Məhkəmə qərarları › İş №2-1(103)-131/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-131/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-131/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla ) iş üzrə QƏRARİ (Açar sözlər:” bağ sahəsinə hüququn məxsus olması haqqında arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının prosessual varisi X5 vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(82)999/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.

1. Bakı şəhər İcraiyyə Komitəsinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarı ilə 149 nömrəli bağ-tikinti kooperativinin tərkibi 26 nəfər təsdiq olunmuş və həmin qərarın 4 nömrəli əlavəsində kooperativin üzvü X6 göstərilmiş və ona 149 nömrəli kooperativ tərəfindən 0.12 ha torpaq sahəsi olan 3506 nömrəli bağın ayrılması üzrə 20 nömrəli order verilmişdir.

2. xx.xx.2000-ci il tarixdə X6 vəfat etmişdir.

3. 5 saylı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Xüsusi Notariusunun Azərbaycan respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1899 saylı məktubunda xx.xx.2000ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74, mənzil 16-da yaşayan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açıldığı və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alaraq çıxarış və Forma N1 verilməsinin təmin edilməsi xahiş edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********08 saylı imtina məktubu ilə bildirmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyətı yoxdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçının əsaslandırması:

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının tələbi onunla əsaslandırılmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi uzun müddət mərhumun istifadəsində olmuşdur. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Lakin iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən ərizəyə aidiyyətı olmadığı və elektron kadastr məlumatlarına əsasən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur.

8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)999/2019 nömrəli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2- 1(82)999/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha sahədən ibarət 3506 saylı bağ sahəsinin sahibliyi iddiaçının mərhum həyat yoldaşına məxsus olması iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsnin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderi ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva – sədrlik edən, V.Baxışova və H.Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, 09 dekabr 2019-cu il tarixli, **********47 nömrəli cavab məktubunda 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı İlqar Hacıyev bildirmişdir ki, sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Cavabdeh orqanın elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsinin "xxxx" MMC-yə aid olan ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

14. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının iş materiallarında olan xx.xx.2007-ci il tarixli, 285 saylı sərəncamına əsasən Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində 101 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış, həmin sərəncam və "xxxx" MMC-nin mülkiyyət hüquqlarının qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi həmin sərəncamı nəzərə almayaraq, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyul 2020-ci il tarixli, 2-1(102)-1417/2020 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev – sədrlik edən, R.Nəbizadə və İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2- 1(103)-2497/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsi yerləşmə koordinatlarının dəyişməsinə həqiqətən uğramışdırsa, o zaman bu faktın təsdiq edilib-edilməməsi üçün cavabdehin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyevin rəyi və yenə cavabdeh tərəfindən təqdim edilmiş bağ sahələrinin cizgisi ilə kifayətlənmək olmaz. Bu məsələdə xüsusi bilik tələb edən müstəqil şəxsin, yəni, ekspertin cəlb edilməsi və ekspertiza təyin edilməsi mütləq şərtdir. İkincisi, apellyasiya instansiyası məhkəməsi yazır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli, 285 saylı sərəncamına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində 101 hektar torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və mərhum G.Məmmədovanın istifadəsində olmuş bağ sahəsinin bir hissəsi "xxxx" MMC-nin ərazisinə düşür. Belə olan halda "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruri olsa da, apelyasiya instansiyası məhkəməsi bunu etməmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2020-ci il tarixli, 21(103)-1555/2020 nömrəli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 21(103)-123/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X3 ayrılmış torpaq sahəsinin naturada faktiki ölçüsü nə qədərdir ? - X3 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşirmi, əgər yerləşirsə bu hansı tərəfdən və nə qədər təşkil edir? - Qeyd edilən torpaq sahəsi elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçmişdirmi?

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X1 naturada göstərdiyi torpaq sahəsi 1206 kv.m. təşkil edir. Mütəxəssis rəyinə əsasən X3 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmir və üst-üstə düşmə faktı qeydə alınmamışdır. Mütəxəssis rəyinə əsasən İddiaçı naturada istifadə etdiyi 0,12 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir.

21. İddiaçı apellyasiya baxışı zamanı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı iş üzrə 2-1(103)- 123/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə İddiaçı naturada istifadə etdiyi 0,2 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Həmçinin, X3 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatlarının Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluqla bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-452/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

26. Yeni apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri əvvəlki apellyasiya baxışının dəlilləri ilə eyni olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşür.

27. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-452/2023 saylı qərarındakı hüquqi mövqeyə əsasən məhkəmə-mühəndis-texniki ekspertizası təyin olunmuşdur.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi ilə müəyyən olunmuşdur: -bağ sahəsi koordinat sistemində verilmədiyindən və həmçinin eyni bağ nömrəsi digər fiziki şəxs adına qeydiyyatdan keçdiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Nümayəndənin şərti olaraq iddia etdiyi torpaq sahəsi 0.1175 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. -Bağ sahəsinin ölçüləri və naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. -Vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların hər hansı ayrıc aktı mövcud deyil. Qeyd olunan ərazi **********01 reyestr nömrəli "xxxx" MMC- nin istifadəsində olan ərazilərdir.

29. Həmçinin, yeni apellyasiya baxışı zamanı iddiaçı vəfat etməsi səbəbindən prosessual varisi X8 ilə əvəz olunmuşdur.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, verilən suallara cavabında bildirmişdir ki, iddiaçı naturada öz yerini sənəd üzrə iddia etmir, iddiaçının sənəd üzrə yeri naturada göstərdiyi yer deyildir.İddiaçı tamamilə başqa yeri göstərir və iddia edir.Yəni sənəd üzrə yeri başqadır, göstərdiyi torpaq sahəsi isə başqadır və "xxxx" MMCnin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsinin hüdudları daxilindədir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, verilən suallara cavabında bildirmişdir ki, əvvəlki apellyasiya baxışında ekspertiza ilə müəyyən olunmuşdur ki, iddiaçının yeri "xxxx" MMC-nin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsi ilə üst-üstə düşmür.İddiaçı naturada öz yerini ona görə sənəd üzrə iddia etmir ki, iddiaçının sənəd üzrə həqiqi yeri, yəni naturada başqa şəxsin adına qeydiyyata alınmışdır və istifadəsindədir.

33. 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə Kollegiyasının iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.1- ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. .... 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

37. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin:

3-cü bəndinə görə (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

38. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-452/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(82)999/2019 nömrəli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

42. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına görə Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İKnin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsinə çıxarış (arayış) verilməsindən cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyətı yoxdur və elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşür.

43. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına əsasən aşağıdakıları qeyd edir:

44. Hüquqmüəyyənedici sənəd üzrə (Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır.) nəzərdə tutulmuş torpaq sahəsi iddiaçının faktiki naturada göstərərək iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür.Bu iş üzrə ekspert rəyi, iş materiallarının 162-164-cü vərəqində olan bölgü sxemi, torpaq sahəsinin planı, “ortofoto”, həmçinin iddiaçının vəkilinin (nümayəndəsinin) və cavabdehin nümayəndəsinin izahatları ilə təsdiqini tapmışdır.

45. Belə ki, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-452/2023 saylı qərarındakı hüquqi mövqeyə əsasən məhkəmə-mühəndis-texniki ekspertizası təyin olunmuşdur.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi ilə müəyyən olunmuşdur: -bağ sahəsi koordinat sistemində verilmədiyindən və həmçinin eyni bağ nömrəsi digər fiziki şəxs adına qeydiyyatdan keçdiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Nümayəndənin şərti olaraq iddia etdiyi torpaq sahəsi 0.1175 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. -Bağ sahəsinin ölçüləri və naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. -Vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların hər hansı ayrıc aktı mövcud deyil. Qeyd olunan ərazi **********01 reyestr nömrəli "xxxx" MMC- nin istifadəsində olan ərazilərdir.

46. Həmçinin, yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, verilən suallara cavabında bildirmişdir ki, iddiaçı naturada öz yerini sənəd üzrə iddia etmir, iddiaçının sənəd üzrə yeri naturada göstərdiyi yer deyildir.İddiaçı tamamilə başqa yeri göstərir və iddia edir.Yəni sənəd üzrə yeri başqadır, göstərdiyi torpaq sahəsi isə başqadır və "xxxx" MMC-nin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsinin hüdudları daxilindədir.

47. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Həmçinin, verilən suallara cavabında bildirmişdir ki, əvvəlki apellyasiya baxışında ekspertiza ilə müəyyən olunmuşdur ki, iddiaçının yeri "xxxx" MMC-nin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsi ilə üst-üstə düşmür.İddiaçı naturada öz yerini ona görə sənəd üzrə iddia etmir ki, iddiaçının sənəd üzrə həqiqi yeri, yəni naturada başqa şəxsin adına qeydiyyata alınmışdır və istifadəsindədir.

48. Bundan başqa iş materiallarının 162-164-cü vərəqində olan bölgü sxemi, torpaq sahəsinin planı və “ortofoto” iş üzrə ekspert rəyi, iddiaçının vəkilinin (nümayəndəsinin) və cavabdehin nümayəndəsinin izahatları, eləcə də işin digər halları ilə birgə tədqiq edilərək nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusu əsasında xx.xx.2021-ci il tarixli texniki baxışın nəticələrinin düzgünlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi ilə də uyğun olmaqla yanaşı işin yuxarıda qeyd edilən halları ilə də təsdiqini tapır.

49. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusu əsasında xx.xx.2021-ci il tarixli texniki baxışın nəticələrinə əsasən müəyyən olunmuşdur ki, sənəd üzrə (Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır.) nəzərdə tutulmuş torpaq sahəsinin cənub tərəfi qonşu bağın hasarıdır, yol tərəfi qismən hasar, bir hissəsi isə hasaraltı bünövrədir.Digər iki tərəflərin sərhədləri isə şərtidir.Bağ sahəsində tikili mövcud deyildir.Bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq var.Belə ki, bölgü sxeminə əsasən 3506 saylı bağ sahəsi vətəndaş tərəfindən göstərilən ərazidən təqribən 3900 m.aralı cənub-şərq tərəfdə yerləşir.İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 285 saylı sərəncamı əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin ərazisində yerləşir.

50. Beləliklə, müəyyən olunur ki, iddiaçının sənəd üzrə (Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İKnin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır.) nəzərdə tutulmuş bağ sahəsi həqiqətən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin ərazisinin hüdudlarına düşmür, lakin başqa şəxsin adına daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçmişdir və bu faktı 14.05.2-24-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) də qeyd etmişdir.

51. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi bağ sahəsi başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür.

52. Müəyyən olunduğu kimi, bu qərarın 51-ci bəndində göstərilənlərə əsasən iddiaçı hüquqmüəyyənedici sənəd üzrə nəzərdə tutulmuş bağ sahəsini deyil, faktiki aidiyyəti olmayan başqa torpaq sahəsini göstərir və iddia edir.Bu səbəbdəndir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi hazırda faktiki naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşməməklə, başqa-başqa ərazilərdir.

53. İş üzrə müəyyən olunmuş bu hala münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

54. Yuxarıda qeyd olunan hal da iddiaçının faktiki göstərdiyi və iddia etdiyi bağ sahəsinə hüququnun yaranmaması qənaətini yaradır.Həmçinin qeyd olunduğu kimi, iddiaçının faktiki göstərdiyi və iddia etdiyi torpaq sahəsi Nardaran İnvest” MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin ərazisinin hüdudları daxilində yerləşir.

55. Belə olan halda, məhkəmə Kollegiyasının qənaətinə görə iddiaçıya mübahisəli bağ sahəsinə hüquqların məxsus olması barə arayışın verilməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.(maddə 23.1.)

57. Sonda məhkəmə Kollegiyası onu da qeyd edir ki, əvvəlki apellyasiya baxışı zamanı iş üzrə 2-1(103)- 123/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert rəyi ilə İddiaçı naturada istifadə etdiyi 0,2 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Həmçinin, X3 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatlarının Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir.

58. Məhkəmə Kollegiyası Bu Qərarın 46-50-ci bəndlərində göstərilənlərə əsaslanaraq və xx.xx.2022-ci il tarixli Ekspert rəyini həmin bənddə göstərilən digər sübutlarla yanaşı qiymətləndirərək xx.xx.2022-ci il tarixli Ekspert rəyi ilə razılaşmır.(Digər sübutlarla yanaşı nəzərə alsaq ki, sənəd üzrə nəzərdə tutulmuş bağ sahəsinin həqiqətən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin ərazisinin hüdudlarına düşmədiyini, lakin başqa şəxsin adına daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçdiyini, bu səbəbdən iddiaçı naturada öz yerini ona görə sənəd üzrə iddia etmədiyini 14.05.2-24-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) də qeyd etmişdir.)

59. Məhkəmə Kollegiyası həmçinin, Bu Qərarın 46-50-ci bəndlərində göstərilənlərə əsaslanaraq və xx.xx.2024-cü il tarixli Ekspert rəyini həmin bənddə göstərilən digər sübutlarla yanaşı qiymətləndirərək xx.xx.2022-ci il tarixli Ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.

60. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

61. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

62. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

63. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(82)999/2019 nömrəli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(82)999/2019 nömrəli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar