Məhkəmə qərarları › İş №2-1(103)-1308/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1308/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1308/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X10 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9 və X12) “qeydin etibarsız hesab edilməsi və ona mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydin etibarsız hesab edilməsi və ona mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, kooperativin qərarına əsasən iddiaçıya “Ləhiş” bağlar sahəsində 12 sot ölçüdə 5826 nömrəli bağ sahəsi verilmişdir. Bağ sahəsi dəmir və taxtadan çəpərlənmişdir. Sonuncu dəfə bağdan 2015-ci il tarixdən çıxmışdır. Nardaran hadisələrindən sonra bağa getmək üçün müvafiq icazələrin alınmasında çətinliklər yarandığından bir müddət bağa gedişgəliş mümkün olmamışdır. 2019-cu ilin yayında bağ sahəsinə gəldikdə ərazinin mişar daşı ilə hasara alındığı, taxta qapının dəmir darvaza ilə əvəz edildiyi müşahidə edilmişdir. Cavabdehə iddiaçının müraciəti nəticəsində müəyyən edilmişdir ki, həmin sahə M.Qəhrəmanov oğlunun adına qeydiyyatdan keçmişdir. İddiaçı hesab edir ki, adıçəkilən bağ sahəsi ona məxsus olduğundan M.Qəhrəmanovun adına aparılmış qeydiyyat etibarsız hesab edilməli, çıxarış ləğv edilməli, həmin torpaq sahəsinə dair ona çıxarış və texniki sənədlər verilməlidir. Məhkəmənin qərardadı ilə X7, X9 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş və X8, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Hazırkı işin hallarından görünür ki, iddiaçı üçüncü şəxslərə dair aparılmış mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsini, eləcə də ona iddia olunan sahəyə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə imtina məktubu ilə qeydin ləğv edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsasını 2 hal təşkil etmişdir. 1) İddia olunan torpaq sahəsində dair aparılmış qeydin mübahisələndirilməsi, 2) Adıçəkilən qeydin qanunsuzluğu tanındıqdan sonra mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması. İş materiallarından, o cümlədən cavabdehin imtina məktublarından da göründüyü kimi mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtinanın əsası qismində həmin əraziyə digər şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması çıxış edir. Hazırkı işin araşdırılması zamanı adıçəkilən torpaq sahəsinin sərəncam və verilmiş order əsasında ilkin olaraq X2 adına sənədləşdirilməsi, həmin şəxs sonradan adıçəkilən torpaq sahəsinin 1/2 hissəsini digər üçüncü şəxs X6, yerdə qalan digər 1/2 hissəsini isə X1 halı müəyyən edilir. Qeyd olunmalıdır ki, iddiaçının əsas hüquqi marağı adıçəkilən torpaq sahəsinə onun hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır ki, həmin tələbin realizəsi baxımından mülkiyyət hüquqlarına dair M.Qəhrəmanovun adına dövlət qeydiyyatının aparılmasına dair cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, istər mülkiyyət hüququna dair qeydin qanunsuzluğunun tanınmasından imtina, dolayısı ilə də qeyd qüvvədə olduğu müddətdə həmin sahəyə dair iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtinaya dair faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir. Belə ki, iddia olunan əraziyə dair iddiaçının hüquqmüəyyənedici sənədi qismində 03 sentyabr 1993-cü il tarixli sərəncam, eləcə də həmin sərəncam əsasında verilmiş order çıxış edir. İddia olunan əraziyə M.Qəhrəmanovun hüququnun dövlət qeydiyyatına alınmasına əsas qismində çıxış edən hüquqmüəyyənedici sənəd də 03 iyun 1993-cü il tarixli sərəncam, eləcə də həmin sərəncam əsasında verilmiş order olmuşdur. Qeyd olunmalıdır ki, həmin sənədlər hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malik olsa da, məhz iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıda mövcud olan sənədin digər şəxsin adına olan sənədlərə münasibətdə mötəbərliyi öz təsdiqini tapmamışdır. Göründüyü kimi torpaq sahəsi üçüncü şəxsə daha əvvəl ayrılmışdır. Həmçinin hər nə qədər orderin arxiv nüsxəsinin aşkar