Məhkəmə qərarları › İş №2-1(103)-131/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-131/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-131/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin ediməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Əfdər oğlunun, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin ediməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-1266/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardan cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən ayrı-ayılıqda verilmiş apellyasiya şikayətlərinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı xx xxxxxx 1985-ci ildən xx xxxx 1990-ci il tarixədək Azərbaycan SSR-nin Maliyyə Nazirliyinin Bakı Şəhəri Lenin və Nərimanov rayon Maliyyə Şöbələrində iqtisadçı və böyük iqtisadçı vəzifələrində xidmət etmişdir. xx xxxx 1990-cı ildən xx xxxxxx 1993-cü ilədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət X3 rayon X5 Şöbə rəisi vəzifəsində xidmət etmişdir. O, xx xxx 1996-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Baş X9 və Vergilər Nazirliyində Müxtəlif vəzifələrdə xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq xx xxx 2017-ci il tarixdə 2-ci qrup əlilliyə görə iddiaçı pensiyaya çıxmışdır. Lakin əlil olaraq xidməti vəzifələrini icra etmişdir. Səhhətində kəskin ağrılar olduğundan xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə, o, xx xxxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə X4 Böyük dövlət vergi müfəttişi kimi təqaüdə çıxmışdır. Onun ümumilikdə dövlət orqanlarında dövlət qulluqçusu kimi iş stajı 30 il təşkil edir. xx xxxxxxx 2016-cı il tarixdən son iki il ərzində onun vəzifə maaşı 9464 manat, mükafatı - 33990 manat, iş stajına görə 724 manat, rütbəyə görə 764 manat ümumilikdə, 44942 manat təşkil etmişdir. xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək əmək haqqı 203, mükafat 1725 manat, staja və rütbəyə görə 37 manat təşkil edir. O, pensiyaya çıxması ilə əlaqədar olaraq işlədiyi müddətdə, yəni 2007-ci il tarixdən xx xxxxxxx 2018-cı il tarixədək 291 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən yekun haqq-hesab aparılan zaman istifadə etmədiyi 291 gün məzuniyyətə görə 11995 manat məbləğində kompensasiya hesablanmışdır. İddiaçı işlədiyi dövr ərzində ona verilmiş vəzifə maaşına əlavələrin son haqq hesabına ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaması ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********083300 saylı xx xxxxxx 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vergilər Nazirliyinin **********013700 saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən 16 oktyabr 2018-ci il tarixində işdən azad olunmağı ilə bağlı son haqq-hesab aparılmış və büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr mövcud qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamışdır. Eyni zamanda hesabat dövründə, yəni oktyabr ayından işdən azad olunduğuna görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına əlavə həmin ay üzrə hesablanmamışdır. Həmiçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********692400 saylı xx xxxxxx 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Vergilər Nazirliyinin **********739700 saylı xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən oktyabr ayı üzrə vəzifə maaşına əlavə hesablanmamışdır və qeyd olunan Qaydanın 2.7-ci bəndinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqqhesab hesablanmış, ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********739700 saylı xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığı, 2.9-cu bəndinə əsasən isə hesabat ayında işdən azad olunmuş işçiyə həmin ay üçün vəzifə maaşına əlavə verilmədiyi qeyd edilmişdir. Qeyd olunan imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona faktiki olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı hesablamaya görə verilməlidir.1. 12 ay üzrə əmək haqqı 5832 manat; 2. 12 ay üzrə mükafat 13689 manat; 3. 12 ay üzrə Staj və rütbəyə görə 650 manat; cəmi: 5832+13689+650= 20171 manat. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı formada hesablanmalıdır. 20171 : 12 ay = 1680 manat; 1680 : 30.4 gün = 55 manat; 55.263 manat x 291 gün istifadə edilməmiş məzuniyyət = 16081.57 manat. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş **********494900 nömrəli xx xxxxxx 2018-ci il tarixli məktubda göstərilən yekun məlumatda son haqq hesabda istifadə edilməmiş məzuniyyət günlərinə görə 4176 manat az göstərilmişdir. Bu da pensiyanın az hesablanmasına təsir göstərmişdir. Bu fərqin az hesablanmasının səbəbini dəqiqləşdirmək üçün cavabdeh inzibati orqana müraiət etmiş, lakin onun tələbinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı xx.xx.1996cı il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 124 nömrəli Qərarına əsasən xx.xx.2018-ci il tarixindən şöbə rəhbəri vəzifəsi üzrə 385,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341,0 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39,0 manat və vergi orqanlarında xidmət illərinə görə əlavə 39,0 manat təşkil etmişdir. İddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması hissəsi ilə bağlı bildirilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı ilə Əmək Məcəlləsinə və Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na əsasən istifadə etmədiyi məzuniyyət günləri hesabına son haqq-hesab aparılmış və ödənilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. İddia tələbinin həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması hissəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin müvafiq maddəsinin tələbindən aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Bu səbəbdən də iddia tələbində ifadə olunduğu kimi hesablanmış pul əvəzindən gəlir vergisinin illər üzrə ayrı-ayrı tutulması Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından əsassızdır. İddia tələbinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə yeni hesablanmış kompensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə bildirilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********494900 saylı məktubla İddiaçı əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə qarşı yazılı etirazın məzmunu ilə eyni əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Bu səbəbdən də iddia tələbində ifadə olunduğu kimi, hesablanmış pul əvəzindən gəlir vergisinin illər üzrə ayrıayrılıqda tutulması Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 135 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən məhkəmə qərarının “qərara aldı” hissəsində məlumat vərəqəsinin göndərilməsi anlayışı cavabdeh orqana aid deyildir, çünki məlumat vərəqəsinin göndərilməsi cavabdeh orqanın səlahiyyətləri xaricindədir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu madəsinə müvafiq olaraq bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. Apellyasiya baxışı zamanı 3-cü şəxs DSMF-nun Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 hər iki apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apelyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Həsənov Munir oğlu hər iki apelyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Əfdər oğlu hər iki apellyasiya şikayətini qəbul etməyərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin ediməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələblərinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının birinci tələbi onun istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Bu tələb üzrə iddiaçının hüquqi marağı istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla hesablanıb ona ödənilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları xx.xx.2018-ci il tarixdən şöbə rəisi vəzifəsi üzrə 385,0 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352,0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347,0 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341,0 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39,0 manat və vergi orqanlarında xidmət illərinə görə əlavə 39,0 manat təşkil etmişdir. İddiaçıya istifadə olunmamış 291 məzuniyyət günü üçün ümumilikdə 11992,31 manat ödənilmiş və bu zaman iddiaçının işlədiyi dövrdə əmək haqqına edilən əlavələr nəzərə alınmamışdır. Bu hal işin mübahisəsiz halıdır. Buna görə də iddiaçı ona istifadə olunmamış məzuniyyət günləri üçün ödənilmiş kompensasiyanın məbləğinin düzgün hesablanmadığını, işlədiyi dövr üzrə aldığı əlavələrin ödənilmiş məzuniyyət günlərinə tətbiq edilməli olduğunu hesab edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Şərh edilən maddələrin normalarına əsasən əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, yaxud natura formasında verilən haqdır. Əmək qanunvericiliyində əməyin ödənilməsi sistemi dedikdə, əmək ölçüsü ilə əmək haqqı arasında nisbətlərin tənzimlənməsi başa düşülür. Aylıq əmək haqqının tərkibi əsasən üç hissədən ibarətdir: aylıq tarif (vəzifə maaşından), tarif (vəzifə) maaşına verilən əlavə ödənclərdən və mükafatlardan təşkil olunmuşdur. Aylıq əmək haqqı- əvvəlcədən müəyyən olunmuş əməyin ödənilməsi sistemi üzrə işəgötürən tərəfindən işçiyə gördüyü işin müqabilində ödədiyi haqdır. Qeyd olunan aylıq əmək haqqının tərkibinə daxil olan tarif (vəzifə) maaşı – işçinin əmək haqqının əsas hissəsidir. Tarif (vəzifə) maaşı işçilərə müvafiq normaiv hüquqi sənədlərlə uyğun olaraq işəgötürən tərəfindən müəyyən olunur. Əmək haqqına əlavə dedikdə, işçilərə əmək əmək şəraitinə, yüksək ixtisasına, elmi dərəcəyə müvafiq olaraq, habelə həvəsləndirmək məqsədilə verilən digər ödəmələr başa düşülür. Nəzərdə tutulan mükafatların ödənilməsində əsas məqsəd işçilərə əmək müqaviləsi üzrə vəzifələrinin daha səmərəli və keyfiyyətlə yerinə yetirilməsinə əlavə stimul yaratmaqla bərabər onların maddi maraqlarını artırmaqdan ibarətdir. İşçilərə məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən əmək haqqı anlayışına daxil olan nəzərə alınan və alnmayan əmək haqqı növlərini, habelə əmək haqqının əmsallaşdırılması qaydasını müəyyənləşdirilir. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əsaslandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” və bu barədə müvafiq ödənişlərin geniş siyahısı təsdiq edilmişdir. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənclərin geniş siyahısın”dan görünür ki, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatları nəzərə alınan ödənişlərə daxildir. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir. Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Şərh olunan maddələrin tələblərinə əsasən işəgötürənlə əmək mübasibətində olan işçilərə Əmək Məcəlləsində nəzərdə tutulmuş məzuniyyətlər verilir. Hər bir işçi məzuniyyət hüququnu həmin məzuniyyəti natura formasında istifadə etməklə həyata keçirməlidir. İşəgötürənlə əmək münasibətində olan işçi müvafiq iş illinə (illərinə) görə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmitexniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə” Qaydasının 3.1.2-ci maddəsinə əsasən işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən xərclərə aiddir. Qüvvədə olan qanunvericiliyin və müvafiq normativ aktın tələblərindən görünür ki, vergi orqanlarının işçilərinə sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədənkənar vəsaitdən vəzifə maaşlarına əlavələr verilir. Sözügedən əlavələr, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş Siyahıda məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir. İddiaçının birinci tələbi ilə bağlı cavabdeh inzibati orqan imtina məktubunda və yazılı etirazında “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi” Qaydasının 2.7-ci bəndinə istinad edərək iddiaçıya 291 gün istifadə olunmamış məzuniyyət günlərinə kompensasiya hesablanarkən sözügedən vəzifə maaşına əlavələrin daxil edilmədiyini göstərmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq olunmuş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi” Qaydasının 2.7-ci bəndinə əsasən bu qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, inzibati orqanın vəzifə maaşına əlavələrin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması barədə daxili əmri olsa da, qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş normativ hüquqi akta əsasən vəzifə maaşına verilən əlavələr işçinin məzuniyyətə çıxdığı zaman orta əmək haqqına daxil edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.2-ci, 2.6-cı və 2.8-ci maddələrinə əsasən Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə orqanları konkret işlərin həlli ilə əlaqədar icra orqanlarının normativ-hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və ya qanunlarına zidd olduğunu müəyyən etdikdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında, qanunlar arasında ziddiyyət olduğunu müəyyən etdikdə isə zamanca daha sonra qüvvəyə minmiş qanunlar əsasında qərar qəbul edirlər. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanının qəbul etdiyi daxili əmrindən daha yüksək hüquqi qüvvəyə malikdir, buna görə də iddiaçı ona istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya ödənilərkən vəzifə maaşına əlavələrin hesablanmasını tələb etməkdə haqlı olmuşdur və onun bu tələbini birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlarla bağlı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının ikinci- hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, bu barədə tələblə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə istifadə olunmamış illər üzrə məzuniyyət günlərinin əvəzinə pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada tutulması ilə bağlı bir müddəa mövcud olmasa da, işçinin bir ilinə görə yalnız bir əmək məzuniyyəti verildiyindən hər il üçün ayrı-ayrılıqda istifadə olunmamış məzuniyyətlərin əvəzi olaraq nəzərdə tutulan pul məbləğinə görə gəlir vergisi ayrı-ayrılıqda nəzərdə tutulmalıdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş məlumat xarakterli icmal məktubun surətinə və həmin məktubun doğruluğunu təsdiq edən internet mənbələrinə (www.vergilər.az) istinad edərək göstərmişdir ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrıayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Məhkəmə kollegiyası iddiaçının ikinci tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin gəlir vergisi dövlət vergilərinə aiddir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur: vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək – vergi məbləği 14 faiz; 2500 manatdan çox olduqda – 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinin 1, 2, 3 və 4-cü bəndlərinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, qanunvericilikdə işçiyə bir neçə il üzrə istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə pul məbləğinin illər üzrə ayrı-ayrılıqda hesablanması, bu pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada, yəni həmin illər üzrə ödənilməli məbləğlər toplandıqdan sonra, yaxud da hər il üzrə verilməli olan ödənişlərdən ayrı-ayrılıqda gəlir vergisinin tutulmalı olması konkret olaraq göstərilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı qanunvericilikdə müvafiq normanın dəqiq müəyyənləşdirilmədiyini və cavabdeh inzibati orqanın da bununla bağlı hər hansı vəzifəsinin olmadığını nəzərə almadan həmin tələbin təmin olunaraq, cavabdeh inzibati orqanın üzərinə qanunla müəyyən edilməyən - istifadə olunmamış məzuniyyət günlərinə görə iddiaçıya ödəniləcək məbləğdən gəlir vergisinin məzuniyyət illərinə görə (hər il üçün ayrı-ayrılıqda) tutulması vəzifəsinin qoyulması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş məlumat xarakterli icmal məktub və həmin məktubun doğruluğunu təsdiq edən internet mənbələrindəki məlumat (www.vergilər.az) iddiaçının ikinci tələbinin təmin olunması üçün əsas verə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ikinci tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olduğundan məhkəmə qərarı bu tələbin təmin olunduğu hissədə ləğv edilməli və həmin tələb rədd edilməlidir. İddiaçının üçüncü tələbi- ona pensiya təyin ediməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin DSMF-nun Xətai rayon Şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, bu barədə tələbi birinci instansiya məhkəməsi düzgün olaraq təmin etmişdir. Belə ki, işə əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən DSMF-nun Xətai rayon Şöbəsinə (hazrki DSMF publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilən məlumat vərəqəsində iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin (291) əvəzi olaraq ödəniləcək pul məbləğinin miqdarı göstərilsə də, bu zaman məlumat vərəqəsində iddiaçının vəzifə maaşına edilən əlavələrin də həmin məbləğin tərkibinə daxil edilmədiyi müəyyən olunur (bu halı tərəflər mübahisələndirmir). Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadə olunmamış məzuniyyət günlərinə əlavələrin tətbiq olunmaqla kompensasiyanın ödənilməsi barədə tələbi əsaslı olub təmin olunduğundan, iddiaçıya pensiyanın həmin məlumat vərəqəsində göstərilən məlumatlar əsasında təyin olunduğu və sözügedən məlumat vərəqəsində həmin məlumatların düzgün göstərilməməsinin iddiaçıya təyin olunacaq pensiyanın məbləğinə təsir etdiyi və nəticədə onun qanunla qorunan hüquqlarını pozduğu nəzərə alınaraq yeni məlumat vərəqəsinin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının üçüncü tələbini təmin etməklə, istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilməli pul əvəzinin vəzifə maaşına olunan əlavələr də hesablanmaqla göstərilib, yeni məlumat vərəqəsinin DSMF-nun Xətai rayon Şöbəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuna uyğun və əsaslı olduğundan məhkəmə qərarı həmin hissədə 3-cü şəxs DSMFpublik hüquqi şəxsinin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəz Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh inzibati orqanın və 3-cü şəxsin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul edilə, həmçinin hazrki iş üzrə iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin vəzifə maaşına edilən əlavələr hesablanmaqla ödənilməməsi və bu barədə məlumatların göstərilməsi şərti ilə yeni məlumat vərəqəsinin cavabdeh inzibati orqan tərəfindən dövlət sosial müdafiə fondunun müvafiq qurumuna verilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qismən- “İddiaçı hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1266/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qismən, “İddiaçı hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar