Məhkəmə qərarları › İş №2-1(103)-1310/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1310/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1310/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1, qanuni təmsilçisi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6863/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********141400 nömrəli qərarına əsasən vergi ödəyicisi Maraqlı şəxs MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********054500 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixə 112387,04 manat riskli alış üzrə artan yekunla 108480,46 manat əvəzləşmə məbləği azaldılmaqla hesablama aparılmışdır. "xxxx" QSC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarıldığını nəzərə alaraq 18738,79 manat müvafiq alışın əvəzləşməyə bərpa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 noyabr 2023-cü il tarixli **********938500 nömrəli və 02 iyun 2023-cü il tarixli **********144100 nömrəli qərarn ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “25 yanvar 2024-cü il tarixli, **********054500 nömrəli qərarın şikayətlər üzrə təmin edilməmiş hissəsinə münasibətdə, yeni Maraqlı şəxs MMC ilə olan müvafiq alışların riskli hesab edilməməsi və 108.480 AZN dəyərində məbləğin əvəzləşməyə bərpa edilməsi” kimi göstərilməsi” kimi dəqiqləşdirilmişdir.

5. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 yanvar 2024-cü il tarixli, **********054500 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli UN/GM-0405 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-dən və xx.xx.2022-ci il tarixli ES29\09\22 saylı Alqı-Satqı müqaviləsi ilə Maraqlı şəxs MMC-dən mal alışı həyata keçirmişdir. Qeyd edilən tərəfdaşlarla alqı-satqı əməliyyatları müqavilə tarixinə aparılmış, elektron-qaimə daxil olmaqla sənədləşmə və təhvil-təslim yekunlaşmış, müvafiq hesabatlarda öz əksini tapmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiqlənmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" haqqında normativ akta əsasən "xxxx" QSC xx.xx.2023- cü il tarixli **********236700 nömrəli və Maraqlı şəxs MMC xx.xx.2023-cü tarixli **********141400 nömrəli qərarlarına əsasən riskli vergi ödəyicisi kimi qeydiyyata alınmış və bu barədə məlumat DVX-nin məlumat bazasında əks etdirilmişdir. İddiaçı MMC-nin "xxxx" QSC ilə olan sonuncu alış e-qaiməsi xx.xx.2022-ci il tarixinə və Maraqlı şəxs MMC ilə olan sonuncu alış e-qaiməsi xx.xx.2023-cü il tarixinə olmasına baxmayaraq qeyd edilən qərarlardan sonra isə DVX həmin şirkətlərlə aparılmış əməliyyatlara riskli əməliyyat statusu verərək kanarlaşma kimi qeydə alaraq əvəzləşmələri ləğv etmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qanuni rəsmiləşdirilən alışlar həyata keçirilmişdir. DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 21 noyabr 2023-cü il tarixli **********938500 nömrəli qərar çərçivəsində yuxarıda qeyd olunan tarix ərizində əldə edilmiş elektron qaimə fakturalar üzrə 951359.8 manat məbləğ xərclərdən azaldılmış və 105297.88 manat məbləğ əlavə mənfəət vergisi hesablanmışdır. DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni əməliyyat çərçivəsində 02 iyun 2023-cü il tarixli **********144100 nömrəli qərar ilə 108465.72 manat məbləğ ƏDV əvəzləşməsindən azad edilmiş və həmin məbləğ qədər əlavə ƏDV vergisi hesablanmışdır. İddiaçı MMC tərəfindən edilən şikayətlərdən sonra DVXnın 25 yanvar 2024-cü il tarixli **********054500 nömrəli qərarı ilə "xxxx" QSC riskli vergi ödəyiciləri siyahısından çıxarılaraq və 18.738,19 AZN məbləğində müvafiq alışın əvəzləşməyə bərpa edildiyi bildirilmişdir. Halbuki, Maraqlı şəxs MMC ilə bağlı qərar dəyişdirilmədən saxlanmışdır. Qeyd edilənlərə bağlı bir neçə dəfə DVX yə rəsmi müraciət ünvanlasaq da xidmət tərəfindən hüquqi əsaslandırılmış cavab ala bilməmişdir. Nəticədə, İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək aparılmış, lakin Maraqlı şəxs MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2023cü tarixdə qəbul olunmuşdur.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2020-xx.xx.2023cü illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş 498 482,94 manat dəyərində (ƏDV-si 89 726,93 manat) elektron qaiməfakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli 2023-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə "Global Technology Services" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən əvəzləşmə üçün təqdim olunmuş 81,48 manat dəyərində (ƏDV-si 14,67 manat) EBDA seriyalı 666913 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********088700 nömrəli və xx.xx.2023-cü il tarixli **********817100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə 89 741,53 manat əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********570300 nömrəli və xx.xx.2024-cü il tarixli **********143000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6863/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicisinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicsi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən Maraqlı şəxs MMC (**********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6863/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2020-xx.xx.2023-cü illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərdən əldə edilərək əvəzləşdirilmiş 498 482,94 manat dəyərində (ƏDV-si 89 726,93 manat) elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlarına əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli 2023-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə "Global Technology Services" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən əvəzləşmə üçün təqdim olunmuş 81,48 manat dəyərində (ƏDV-si 14,67 manat) EBDA seriyalı 666913 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********088700 nömrəli və xx.xx.2023-cü il tarixli **********817100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə 89 741,53 manat əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********570300 nömrəli və xx.xx.2024-cü il tarixli **********143000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Həmçinin xüsusi olaraq qeyd olunur ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Metan Ticarət və Tikinti» MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə iddia ərizəsinə uyğun yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının əvvəlki iclasında cavabdeh elektron kabinet vasitəsilə yazılı vəsatət verərək, inzibati iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə, İddiaçı MMCnin rəhbərinin və həmin cəmiyyət ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC-nin əməkdaşının şahid qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin olunmuşdur.

14. Məhkəmə iclasında İddiaçı MMC-nin qanuni təmsilçisi və iddiaçının nümayəndəsi iştirak etmiş və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Lakin, iddiaçı ilə qarşılıqlı əməliyyat aparmış riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMCnin əməkdaşı məhkəmə iclasında iştirak etməmişdir.

15. Məhkəmə Kollegiyasın iclasında İddiaçı MMC-nin qanuni təmsilçisi X4 məhkəmə Kollegiyasının verdiyi suallara cavabında əlavə olaraq bildirmişdir ki, hazırkı iddianın qaldırılmasından məlumatlıdır, iddianı müdafiə edir və apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı,soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

24. Hazırkı işdə iddiaçının hüquqi marağı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 yanvar 2024-cü il tarixli, **********054500 nömrəli qərarının” ləğvinə yönəlmişdir.

25. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Mübahisələndirilən qərara nəzər yetirdikdə görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hallar isə iddiaçının yuxarıda adıçəkilən vergi ödəyicisi ilə apardığı əməliyyatlar nəticəsində əldə etdiyi mallara dair elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaktlarının müəyyən edilməməsi, yəni həmin malların alınmasını təsdiq edən sənədlər olmadan satılması ilə bağlı olmuşdur.

26. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktın əsassız olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməli, iddiaçı ilə həmin şəxslər arasında yaranan münasibətlərin hansı tarixə dayandığı, həmin tarixdə adıçəkilən şəxslərin riskli vergi ödəyicisi olub-olmaması istiqamətində araşdırma aparılmalıdır.

27. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.

28. Mübahisənin yaranmasının səbəbi Maraqlı şəxs MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır.

29. .Belə ki, Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********141400 nömrəli qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.

30. Həmin əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

31. İddiaçı ilə Maraqlı şəxs MMC arasında əməliyyatın sonuncunun riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparıldığına istinad edilmişdir. Halbuki əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatların əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

32. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatları əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2208/2023 nömrəli qərarı).

33. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.

34. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı ilə Maraqlı şəxs MMC ilə arasında mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir.

35. Göründüyü kimi cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxslər arasında münasibətlər yarandığı və əməliyyatlar aparıldığı zaman adıçəkilən şəxs riskli vergi ödəyicisi hesab olunmamışdır.

36. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının adıçəkilən hüquqi və fiziki şəxslər ilə müqavilə münasibətləri yarandığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxsin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyicisi olmasının ehtimal edilməsi mümkün olmamışdır.

37. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır.

38. Həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi.

39. Bundan başqa Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına (hazırki işdə iddiaçıya) münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

40. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

41. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir

42. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

43. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

44. Bununla belə, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, "Maraqlı şəxs MMC-nin riskli vergi ödəyicisi olması işin mübahisələndirilməyən halıdır. Bununla bərabər iddiaçı ilə Maraqlı şəxs MMC arasında mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir.

45. Həmçinin, apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyasın iclasında İddiaçı MMC-nin qanuni təmsilçisinin iştirakı da təmin olunmuş və qanuni təmsilçi X4 məhkəmə Kollegiyasının verdiyi suallara cavabında əlavə olaraq bildirmişdir ki, hazırkı iddianın qaldırılmasından məlumatlıdır, iddianı müdafiə edir və apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6863/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6863/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar