Məhkəmə qərarları › İş №2-1(103)-1311/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1311/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1311/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11301/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 57 yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 57 yaşdan, yəni 18 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 1979-cu ildən əmək fəaliyətinə başlamış, 01 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Sığorta stajına daxil olan dövrlər aşağıdakı kimidir: 01 iyun 1979-cu il tarixdən 23 oktyabr 1980-ci il tarixədək Ucar rayonu (Əlikənd kəndi) «Yeni yol» kolxozunda kolxozçu işləmişdir - (1 il 4 ay 23 gün), 24 oktyabr 1980-ci il tarixdən 05 dekabr 1982-ci il tarixdək hərbi xidmətdə olmuşdur (2 il 1 ay 10 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 4 nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğın söndürəni vəzifəsində xidmətdə olmuşdur (6 il 6 ay 14 gün), xx.xx.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş X1raşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuşdur (əmr № K-386. xx.xx.1989), xx.xx.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmişdir (əmr № UK-

81. xx.xx.1989), xx.xx.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmişdir (əmr № UK-49. xx.xx.1992), xx.xx.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndistexnoloq vəzifəsinə keçirilmişdir (əmr № K-57. xx.xx.1995), xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmişdir (əmr № K-202. xx.xx.1998), xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmişdir (əmr № K-212. xx.xx.1998), xx.xx.2003-cü il tarixdə həmin işdən öz xahişi ilə azad edilmişdir (əmr № K-291. xx.xx.2003). Beləliklə, «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş İstehsalat Vahidində ümumi sığorta stajı 14 il 2 ay 00 gün təşkil edir. Gəmi eletrik quraşdırcısı, mexanik və böyük mexanik kimi, əmək şəraiti ağır olan işlərdə olan stajı 10 il 9 ay 2 gün təşkil edir. 27 noyabr 2003-cü il tarixdən 21 sentyabr 2005-ci il tarixədək "xxxx" firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik qurşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K-05-03, xx.xx.2003). Beləliklə, hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixə 26 il 00 ay 07 gün ümumi sığorta stağına malik olmuşdur. Həmin sığrta stajının 12 il 6 ay 24 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Metal emalı XİV bölmə (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) kod 2150300a-1753a; və Nəqliyyat XXVİİİ bölmə (Çay dəniz donanması) kod 23003020-23484 mexanik və böyük mexanik vəzifələrinə uyğundur. Göstərilənlərə əsasən, ona 57 yaşdan, yəni 18 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq 18 mart 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 28 iyun 2024-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək peniyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)-11301/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunazidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Daha öncə iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış, inzibati icraatın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmin məktub ilə iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb edilən həddən - 12 il 6 aydan az (4 il 6 ay 19 gün (xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, bu səbəbdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq dövrlər üzrə güzəştli iş şəraitində işləməsi təqdim edilmiş sənədlərdə öz əksini tapdığından iddiaçının xx.xx.1989-xx.xx.2003 və xx.xx.2003xx.xx.2005-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur. iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 11 iyun 2024-cü il tarixli arayışında onun xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektro-mexanik vəzifələrində işlədiyi əks olunmuşdur. Lakin "xxxx" QSC-nin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli iddiaçının iş stajına dair məlumatların yerində yoxlanılması barədə birgə aktdan məlum olur ki, iddiaçı sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə gəmi elektriki, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə elektrik mexaniki, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə isə böyük elektrik mexaniki vəzifələrində işləmişdir. Göründüyü kimi, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə çalışdığı elektrik montyoru şagirdi və gəmi elektriki vəzifələri Siyahının metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də göstərilən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməyib. Həmçinin, iddiaçının xx.xx.1998-xx.xx.1998-ci il və xx.xx.1998xx.xx.2003-cü il tarixlərdə elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrindəki iş stajı ilə bağlı qeyd edilir ki, iddiaçının çalışdığı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsi onun tərəfindən təqdim edilmiş müvafiq arayışda istinad olunan Siyahının nəqliyyat bölməsinin (21) dəniz və çaydonanması (21.2) sahəsinə aid deyil. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri əhatə etməklə cəmi 4 il 6 ay 19 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən olunmuş həddən (12 il 6 ay) azdır. Lakin birinci instansiya məhkəməsi "xxxx" QSC-nin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktı və yuxarıda qeyd edilənləri, həmçinin iddiaçının elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrində çalışdığı Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsinin müvafiq Siyahının nəqliyyat bölməsinin (21) dəniz və çay donanması (21.2) sahəsinə uyğun olmamasını nəzərə almamış, həmçinin iddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsində çalışdığı mühəndis-texnoloq vəzifəsinin güzəştli iş stajı olmasını təsdiqləyəcək hər hansı bir sübutun olmadığı təqdirdə həmin dövrü də güzəştli iş stajı kimi qəbul etmiş, beləliklə, işin hallarını ətraflı tədqiq etmədən iddiaçının xx.xx.1989xx.xx.2003 və xx.xx.2003-xx.xx.2005-ci illər nəzərə alınmaqla 12 il 6 aydan çox güzəştli iş stajı olduğunu hesab etmiş və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun iddiaçıya dair 11 iyun 2024-cü il tarixli arayışında xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektro-mexanik vəzifələrində işlədiyi qeyd edilib. Adıçəkilən müəssisədəkı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə iddiaçının xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru şagirdi, xx.xx.1989-xx.xx.1992-ci ıl tarixləri arasındakı dövr ərzində gəmi elektriki, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, xx.xx.1995-xx.xx.1998-cı il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, 08 08.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektrik mexaniki, xx.xx.1998xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektrik mexaniki vəzifələrində işlədiyi müəyyən edilib. Bu fakt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən 17 aprel 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göründüyü kimi, işlədiyi elektrik montyoru şagirdi və gəmi elektriki vəzifəsi sözügedən arayışda istinad olunan, Qərarla təsdiq olunmuş Siyahının metal emalı bölməsinin Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrində işlədiyi dövrdə çalışdığı müəssisənin fəaliyyət sahəsi isə həmin arayışda istinad edilən, qeyd olunan dəniz və çay donanması sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 6 ay 19 gün (xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) həqiqətən keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası”adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1989-cu ildən Elektrikquraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul edilib (əmr № K-386. xx.xx.1989-cu il), xx.xx.1989-cu ildən Elektrikquraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı (əmr № UK-81. xx.xx.1989-cu il), xx.xx.1992-ci ildən Elektrikquraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı (əmr № UK-49. xx.xx.1992-ci il), xx.xx.1995-ci ildən Texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq (əmr № K-157. xx.xx.1995-ci il), xx.xx.1998-ci ildən Üzən doka səkkizinci dərəcəli elektro-mexanik (əmr № 202. xx.xx.1998-ci il), xx.xx.1998-ci il ildən Üzən Dokda doqquzuncu dərəcəli böyük elektro-mexanik (əmr K-212. xx.xx.1998-ci il), xx.xx.2003-cü ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr K-291. xx.xx.2003-cü il). Gəmi elektrik quraşdırıcısı, mexanik və böyük mexanik kimi N.İddiaçı əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun bu işdə ümulikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən bölmə XİV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və XXVİİİ bölmənin (Nəqliyyat) 3-cü bəndinin (Dəniz və çay donanması) şifr 23003020-25410 (elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexaniklər) yarımbəndinə uyğundur. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli №18-li qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG ”QSC” xx.xx.2014-cü tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ” Gəmi Təmiri Zavoduna birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçıı oğlu xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 4 nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğınsöndürəni vəzifəsinə xidmətə qəbul edilmişdir. (Azərbaycan Respublikası DİN YMİ-nin 61 ş/h nömrəli xx.xx.1983-cü il tarixli əmri). xx.xx.1989-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifədən xidmətdən xaric edilmişdir. (Azərbaycan Respublikası DİN YMİ-nın 84 ş/h nömrəli xx.xx.1989-cü il tarixli əmri). İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ucar rayonu, Əlikənd kənd “Yeni-yol” adına kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən İddiaçı kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var. 1979-cu il: 107 adam günü, 355,20 rubl. 1980-ci il: 186 adam günü, 965,40 rubl. İş materiallarında olan "xxxx" firmasının “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1962 təvəllüdlü) həqiqətən Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən aşağıda qeyd edilən peşədə çalışıb: xx.xx.2003-ci ildən xx.xx.2005-ci ilə kimi “Kaspiya Elektrik" firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmin üzrə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı (əmr № K-05-03. 27 11.2003). Gəmi elektrikquraşdırıcısı kimi N.İddiaçı əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun bu işdə iş stajı 1 il 9 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısına əsasən bölmə XV. Metal emalı 3-cü bəndin (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcısı uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı "xxxx" QSC-də xx.xx.1989xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə çalışdığı elektrik montyoru şagirdi və gəmi elektriki vəzifələri Siyahının metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də göstərilən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməyib. Həmçinin, iddiaçının xx.xx.1998-xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrindəki iş stajı iddiaçının çalışdığı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsi onun tərəfindən təqdim edilmiş müvafiq arayışda istinad olunan Siyahının nəqliyyat bölməsinin (21) dəniz və çaydonanması (21.2) sahəsinə aid deyil. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri əhatə etməklə cəmi 4 il 6 ay 19 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən olunmuş həddən (12 il 6 ay) azdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır. İddiaçının xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajına malik olması cavabdeh tərəfindən də mübahisələndirilmir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" QSC-də xx.xx.1989-xx.xx.1995, xx.xx.1998-xx.xx.1998, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasında olan dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, elektro-mexanik, böyük elektro-mexanik vəzifələrində, xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək isə "xxxx" Firmasında gəmi elektrikquraşdırıcısı vəzifəsində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 12 il 06 ay 29 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XİV. Metal emalı, 3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, 2150300a— 1753a – gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları; XXVİİİ. Nəqliyyat,

3. Dəniz və çay donanması, 23003020—25410 – elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Həmin sahə və peşənin qeyd olunan siyahıya uyğunluğu işəgötürənin arayışı ilə də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2019-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11301/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar