Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1310/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu va X5 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “pensiya fərqinin ödənilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1431/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1431/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya 2007-ci ildən deyil, 1993-cü ildən etibarən yenidən hesablanmalı idi. Bununla əlaqədar olaraq məhkəmə qərarın 4-cü səhifəsində qeyd edir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən açıq-aydın şəkildə Qanun dəyişdirilmiş, doğru olmayan məlumata istinad edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci ilə qədər olan redaksiyasının 32.1-ci maddəsində deyilirdi: yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bundan əlavə, iddiaçı pensiyaya çıxdığı zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 45ci maddəsinə əsasən, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Yəni heç bir halda, heç bir dövrün qanunvericiliyi 2015-ci ildə müraciət edən pensiyaçıya 1993-cü ildən pensiya hesablanmasına icazə vermir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2397/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-158/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019- cu il tarixli, 2-1(103)- 2397/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinə uyğun izahat verərək qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının əlilliyi aldığı xx xxxx 1993-cü il tarixdən hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı **********6 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci cə 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən pensiya qanuna müvafiq olaraq xx.xx.2007-ci il tarixdən yenidən hesablanmış və yaranmış pensiya fərqi 2 ay ərzində (2016-cı ilin aprel və may aylarında) pensiya üzərinə əlavə olunmaqla ödənilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X4 İş İdarəsinə (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X3 İdarəsi) qarşı xx xxxx 1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx xxxxxx 2007-ci il tarixədək hərbi qulluqçuların pensiya təminatı məsələlərinə Fondun cavabdehlik daşımamasına istinad etməsi qanunsuz və əsassız olmuşdur.Gəldiyi nəticəni birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əsasnaməsi”nin 8.5, 8.6, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən hansı sübut əsasında faktın, yəni iddiaçının ümumi əsaslarla ikinci qrup əlil olduğunun müəyyən edilməsi aydın deyildir. Halbuki, iddiaçıya 1993-cü il tarixində hansı növ pensiyanın və hansı qaydada təyin edilməsinin araşdırılması o səbəbdən zəruridir ki, 1993-cü il tarixindən yaranmış pensiya fərqinin ödənilməsi üçün pensiya təyin edən orqanların təqsiri üzündən onun düzgün olaraq hesablanmaması müəyyən edilməli idi. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hərbi qulluqçu olaraq, xx.xx.1992-ci ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. İddiaçıya xx.xx.1993-cü ildə ikinci qrup əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı Müdafiə Nazirliyinin əsgəri, xx.xx.1992-ci ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuşdur, cəmi təminatı 474,00 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və X4 İş Departamentinə müraciət edərək əlilliyə görə pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 15/3124 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2015-ci il tarixədək 203.47 AZN pensiya ödənilmişdir. Pensiya ödənişi xx.xx.2015-ci il tarixdən dayandırılmışdır. 15/2708-020331 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X4 İş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 20.16.1-ci maddəsinə əsasən 2-ci qrup əlil kimi əmək pensiyası xx.xx.2015-ci il tarixdən ömürlük 379,20 manat məbləğində təyin edilmiş; xx.xx.2007-ci il tarixdən isə yenidən hesablanmış və xx.xx.2016-cı ildən ömürlük 407 manat 20 qəpik məbləğində pensiya təyin olunmuşdur. Zamana görə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 45-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara — xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə - ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara — əlilliyin müəyyən edildiyi gündən; (...) Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir; - 46-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır. Həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir, - 49-cu maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Sadalanan normaların tələblərinə görə, əlil olmuş hərbi qulluqçulara pensiya əlilliyin müəyyən edildiyi gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilməlidir. Yəni həmin maddənin zamana görə tətbiqi müvafiq olaraq keçmiş müddət üçün pensiya fərqinin ən çoxu 12 ay üçün ödənilməsini nəzərdə tutmuşdur. Lakin Qanunun 49-cu maddəsi “Keçmiş müddət üçün pensiyaların ödənilməsi” qaydasını aşağıdakı kimi müəyyən etmişdir: (1) hesablanmış və vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilməsi; (2) pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğlərinin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməsi. Qeyd edilən maddənin məzmunu onu ehtiva edir ki, əgər pensiya məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya təyin edən orqanların təqsiri üzündən düzgün olaraq hesablanmamışdırsa, bu halda pensiya məbləğində yaranmış fərq keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir. Maddənin tələblərinin tətbiqi isə o anlamı yaradır ki, hərbi qulluqçu pensiyanın təyin edilməsi üçün müraciət etmiş, ona müvafiq pensiya təyin edilmiş, lakin sonradan pensiyanın düzgün hesablanmadığının pensiya orqanının təqsiri üzündən baş verdiyi müəyyən olunduğu təqdirdə, həmin məbləğ keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməlidir. Göründüyü kimi zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 1993-cü ildən təyin edilmiş əmək pensiyasının düzgün hesablanmaması pensiya təyin edən orqanların təqsiri üzündən baş verdiyi müəyyən olunduğu halda, pensiyanın təyin edilməsi günündən yaranmış fərq ona ödənilməlidir. Kassasiya məhkəməsinin göstərişi ilə əlaqədar təkrar apelyasiya baxışı zamanı tələb edilmiş iddiaçıya aid pensiya işinin surəti tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçı müharibə əlili kimi 1993-cü ildə təyin edilsə də, sonradan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və X4 İş Departamentinə ünvanlandığı xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən ona hərbi qulluqçu kimi xx.xx.2015-ci il tarixdən pensiya yenidən hesablanmışdır. İşin həqiqi hallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi məsələ onun hərbi vəzifəsi və hərbi xidmətdə olduğu müddətlərlə bağlı hesablanmalı olan və təminat xərcliyində əks olunmuş məbləğlərə aiddir. Yəni iddiaçının mübahisələndirdiyi məsələ pensiya təyin edən orqanların təqsiri üzündən vaxtında almadığı pensiya məbləğinin düzgün hesablanmamasına aid olmamışdır ki, müddət məhdudiyyəti tətbiq edilməsin. Dolayısı ilə hüququn 1993-cü ildə yaranması əsası ilə pensiyanın yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi barədə iddia tələbi qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarına uyğun olmadığı kimi qiymətləndirilməlidir. Göstərilən hüquqi əsaslara görə məhkəmə kollegiyası məhkəmənin iddia tələbinin tam təmin edilməsi nəticəsini qanunamüvafiq hesab etmir. İddiaçının tələbinin qismən təmin edilməsinin hüquqi əsaslarına münasibətdə məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarından göründüyü kimi, iddiaçıya yeni təminat xərcliyinə dair məlumat əsasında pensiya məbləğində yaranmış fərq xx.xx.2007-ci ildən hesablanmaqla ödənilmişdir. xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra mətndə - Qanun) mübahisəli məsələ aşağıdakı kimi tənzimlənmişdir: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün, (...) təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Maddələrin tələblərindən göründüyü kimi, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilməlidir. İstinad edilən Qanunda əvvəlki qannvericiliyin tələblərinin tətbiqi yalnız güzəştli şərtlərlə pensiya təminatı hüququna aid olan həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilənlər isə o nəticəni yaradır ki, göstərilmiş Qanun yalnız onun qüvvəyə mindiyi tarixdən yaranmış hüquqi münasibətlərə tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi maddələr “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə əlavə edilmiş və 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Belə ki, istinad olunan Qanunun: - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddələrin tələblərindən göründüyü kimi, həmin Qanunun tələbləri yalnız onun qüvvəyə mindiyi tarixdən tətbiq edilməli və keçmiş müddət üçün alınmamış pensiya məbləği yalnız əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Bu maddələrin tələblərinin tətbiq edilməməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəa, həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “«Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.” Bununla da məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğun deyildir. Yəni, pensiya məbləğindəki fərq iddiaçıya xx xxxxxx 2006-cı il tarixindən hesablanmaqla ödənilməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1431/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan pensiya fərqi məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Valeh Ağayev Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1310/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1310/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver