquq və hüquq münasibəti ilə əlaqədar olmaqla, həmin daşınmaz əmlaklar Ağdaş rayonunda yerləşir. Ağdaş rayonu isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Birinci instansiya məhkəməsi hazırkı işin aidiyyətı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsində haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9687/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1308/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1308/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver