Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-131/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-131/2023 (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinə ünvan verilməsi, plan və ölçünün tərtib edilməsi”) Bakı şəhəri 31 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2645/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 nömrəli qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq, həmnin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiqq ünvan və reyestrdən çıxarışın verilməsi, eləcə də “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.O, müraciətinə həmin torpaq sahəsinə Xəzər RİH tərəfindən təsdiqlənməklə hazırlanmış cizgini də əlavə etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və imtinanı belə əsasandırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşir və torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinə ünvan verilməsi, plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddia ərizəsində bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda çalışan hər ailəyə 0,12 hektar hesabı ilə 150 ailəlik həvətyanı torpaq fondu yaradılmışdır. Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin Yerquruluşu Layihə İnstitutunun əməkdaşları həmin sahənin sxemini (baş planını) hazırlamış, onun əsasında sahələr nişanlanmışdır. Zirə X2 Kollektivi Şurasının və Həmkarlar Komitəsinin birgə qərarına əsaslanaraq 131 ailəyə torpaq verilməsi haqqında əmr verilmişdir. Beləliklə, Zirə X2 Kollektivi Şurasının və Həmkarlar Komitəsinin 15 mart 1990-cı il tarixli 3 saylı birgə qərarı və 07 mart 1990-cı il tarixli 15 saylı əmri nəzərə alınaraq, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il ırixli 73 saylı qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun işçisi İddiaçı ğluna 0,12 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərarla ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər RİH başçısının Zirə inzibati ərazi qurumu tərəfindən hazırlanmış və Xəzər RİH Təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi İddiaçı qanuni istifadəsindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları trəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar laşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 7.2-ci maddəsinə görə daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin tələblərinə əsasən Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı qanuni hüququ yaranmışdır. İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş və yuxanda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlərin əslini cavabdeh inzibati orqana təqdim etsə də, cavabdeh inzibati orqan əsassız olaraq ona reyestrdən çıxarışın verilməsindən imtina etmisdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5, 8.0.7, 8.0.8-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə, İPM-in 2.2.3, 45, 46-cı maddələrinə əsaslanaraq, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə X1 Qərib Nurəddin oğluna fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
6. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 dekabr 2020-ci il tarixli məktubunda iddiaya etiraz olunmuş və bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir və sözügedən torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən ərazi bağlar massivində yerləşir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəməsən xahiş olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2645/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik- Südçülük Sovxozunda fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Birinci dəlillə (ayrıc aktından kənarda yerləşmə) bağlı qeyd olunmalıdır ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsi və rəy alınması mümkün olmasa da, cavabdeh inzibati orqan da bununla bağlı tutarlı sübut təqdim etməmişdir.İkinci dəlilə (torpaq sahəsinin cizgisində uyğunsuzluq) gəldikdə isə nəzərə alınmalıdır ki, torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyətləri daxilindədir (vəzifəsidir). İddiaçının müraciıəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir.
9. Birinci instansiya məhkəməsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci, 15-ci, 23.1-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanununa istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2645/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir və göstərilən ərazi Türkan bağlar massivində yerləşir.Həmçinin sözügedən torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur.Bu barədə iddiaçıya **********36 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır . e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. - ..... - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - ..... - 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - ..... - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - ...... - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - ....... - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri iizərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. “İnzibati icraat haqqında” Qanununun: - 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
24. Belə ki, cavabdehin etirazının və apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya məhkəməsində aparılan icraat zamanı iddia olunan bağ sahəsinin naturada harada yerləşməsi, yerləşdiyi yerin koordinatlarının müəyyən olunması və sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşməsi faktının müəyyən olunması üçün ekspertiza təyin edilmişdir.
25. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/3314 saylı ekspert rəyi əsasında) torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1381 ha təşkil edir.Torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur.Torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmiş və sahə bağlar massivinə aid ərazilərdir.Həmçinin, torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri və konfiqurasiya fərqi mövcuddur.
26. Beləliklə, müəyyən olunmuşdur ki, torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1381 ha təşkil etməklə sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmiş və sahə bağlar massivinə aid ərazilərdir.Həmçinin, torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri və konfiqurasiya fərqi mövcuddur.
27. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin, məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
29. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddiası o zaman əsaslı sayılardı ki, iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik- Südçülük Sovxozunun ayrıc aktına əsasən sovxoz ərazisinin hüdudları daxilində yerləşsin.Halbuki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi (hasara alınmış) heç bir sovxozun, O CÜMLƏDƏN Zirə Tərəvəzçilik- Südçülük Sovxozunun ərazisinə aid deyildir.
30. Həmçinin, torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri və konfiqurasiya fərqi mövcuddur.
31. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş düzgün araşdırılmamış, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tətbiq edilən tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2645/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2645/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.