Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1309/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11330/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qarşı məhkəmədə iddia qaldıraraq, onun 27 il əmək stajının bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayon Əliağa kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11330/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayon Əliağa kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun Regionlarla iş üzrə mərkəzi filialının Qarabağ Regional Təhsil İdarəsi ilə birlikdə xx.xx.2024-cü il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2006- cı il tarixədək Ağdam rayon 36 saylı tamorta məktəbində əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilmiş, Ağdam rayon Əliağalı kənd orta məktəbin xx.xx.1967-ci il tarixdən 23.071993-cü il tarixədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün əmr kitablarında İddiaçı adına heç bir qeyd aşkar olunmadığı üçün iddiaçının adına əmək haqqı hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçıya xx.xx.1955-ci il tarixdən xx.xx.1959-cu il tarixədək təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 23 il 7 ay 29 gün sığorta stajı, işləməyən əmək pensiyaçısı kategoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində geydə alınan 3112,13 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) 310,02 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 337,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 386,79 manata, xx.xx.2024-cü il tarixdən 430,11 manata çatdırılmışdır. Hazırda iddiaçı iddia edir ki, pensiya hesablanması zamanı onun xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayon Əliağalı kənd orta məktəbində müəllim kimi işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrlərin əmək stajına daxil edilməklə əmək pensiyasının hesablanmasını cavabdehdən xahiş etsə də, müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Kollegiya qeyd edir ki, mübahisəli dövrlər üzrə iddiaçının işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin məktəbin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1967-ci il tarixdən - xx.xx.1994-cü il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassızdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Ağdam rayon Əliağalı kənd orta məktəbin xx.xx.1967-ci il tarixdən 23.071993-cü il tarixədək olan arxiv sənədləri işğal bölgəsində qaldığı üçün və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün əmr kitablarında İddiaçı adına heç bir qeyd aşkar olunmadığı üçün iddiaçının adına əməkhaqqı hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan dəlili əsassız hesab edən Kollegiya bildirir ki, cavabdehin özünündə qeyd etdiyi kimi, Ağdam rayon Əliağalı kənd orta məktəbinin arxiv sənədləri işğal bölgəsində qalmışdır. Nəzərə almaq lazımdır ki, bu hal iddiaçının iradəsindən asılı olmadığı üçün, iddiaçının pensiya hüququnun pozulması ilə nəticələnməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində iştirak etmiş şəxslərin ifadəsindən də aydın olur ki, onlar İddiaçı ilə birlikdə Ağdam rayon Əliağalı kənd orta məktəbində işləmişdirlər. Cavabdehin apelyasiya şikayətinin “əmək kitabçasında qeyd edilmiş xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək iddiaçının Ağdam rayon Əliağalı kənd orta məktəbində işləməsi ilə bağlı qeydin sonradan yazılması, lakin onun yazılmasına əsas verən əmrin (sərəncamın) qeyd olunmaması, həmin əmək kitabçasında onun dublikat olmasına dair qeydin öz əksini tapmaması” ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, qeyd olunan hallar əmək kitabçasının doğruluğunu şübhə altına almaq üçün kifayət deyildir. Belə ki, iddiaçıya yeni açılmış əmək kitabçasında Ağdam rayon Təhsil Şöbəsi tərəfindən 1967-1994-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (xx.xx.1967-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Ağdam rayon Əliağalı kənd orta məktəbində müəllim işləməsi) aparılmışdır. Eyni zamanda yuxarda da qeyd edildiyi kimi, iddiaçının sözügedən məktəbdə işləməsi şahid ifadələri, həm də vinetka (Orta və ya ali məktəbi qutaranların fərdi şəkillərdən ibarət kollektiv şəkli) ilə də öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirdiyi dövrlər əmək kitabçası və iş materiallarında olan digər mötəbər sübutlar ilə təsdiq olunduğundan, həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11330/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.