edilməməsi şəxsin təqsiri olmasa da, nə qədər ki iddiaçı və üçüncü şəxsin adına verilən sənədlərin mötəbərliyi baxımından qiymətləndirilmə aparılmalıdır, bu baxımından nəzərə alınmalıdır ki, hüquqları dövlət qeydiyyatına alınmış olan üçüncü şəxsə verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində mövcud olsa da, iddiaçıya ayrılmış orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Halbuki, hazırkı iş üzrə məhz iddia olunan torpaq sahəsinə dair hüquqların üstünlüyü baxımından orderin mötəbərliyi əhəmiyyət daşıyır. Belə ki, hər iki sərəncamdan görünür ki, torpaq sahəsinin ayrılması barədə qeyd aparılsa da, məhz hansı ölçüdə, hansı nömrəli bağ sahəsinin ayrılması sərəncamlarda müəyyən edilməmişdir. Bağ sahəsinin nömrəsi və ölçüsü orderdə göstərilmişdir ki, üçüncü şəxsin orderinin arxiv nüsxəsinin mövcud olması, eləcə də iddiaçının orderinin arxiv nüsxəsinin aşkar edilməməsi mübahisəli torpaq sahəsinə münasibətdə üçüncü şəxsin hüquqlarının mötəbərliyinin mübahisələndirilməsini əsaslı edə biləcək dəlillərin mövcudluğunu istisna edir Eyni zamanda işin birinci instansiya icraatı zamanı alınmış ilkin ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının orderinin arxiv nüsxəsi aşkar edilməmiş, üçüncü şəxsin orderinin arxiv nüsxəsində bağ sahəsinin nömrəsi 5825 kimi qeyd edilmişdir. Sərəncamlarda hər iki şəxsin adı göstərilsə də bağ sahələrinin nömrələri ilə bağlı məlumat göstərilməmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan ərazi üzrə hasarlanma işləri plan üzrə, yəni bölgü sxem üzrə aparılmadığından, 93 nömrəli Kooperativin bölgü sxemində bağ sahəsinin nömrəsi əks olunmadığından, bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddia olunan ərazi digər fiziki şəxs tərəfindən hasarlannışdır. İddia olunan bağ sahəsi 5825F və 5825 saylı bağ sahələri ilə üst-üstə düşür. Bundan əlavə, ümumi ərazidə hasarlanma tam sxematik xəritəyə uyğun aparılmamışdır. Qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən 5826 və 5825 saylı bağ sahələrinin bir hissəsinə uyğun gəlir. Mütəxəssis rəyinə əlavə edilmiş koordinatlardan görünür ki, iddia olunan sahə 0,12 ha yox, 1592 kv.m təşkil edir. Təkrar ekspertiza rəyində də mütəxəssis rəyində müəyyən edilən hallar təkrarlanmışdır. Göründüyü kimi mötəbərliyi məhkəmə üçün şübhdə doğurmayan ekspert rəyləri ilə də müəyyən edilir ki, iddia olunan ərazidə hasarlanma işləri plana uyğun aparılmamış, ümumiyyətlə iddiaça torpaq sahəsinin ayrılmasını həyata keçirən 93 nömrəli X3 bölgü sxemində bağ sahəsinin nömrəsi əks olunmamışdır. Bu səbəbdən də iddiaçının təqdim etdiyi sənədlər əsasında bağ sahəsinin dəqiq koordinatlarının təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhz iddia olunan torpaq sahəsinin ona sərəncam və order əsasında ayrılması qeyd edilsə də, ümumiyyətlə 93 nömrəli Kooperativə aid bölgü sxemdə bağ sahəsinin nömrələri aşkar edilmədiyindən iddia olunan ərazinin məhz iddiaçıya ayrılmış 5826 nömrəli bağ sahəsi olduğu sənəd üzrə öz əksini tapmamışdır. Üçüncü şəxsə torpaq sahəsi ayrılmış 241 nömrəli Kooperativə aid xəritədən görünür ki, ərazinin əksər hissəsi 58 rəqəmi ilə başlayan bağlardan ibarət olmuş, mübahisəli torpaq sahəsi qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən 5826 və 5825 saylı bağ sahələrinin ərazisinə uyğun gəlmişdir. Göründüyü kimi üçüncü şəxsə ayrılmış bağ sahəsinin 5825 nömrəli bağ sahəsi ilə uyğunluq təşkil etdiyi və aidiyyəti 241 nömrəli BTK tərəfindən orderin nömrələmə xüsusiyyətlərinə uyğun olaraq tərtib edildiyi, iddiaçının sərəncama əsasən verilmiş orderinin isə heç bir istinad göstərilmədən 5826 nömrə kimi qeyd edildiyi müəyyən edilmişdir. Bu da arxiv nüsxəsi mövcud olmayan orderin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin ölçüsü 12 sot yox, 1592 kv.m təşkil etmişdir ki, həmin hal da məhz adıçəkilən torpaq sahəsinin naturada ilkin olaraq iddiaçıya ayrılmasını şübhə altına almaqdadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar