Məhkəmə qərarları › İş №2-1(103)-131/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-131/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-131/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər X5 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında ata adının “Balamirzə” əvəzinə “Balaşir” kimi oxunması, həmin sənədin ona məxsus olması və həmin qərara əsasən Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3529/2019 saylı 19.11.2019-cu il tarixli qərardadı ilə iddia “Bakı şəhər XDS İK-nın 4 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarında ata adında “Balamirzə” əvəzinə “Balaşir” oxunması, həmin sənədin ona (iddiaçıya) məxsus olması” hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 360/2020 saylı 09.01.2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3529/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04 sentyabr 1990cı il tarixli, 6/265 nömrəli qərarına əsasən ona ayrılmış 0,12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər X5 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarına əsasən, Köçərili 204 sayl bağ-tikinti kooperativinə ayrılmış Sabunçu rayonu Pirşağı bağ massivindən iddiaçıya 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə reyesterdən çıxarışın verilməsi üçün iddiaçının cavabdehə etdiyi müraciətinə cavabdeh həmin bağ sahəsinə aid təqdim edilmiş qərarın arxiv arayışında Mərdəkan qəsəbəsi, Köçərli bağ massivində yerləşdiyi qeyd olunsa da, faktiki göstərilən sahənin Pirşağı bağ massivində olmasını, bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd olunmadığını və ata adının “Balamirzə” kimi qeyd olunmasını səbəb gətirərək iddiaçıya imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin həmin imtinası tam əsassız və qanunsuz olmaqla iddiaçının hüquqlarını pozur. İddiaçının qanuni əsaslarla əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün qanuni əsaslar mövcud deyildir Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, sözügedən bağ sahəsi ümumi hasar daxilində olan 2869.0 kv.m torpaq sahəsi olan qonşu bağ sahələri ilə bir hasar daxilindədir və bu əraziyə digər şəxslərin müraciətləri mövcuddur. Həmçinin sözügedən bağ sahəsinin təqdim edilmiş qərarın arxiv arayışında Mərdəkan qəsəbəsi, “Köçərli” bağ massivində yerləşdiyi qeyd olunsa da, faktiki göstərilən sahə Pirşağı bağ massividir. Bundan əlavə təqdim edilmiş qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Qeyd olunan qərarın arxiv arayışında ata adı “Balamirzə” kimi qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi ümumi hasar daxilində olan 2869.0 kv.m torpaq sahəsi olan qonşu bağ sahələri ilə bir hasar daxilindədir və bu əraziyə digər şəxs X1 müraciəti mövcuddur. Həmçinin sözügedən bağ sahəsinin təqdim edilmiş qərarın arxiv arayışında Mərdəkan qəsəbəsi, “Köçərli” bağ massivində yerləşdiyi qeyd olunsa da faktiki göstərilən sahə Pirşağı bağ massividir. Bundan əlavə təqdim edilmiş qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Əlavə olaraq, qeyd olunan qərarın arxiv arayışında ata adı “Balamirzə” kimi qeyd olunmuşdu. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı X3 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 01.08.2017-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04.09.1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 02.06.1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli 6/333 nömrəli qərarına müvafiq olaraq 204 nömrəli Bağ Tikinti Kooperativinin 32 nəfər tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 nömrəli əlavədə Köçərli 204 №-li bağ tikinti kooperativi üzvlərinin sayıhısında 17-ci sırada İddiaçı Balamirzə qızı göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış 20.10.2020- ci il tarilxi 781 saylı məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 04.09.1990-cı il tarixli, 6/265 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərara əlavə edilmiş Köçərli 204 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 17-ci şəxs kimi İddiaçı deyil, İddiaçı Balamirzə qızı kimi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər XDS İK-nin 04.09.1990-cı il tarixli, 6/265 saylı qərarına 4 nömrəli əlavədə Köçərli 204 №-li bağ tikinti kooperativi üzvlərinin sayıhısında 17-ci sırada İddiaçı Balamirzə qızı göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01.05.2019-cu il tarixli **********37 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 11.04.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsi ümumi hasar daxilində olan 2869.0 kv.m torpaq sahəsi olan qonşu bağ sahələri ilə bir hasar daxilindədir və bu əraziyə digər şəxsin müraciəti mövcuddur. Həmçinin sözügedən bağ sahəsinin təqdim edilmiş qərarın arxiv arayışında Mərdəkan qəsəbəsi, “Köçərli” bağ massivində yerləşdiyi qeyd olunsa da faktiki göstərilən sahə Pirşağı bağ massividir. Bundan əlavə təqdim edilmiş qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan qərarın arxiv arayışında ata adı “Balamirzə” kimi qeyd olunmuşdu. Qeyd olunan səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(010)-1679/2020 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Azərbaycan SSR Bakı şəhər X5 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında göstərilən “İddiaçı Balamirzə qızı” ilə AZE serialı 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən “İddiaçı”nın eyni şəxs olması faktı müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli 2(010)-1679/2020 saylı məktubundan görünür ki, həmin qətnamə 14.07.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir Hazırkı işin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04.09.1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 02.06.1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli 6/333 nömrəli qərarına müvafiq olaraq 204 nömrəli Bağ Tikinti Kooperativinin 32 nəfər tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 nömrəli əlavədə Köçərli 204 №-li bağ tikinti kooperativi üzvlərinin sayıhısında 17-ci sırada İddiaçı Balamirzə qızı göstərilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(010)-1679/2020 saylı qətnaməsinə əsasən Azərbaycan SSR Bakı şəhər X5 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında göstərilən “İddiaçı Balamirzə qızı” ilə AZE serialı 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən “İddiaçı”nın eyni şəxs olması faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04.09.1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən iddiaçıya qeyd olunan bağ sahəsinin ayrılması qərara alınmışdır. Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan, iddia əsaslıdır və təmin edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının çıxarışın verilməsini tələb etdiyi bağ sahəsinə dair iddiaçının adından nümayəndəsi qismində X3 tərəfindən müraciət olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinə başqa şəxslərin müraciətinə dair hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, cavabdehin imtinanın əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar