Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1310/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı mənzilə çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4982/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mülkiyyətində olan Aşıq Ələsgər küçəsi 2 nömrəli binanın qarşısında yeni tikili doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində 30 nömrəli mənzilin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmni olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, fərdi sahibkar X2 11.10.2017-ci il tarixdə 3M-761 nömrəli notarial müqavilə əsasında Xətai rayonu Aşıq Ələsgər küçəsi 2 saylı yaşayış binasının yaxınlığındakı yeni tikili doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində 30 saylı 51 kvadrat mənzili 36.000 manat ödəməklə almışdır və 2019-cu ilin avqustun 17-dən həmin mənzildə daimi yaşamağa başlamışdır. Yaşadığı müddət ərzində "xxxx" ASC tərəfindən qızı Səlimova Firəngiz abonent kimi qeydiyyata alınmış və mütəmadi ödənişlər aparılmışdır. Eyni zamanda, dekabr ayında "xxxx" QSC tərəfindən su sayğacı (smart kartla işləyən) quraşdırılmışdır və mütəmadi olaraq ödənişlər edilir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, satıcı X4 ilə alıcı iddiaçı arasında bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Kontorunda təsdiq edilmiş 11.10.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilənin surətinə görə, tərəflər 10.08.2018-ci il tarixədək Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 09.09.2016-cı il tarixli 294 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 2 saylı yaşayış binasının yaxınlığında inşa edilən 9 mərtəbəli fərdi yaşayış evinin 7-ci mərtəbəsindəki ümumi sahəsi 51 kv.m. olan (eyvan və arakəsmələr daxil olmaqla) 2 otaqdan ibarət şərti nömrəsi 30 olan mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra 36.000 manata alıcıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Məhkəmə kollegiyası bildirir ki, iddianın qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsi təşkil edir. Məhz adıçəkilən normada sadalanan sənədlər, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri (hazırkı işdə 8.0.3-cü maddədə sadalanan sənədlər) qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun belə bir əsas kimi istinad etdiyi 11.10.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə isə 8.0.3-cü maddədə əksini tapan daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə deyil. Belə ki, sözügedən norma ilə nəzərdə tutulan müqavilə mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyini təsdiq edən alqı-satqı müqaviləsidir, 11.10.2017-ci il tarixli müqavilə isə daşınmaz əmlakın alqı-satqısına deyil, bu barədə götürülən öhdəliyə dairdir. Belə ki, AR Mülki Məcəlləsinin: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər; 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır; 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, qeyd olunanlardan əlavə, mübahisəli mənzildə istehlak olunan su və elektrik enerjisinə görə müqavilə bağlanması və pul ödənilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsasları əvəz etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin daşınmaz əmlakın alqısatqısına dair ilkin müqaviləyə əsasən iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsinə əsaslanan 21.02.2020-ci il tarixli **********15 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessaul hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4982/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1310/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1310/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver