Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1312/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 2550/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 1994-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməli olan aylıq 80 (səksən) manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016- cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayon hərbi komissarlığı tərəfindən xx.xx.1994-cü il tarixdə hərbi xidmətə çağırılmış və hərbi xidmət dövründə xidmət keçərkən yaralanaraq, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək SQ Baş Kilinik hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnozu “sağ qoltuqaltı nahiyyənin odlu kor güllə yaralanması, çiyin qursağının əməliyyatından sonra bərkimiş dəri çapığı. Sağ yuxarı ətrafın funksiyasının müvəqqəti pozulması ilə” olmuşdur. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş klinik hospitalının verdiyi arayışda da qeyd vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim komissiyasının rəyi ilə “Yaralanmadır. Hərbi Xidmət dövründə alınmışdır” rəyi verilmişdir. Hərbi vəsiqədən də göründüyü kimi, o, yanvar 1994-cü ildən may 1995-ci il tarixədək N saylı hərbi hissədə, may 1995-ci ildən iyun 1995-ci ilədək N saylı hərbi hissədə, iyun 1995-ci ildən noyabr 1996-cı ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx xxxx 2019-cu il tarixdə o, müharibə iştirakçısı olmağı ilə əlaqədar olaraq M/V 085944 №li “Müharibə veteranı” vəsiqəsi almışdır. Həmin tarixdən etibarən hər ay 80 (səksən) manat məbləğində aylıq müavinət alır. Lakin həmin məbləğ 1994-cü ildən 2019-cu ilin iyul ayınadək olan dövr üçün ona ödənilməmişdir. Faktiki olaraq 1994-cü ilin yanvar ayının 22-dən etibarən hərbi xidmət keçməyə başladığı üçün müavinət alınması ilə bağlı hüququ da məhz həmin tarixdən yaranmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2550/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən vətəndaşın hüququ yaranarsa, onun ən çoxu 3 (üç) il əvvələ sosial müavinət almaq hüququ vardır. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 085944 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən xx.xx.2019-cu il tarixindən əvvəlki dövr üçün hüququ olmadığına görə ona tələb etdiyi müddətə sosial müavinətin və təqaüdün verilməsi mümkün deyildir. Əlavə olaraq vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə zəruri sənədlərlə müraciət etmiş və sosial müavinət təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixindən “müharibə veteranlarına Prezident təqaüdü” təyin edilmiş və hal-hazırda ödənişi davam etdirilir. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, 085944 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanına və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təqaüd verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçının müraciəti isə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********5 saylı məktubla təmin edilməmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyət üzrə idarəsi tərəfindən xx xxxx 2019-cu il tarixli 085944 nömrəli vəsiqəyə əsasən müraciətçinin müharibə veteranı kimi hüququ həmin tarixdən yaranmışdır. Bu səbəbdən göstərilən tarixdən əvvəlki müddət üçün tələb olunan sosial müavinətin ödənilməsi mükün deyil. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 2019-cu il 12 iyul tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2019-cu il 1 aprel tarixdən sonra xx xxxx 2019-cu il tarixdə verildiyindən ona münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apelyasiya şikayətinindəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2550/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2550/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1312/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1312/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver