Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1309/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Gədəbəy rayonunun Ayravenk kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-4491/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 16.10.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə (qısaldılmış halda DSMF-nin Yasamal rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 17.11.1976-cı il tarixdən 16.05.1978-ci il tarixədək 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında sürücü işləməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17.11.1976-cı il tarixdən 16.05.1978-ci il tarixədək 19 saylı Yol idarəsində “Zİİ-130” markalı asfalt daşıyan maşında sürücü işləmişdir. Onun qeyd etdiyi tarixlərdə asfalt daşıyan maşında sürücü işləməsini onunla birgə işləyən şəxslər təsdiq edirlər. Əmək kitabçasında qeyd olunan tarixlərdə asfalt daşıyan maşında sürücü işləməsi qeyd edilməmişdir. Sadəcə İİ dərəcəli sürücü kimi qeyd edilmişdir. Bu isə idarənin kadrlar şöbəsinin səhlənkarlığı olmuşdur. Daha sonra iddiaçı 15.11.2018-ci il tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən iddiaçıya 06.07.2011-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15 noyabr 2018-ci il tarixli qərardad ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4491/2018 nömrəli qərarı ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Qərar məhkəmə tərəfindən 18.12.2018-ci il tarixdə tərəflərə göndərilmiş,iddiaçıya göndərilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.(ştrix kod SS539987274AZ) 25.01.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. 02.03.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-4491/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Həmin tarixdə və işin apellyasiya icraatı zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizələr təqdim edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdhein nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-4491/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı 57 yaşı tamam olan vaxtdan, yəni 06.07.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin 19.03.2018-ci il tarixli 12/2352 saylı məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə nəzərdə tutulan peşələrdə 12 il 6 ay işləmədiyinə istinad edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, iş materiallarına əsasən iddiaçının 19 saylı Yol İdarəsində iddiaçının işləmiş olduğu “Zil-130” markalı asfalt daşıyan maşında sürücü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 17.11.1976-cı il tarixdən 16.05.1978-ci il tarixədək asfalt daşıyan maşında sürücü işləməsi onun əmək kitabçasında qeyd edilməmiş, iddiaçı bu barədə iş yerindən güzəştli arayış təqdim etməmiş, bir sözlə, iddiaçı iddia tələbini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi iddia tələbləri üzrə şahid ifadələri sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-4491/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4491/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1309/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1309/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver