Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1311/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisindəki 34833 saylı müqavilə ilə 857 “ç” nömrəli 12 sot bağ torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, 24 fevral 2022-ci il tarixli mütəxəssis rəyinin verilməsi barədə qərardadının icrasını təmin etmədiyinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 200 (iki yüz) manat məbləğində cərimə təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən 200 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-970/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərardadı idarəyə məlumat üçün daxil olmuşdur. Bu barədə məhkəməyə **********30 saylı, xx.xx.2022-ci il tarixli məktubla hesablanmış xidmət haqqı əlavə olunan smeta əsasında ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi haqqında məlumat verilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 970/2022 saylı, 23 avqust 2022-ci il tarixli “qərardadın icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə” xəbərdarlığı xx.xx.2022-ci il tarixdə İdarəyə daxil olmuşdur. Bu barədə məhkəməyə **********97 saylı, xx.xx.2022-ci il tarixli məktubla Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi haqqında məlumat verilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən məhkəməyə müvafiq məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının 2-ci səhifəsində həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-970/2022 saylı qərardadının icra edilmədiyinin aşkar olduğu qeyd edilməsinə baxmayaraq, müvafiq səhifədə İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********30 saylı, xx.xx.2022-ci il tarixli və **********97 saylı, xx.xx.2022-ci il tarixli məktublar haqqında məhkəmənin özü tərəfindən ətraflı məlumat qeyd edilmişdir. Göstərilən hallardan göründüyü kimi, müvafiq qərardadın icra edilməsi ilə bağlı məhkəməyə rəsmi olaraq dəfələrlə və ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, İdarə tərəfindən göndərilən məktublar nəzərə alınmamış, prossesual hüquq normaları kobud surətdə pozulmuş və İdarəyə cərimə təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları və müvafiq qərardadın İdarə tərəfindən icra olunmasını nəzərə almamış və qanunsuz olaraq İdarənin cərimə edilməsi barədə qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, öhdəliyin icra olunması halı və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə aşağıdakı məsələlər üzrə mütəxəssis rəyinin verilməsi tapşırılmışdır: Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən İddiaçı adına ayrılmış 857 “ç” saylı 12 sot bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin koordinatlar üzrə yerləşmə sxemi və sahəsinin (ölçüsü) müəyyən edilsin; Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən İddiaçı adına ayrılmış 857 “ç” saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi hazırda hər hansı şəxsin istifadəsindədirmi və ya hər hansı digər şəxsə məxsus hüquqmüəyyənedici sənədlərlə üstüstə düşürmü (düşürsə hansı hissədə)? Həmin koordinatların dəyişdirilmədi, dəqiqləşdirilməsi və ya mövcud olduğu təqdirdə uyğunsuzluğun aradan qaldırılması mümkündürmü? Bakı şəhəri, Binəqədi rayonu, Görədil ərazisində yerləşən İddiaçı adına ayrılmış 857 “ç” saylı bağ sahəsinin həqiqi ərazisi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? İş materiallarında olan cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********59 nömrəli mütəxəssis rəyinin verilməsi ilə əlaqədar məktubunda qeyd edilmişdir: tədqiqat obyektinə müayinə edilməsi üçün İdarənin müvafiq şöbəsinin mühəndis-inventarlaşdırıcısı X2 iştirakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin ediləcəkdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********30 nömrəli mütəxəssis rəyi və mübahisəli ərazinin koordinatlarının verilməsi ilə bağlı məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki invertarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri”nin Xlll bəndində torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, hesablanmış xidmət haqqı əlavə olunan smeta əsasında ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Həmin məktuba qoşma olaraq məhkəməyə təqdim edilmiş smetada xidmət haqqı 215 manat göstərilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu və bildirişindən görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə xəbərdar edilmiş, qərardadın məcburi icrası məsələsinə dair məhkəmə iclası 29 sentyabr 2022-ci il tarixinə təyin edilmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinin verilməsi bağlı məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki invertarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri”nin Xlll bəndində torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5-ci maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı cavabdeh tərəfindən icra edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Cavabdeh inzibati orqan dövlət orqanıdır və qeyd olunan məsələlərlə bağlı müvafiq mütəxəssis rəyinin verilməsi onun səlahiyyətlərinə aiddir. Qərardadda qeyd olunan məsələlərlə bağlı sənədlər və vasitələr dövlət orqanı olaraq cavabdehin sərəncamındadır (bağların sxematik xəritəsi, ərazinin koordinatlarının müəyyən edilməsi, ərazidə qeydiyyata alınmış digər daşınmaz əmlakın mövcud olub-olmaması barədə məlumat, torpaq sahələri arasında uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması və sair). Cavabdeh qeyd olunan qərardada əsasən mütəxəssis rəyini verməli, bu mümkün olmadıqda isə bu barədə məhkəməyə məlumat verməli idi. Məhkəmə xərcləri isə məhkəmə qərarına əsasən proses iştirakçılarına aid edilməklə cavabdehin hesabına ödənilə bilər. Lakin uzun müddət ərzində cavabdeh tərəfindən qərardad icra olunmamış, bu da məhkəmə mübahisəsinin uzun müddət həll edilməmiş qalmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1311/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1311/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver