Məhkəmə qərarları › İş №2-1(103)-1309/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1309/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1309/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydiyyatın aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-1982/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində qeydiyyatın aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 1 05 may 2022-ci il tarixli sübutların təqdim olunması barədə qərardadının icrasını təmin etmədiyinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 200 (iki yüz) manat məbləğində cərimə təyin edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən 200 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək, ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 05 may 2022-ci il tarixli sübutların təqdim olunması barədə qərardadı idarəyə xx.xx.2022-ci il tarixdə daxil olduğu zaman müraciət məktubunda əlaqə nömrəsi qeyd edilmədiyindən tədqiqat obyektinə texniki baxışın keçirilməsi və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu barədə məhkəməyə **********48 saylı, xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. Göründüyü kimi İdarə tərəfindən qərardadda qeyd olunan müddət ötürülmədən məhkəməyə müvafiq məlumat verilmişdir. Daha sonra İdarə tərəfindən məhkəməyə ünvan 1 05 may 2022-ci il tarixli qərardadının icra edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktub ünvanlanmış və sübutlar təqdim edilmişdir. ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadının 2-ci səhifəsində həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1982/2022 saylı qərardadının icra edilmədiyinin aşkar olduğu qeyd edilməsinə baxmayaraq, müvafiq səhifədə İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********48 saylı məktub və əlavə edilmiş sübutlar haqqında ətraflı məlumatlar qeyd edilmişdir. Beləliklə, göstərilən hallardan göründüyü kimi, müvafiq qərardadın icra edilməsi ilə bağlı məhkəmə rəsmi məlumat əldə etməsinə baxmayaraq, prossesual hüquq normaları kobud surətdə pozulmuş və İdarəyə cərimə təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları və müvafiq qərardadın İdarə tərəfindən icra olunmasını nəzərə almamış və qanunsuz olaraq İdarənin cərimə edilməsi barədə qərardad qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməlidir. İş materiallarında olan ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs (1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən iddiaya dair etirazının əsası kimi istinad etdiyi halları sübut edən sənəd qismində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 a nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün, azalmanın trayektoriyasının, iddiaçının istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi ilə digər şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşən hissəsinin ölçüsünün müəyyən edilməsinə dair rəy təqdim etməsi, rəyin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (1 saylı Bakı Ərazi İdarəsi) publik hüquqi şəxsə 15 gün (qərardadı aldığı gündən sonra) müddət müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadının icra nəticəsi ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubda bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, “90” və “90 a” saylı bağ sahələri ümumi hasar daxilində yerləşir və ara hərhədləri yoxdur. Bağ sahələrinə dair müqavilələrə əsasən bağların sahəsi 0.24 ha, ümumi hasar daxilində faktiki 0.1950 ha təşkil edir. Belə ki, 450,0 kv.m azalma mövcuddur. Bundan başqa sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından (bölgü sxeminə uyğun) və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən həmin 450.0 kv.m sahənin dəqiq yerini təyin etmək tərəfimizdən mümkün olmamışdır. İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına bağlanmış xx.xx.2007-ci il tarixli 40881 saylı müqavilədə bağ sahəsinin (90a saylı) ölçüsü 0.12 ha, X1 adına bağlanmış xx.xx.2007-ci il tarixli 25070 saylı müqavilədə bağ sahəsinin (90 saylı) ölçüsü 0.12 ha göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5-ci maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Göründüyü kimi, ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar cavabdehin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş və qərardadın icra nəticəsi barədə müvafiq məlumat məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadının icrasının təmin edilməməsi əsasına görə cavabdeh inzibati orqanın barəsində cərimənin tətbiq edilməsi əsassızdır. Məhkəmə ziddiyyətli məlumatların aydınlaşdırılması, əlavə məlumat və sənədlərin təqdim edilməsi üçün müvafiq məhkəmə sorğusu ilə cavabdehə inzibati orqana yenidən müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 1 xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar