Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1311/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2020 saylı 17 noyabr 2020ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. 854594 saylı diplomun surətindən görünür ki, İddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis qeoloqiya və hidroqeoloqiya” ixtisası üzrə tam kursu bitirmişdir. Ona məxsus ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 01.06.1985-ci ildən 06.06.1987-ci ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 08-204 saylı 03 sentyabr 2020-ci il tarixli arayışına əsasən İddiaçı 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun “Geoloji kəşfiyyat” fakültəsinin əyani şöbəsinin “Mühəndisi geologiya və hidrogeologiya” ixtisası üzrə 1 kursa qəbul olunmuş (əmr №02/975, 05.08.1989-cu il) və 1994-cü ildə həmin ixtisas üzrə tədris planını tam yerinə yetirərək “dağ mühəndisi hidrogeoloq” ixtisas dərəcəsi almışdır. İddiaçı 20.11.1984-cü ildə X5 şirə sexinin mövsüm fəhləsi təyin edilmiş, 23.04.1985ci ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmiş, 19.10.1987-ci ildə Aqrosənayetikinti 1 №-li trestinin TSMK 113 Birinci dərəcəli fəhlə işinə qəbul edilmiş, 09.12.1988-ci ildə Əzizbəyov adına AZİ hazırlıq şöbəsinə daxil olması ilə əlaqədar işdən azad edilmiş, 17.12.1988-M. Əzizbəyov adına Az.Neft və Kimya İnstitutunun əyani hazırlıq şöbəsinə dinləyici qəbul edilmiş, 15.07.1989-cu ildə-M.Əzizbəyov adına Az.Neft və Kimya İnstitutunun əyani şöbəsinin 1-ci kursuna tələbə qəbul edilmiş, 19.11.1990-cu ildə Nəsimi RDİŞ yanında Mühafizə Şöbəsinin gözətçisi təyin olunmuş, 07.05.1991-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 01.07.1991-ci ildə “Təmirtikintidizayn” 1№-li İTTQİ 2-ci dərəcəli fəhlə qəbul edilmiş, 01.10.1991-ci ildə-təşkilatın ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, 14.04.1992-ci ildə Nizami rayon Mühafizə şöbəsində gözətçi kimi təyin edilmiş, 16.09.1992-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 13.11.1992-ci ildə 1№-li qazanxana sahəsinə operator vəzifəsinə qəbul edilmiş, 01.04.1993-cü ildə-istilik mövsümünün bitməsi ilə əlaqədar işdən azad edilmiş, 28.07.1994-cü ildə Azərbaycan Neft Akademiyasının geoloq-kəşfiyyatçı fakültəsini bitirmiş, 08.10.1994-cü ildə “Neft Daşları” NQÇİ-də quyuların tədqiqatı üzrə operator vəzifəsinə qəbul edilmiş, 19.01.1997-ci ildə həmin sexin 4-cü dərəcəli neft qaz çıxarma üzrə operatoru peşəsinə keçirilmiş, 01.07.1998-ci ildə idarəetəmə aparatının emal şöbəsinə 9-cu dərəcəli geoloq peşəsinə keçirilmiş, 01.06.2001-ci ildə 10-cu dərəcəli geoloq verilmiş, 01.09.2009-cu ildə İdarə aparatı NQÇİyə 12-ci dərəcəli mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, 21.08.2011-ci ildə vəzifə adı dəyişdirilərək Neft-qaz yataqlarının işləməsi şöbəsinin 12-ci dərəcəli Neft və qaz yataqlarının işlənməsi üzrə geoloqu hesab edilmiş, 15.05.2014-cü ildə 1 saylı neft və qazçıxarça sahəsinə 12-ci dərəcəli geoloq vəzifəsinə keçirilmiş, 01.06.2017-ci ildə 1 saylı neft və qazçıxarça sahəsinə 11-ci dərəcəli geoloq vəzifəsinə keçirilmiş və 12.05.2020-ci ildən hal-hazıradək personalın uçotu şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********8 saylı 27.11.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 17.02.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan Əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 6 ay 13 gün ümumi iş stajı, 11 il 2 ay 23 gün zərərli iş stajını tamamlamışdır. Ona görə 52 yaşı tamam olan tarixdən, yəni 17.02.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazının məzmunu iddiaçının tələbinin təmin olunmasından imtina barədə verilmiş məktubun məzmunu ilə eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2020 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni 17 fevral 2019-cu il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəsinə əlavə etdiyi sənədləri tam araşdırmadan iddianı təmin etməmişdir. Qərar qəbul edərkən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən çox olduğunu, güzəştli şərtlərlə iş stajının 10 ildən az olduğuna istinad etmişdir. Əmək kitabçasının 10-13 səhifəsində qeyd edilmiş 01.07.1998-ci ildən 01.09.2009-cu ilədək işlədiyi dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin siyahısı"nın 10-cu bölməsinin 2-ci yarımbölməsinin b bəndinə deyil, 10-cu bölməsinin 1-ci yarımbölməsinin b bəndinə aiddir (sıfır. 1100000-17541). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın tətbiqi barədə 04/05- 3402 saylı 08 noyabr 2007- ci il tarixli təlimatlı məktubunun 5 və 6-cı bəndlərində misallarla göstərilmişdir. Qərar qəbul edilərkən həmin məktubun göstərişləri nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavənin də məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 17.02.2019-cu il tarixdən yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olmasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 il olmasına baxmayaraq, onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməməsinə, belə ki, işəgötürən tərəfindən məhkəmə sorğusuna cavab olaraq iddiaçının işlədiyi “geoloq” peşəsi üzrə sahənin güzəştli iş stajına imkan verən sahəyə aid olmamasının bildirildiyinə istinad edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixə qədər qazanmış olsun. 01.01.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili təsdiq edən sənədi, hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş SOCAR “Azneft” İB “Neft Daşları “ Neft və qazçıxarma idarəsinin QM01-İM13Ə saylı 02 iyul 2020-ci il tarixli arxiv arayışından görünür ki,”Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərlə, 1994-2020-ci illər üçün əmək haqlarının şəxsi hesbalarında, 2020-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1967-ci il tarixdə anadan olmuş İddiaçı işləməsi barədə məlumatlar mövcuddur. 08.10.1994- 19.01.1997-ci ilədək 1 saylı Neftqazçıxarma sexində quyuların tədqiqatı üzrə operator 4-cü dərəcəli (şifr1100000a-15832); 19.01.1997- 01.07.1998-ci ilədək 1 saylı Neftqazçıxarma sexində neft və qaz hasilatı üzrə operator 4cü dərəcəli (şifr 1100000a-15824); 01.07.1998-01.06.2001-ci ilədək idarə aparatında 9-cü dərəcəli geoloq; 01.06.2001- 21.04.2003-cü ilədək idarə aparatında 10-cu dərəcəli geoloq; 21.04.2003-01.09.2009- QƏYTS-də 12-ci dərəcəli geoloq; 01.09.2009-21.08.2011—idarə aparatında 12-ci dərəcəli mühəndis texnoloq; 21.08.2011-15.05.2014-idarə aparatında 12ci dərəcəli neft və qaz yataqlarının işlənməsi üzrə geoloq; 15.05.2014-01.06.2017- Neftqazçıxarma sexində 12-ci dərəcəli geoloq; 01.06.2017-hal-hazıradək Neftqazçıxarma sexində 11-ci dərəcəli geoloq vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı istehsalatın, peşə və vəzifələrin 1 saylı siyahısının X bölməsinin, 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş stajı: 08.10.1994-19.01.1997 (şifr 1100000a- 15832) quyuların tədqiqatı üzrə operator peşəsi üzrə iş stajı 02 il 03 ay 11 gün təşkil edir; 19.01.1997-01.07.1998 (şifr 1100000a-15824) neft və qaz hasilatı üzrə operator peşəsi üzrə iş stajı 01 il 05 ay 12 gün təşkil etmişdir. İT seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə 20.11.1984-cü ildə başlamış və yuxarıda qeyd olunan müxtəlif peşələrdə işləmişdir. Apellyasiya baxışı zamanı iddiaçı onun işləmiş olduğu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulduğuna istinad edərək ona cavabdeh inzibati orqan tərəfindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməməsini mübahisələndirdiyi üçün məhkəmə kollegiyası tərəfindən SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-yə müvafiq sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq “SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ Pux saylı 21.06.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı 08.10.1994-19.01.1997-ci illərdə 1 saylı Neftqazçıxarma sexində quyuların tədqiqatı üzrə operator peşəsində (1 saylı Siyahı, şifr 1100000a-15832, Bölmə X, yarımbölmə 2a) 02 il 03 ay 11 gün, 19.01.1997- 01.07.1998-ci ilədək 1 saylı Neftqazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində (1 saylı Siyahı, şifr 1100000a-15824, Bölmə X, yarımbölmə 2a) 01 il 05 ay 12 gün işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatın, peşə və vəzifələrin 1 saylı Siyahısı”nın X bölməsinin, 2a yarımbölməsinə əsasən “Neft Daşları” NQÇİ-nin 1 saylı Neft qaz çıxarma sexində quyuların tədqiqi üzrə operatoru və neft və qaz hasilatı üzrə operator peşələrində 01.01.2006-cı ilə qədər dəniz şəraitində güzərşli şərtlərlə iş stajı 03 il 08 ay 23 gün təşkil etmişdir. Daha sonra sorğuya cavab məktubunda göstərilmişdi ki, İddiaçı 07.07.1998- 21.04.2003-cü illərdə İdarəetmə aparatının Neft və qaz yataqlarının işlənməsi şöbəsinin geoloq vəzifəsində işlədiyi müddət 05 il 09 ay 20 gün, 21.04.2003-01.09.2009-cu illərdə Quyuların əsaslı və yeraltı təmiri sexində geoloq vəzifəsində işlədiyi müddət 06 il 4 ay 20 gün, 01.09.2009-21.08.2011-ci illərdə İdarəetmə aparatının Neft və qaz yataqlarının işlənməsi şöbəsinin mühəndis texnoloq vəzifəsində işlədiyi müddət 01 il 11 ay 20 gün, 21.08.2011-15.05.2014-cü illərdə İdarəetmə aparatının Neft və qaz yataqlarının işlənməsi şöbəsinin Neft və qaz yataqlarının işlənməsi üzrə geoloq vəzifəsində işlədiyi müddət 02 il 08 ay 24 gün təşkil edir. İddiaçı 15.05.2014-cü il tarixdən hal-hazıra qədər 1 saylı Neft və qazçıxarma sahəsində geoloq vəzifəsində işləyir. Onun qeyd edilmiş peşələrdə çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatın, peşə və vəzifələrin 1 saylı Siyahısı”nın X bölməsinin, 2a yarımbölməsinə əsasən “Neft Daşları” NQÇİ-nin 1 saylı Neft qaz çıxarma sexində quyuların tədqiqi üzrə operatoru və neft və qaz hasilatı üzrə operator peşələri ilə eynilik təşkil etmir və bu vəzifələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatın, peşə və vəzifələrin 1 saylı Siyahısı”nın X bölməsinin, 2 yarımbölməsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi “geoloq” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə və peşəyə aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiqlənməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşdan, yəni 17.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da nəzərə alır ki, iddiaçının sözügedən tələbinin təmin olunmaması onun “hazırki dövrə qədər yaranmış pensiya fərqinin ödənilməsi” barədə tələbinin də təmin olunmasını mümkünsüz edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən birincisi, yəni onun “20 il ümumi stajının olması” şərti təmin olunsa da, digər- 10 il xüsusi (güzəştli) stajının olması şərti tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1128/2020 saylı 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1311/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1311/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver