Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1312/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni hesablama vərəqəsinin göndərilməsi, kompensasiyanın və müavinətin yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni hesablama vərəqəsinin göndərilməsi, kompensasiyanın və müavinətin yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 290/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi təyinatlı qoşunun tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin NK-nın xx.xx.1992-ci il tarixli 631 saylı qərarına əsasən hesablanmaqla 1993-cü ildən indeksasiya etməklə, 2013cü ildən ərzaq payının 128 manatdan hesablamaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavə 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentininin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin Prezidentin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə (onun dəqiqləşdirilməsi ilə bağlı) məhkəməyə müraciət edərək, xüsusi təyinatlı qoşunun tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin NK-nın xx.xx.1992-ci il tarixli 631 saylı qərarına və xx.xx.2000-ci il tarixli 73 saylı qərarına əsasən hesablanmaqla 1993-cü ildən indeksasiya etməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablamaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət və ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentininin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin Prezidentin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən bir neçə illik toplanışlardakı həqiqi hərbi xidmətdən sonra baş leytenant hərbi rütbəsinə layiq görülmüş, 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayanda ona polkovnik-leytenant rütbəsi, 1993-cü ildə DİN DQnin tərkibinə keçəndə isə polkovnik rütbəsi verilməli idi. Çünki hərbi rütbə DİN rütbəsindən ən azı bir pillə yuxarıdır. 1993-də isə Ağdərədə tabur komandiri vəzifəsində döyüşlərdə iştirak etməsini Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 saylı rus dilində yazılmış arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti sübut edir. Bu isə tabur komandiri vəzifəsinə uyğun olaraq hərbi rütbəsinin də daha bir pillə artmasına əsasdır. Belə ki, "Hərbi xidmətkeçmə haqqında" xx.xx.1997 tarixli 377-İQ saylı Əsasnamənin 190-cı maddəsinə görə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün baş leytenant rütbəsində 1 il, kapitan rütbəsində 1 il 6 ay, mayor rütbəsində 2 il, polkovnik-leytenant rütbəsində 2 il 6 ay müəyyən edilib. Eyni zamanda, "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" xx.xx.2011 tarixli 274-İVQ saylı qanunun 27.1.9 maddəsinə görə, hərbi qulluqçular toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar, "Hərbi qulluqçuların statusu haqqında" xx.xx.1991 tarixli 36 saylı qanunun 2-ci maddəsinə görə toplanışlarda olan hərbi vəzifəlilər hərbi qulluqçu statusuna malikdirlər, 16.1 maddəsinə görə "hərbi qulluqçu "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüquqi vardır. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə "Hərbi xidmət haqqında" qanunda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər". "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" xx.xx.2011 tarixli 274-İVQ saylı qanunun 32-ci maddəsinə görə vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq ) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Onun Azərbaycan Silahlı Qüvvələrində xidməti yalnız düşmənlə üz-üzə döyüşlərdə keçib, lakin baş leytenant rütbəsi 1986-cı ildən dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbəsi polkovnikə kimi yüksəlib. 1993-cü ilə kimi xidmət ilinə 1992-ci ilin 1 yanvarına kimi SSRİ dövründəki xidmət illəri NK-nın xx.xx.1992 tarixli 631 saylı "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" qərarının 10 -cu bəndinə əsasən SSRİ dövründəki xidməti, eləcə də, həmin qərarın 1-ci bəndinə əsasən həqiqi hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə -AMEA-da işləmək dövrü əlavə olunmalıdır. Eyni zamanda, sözügedən NK qərarının 2-ci bəndinin sonuncu abzasında yazılıb ki, bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Buna əsasən SSRİ dövründəki xidməti 1975-dən hərbi hazırlıq kursunun başlanğıcından 4 il, 1978-dən 1991-ə kimi 13 il olmaqla 17 il təşkil edir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və keçmiş SSRİ Daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin... vəzifələrində xidmət müddəti ilk zabit rütbəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. 1991-dən 1993cü ilə kimi onun xidmət müddətinin isə güzəştlə 4 il 15 gün olması cavabdeh DİN-nin hesablama vərəqi ilə təsdiq olunub. 2004-cü ilə kimi isə təqvimi hesablama yox, güzəştli xidmət əsas götürülüb. Bu hesabla 1993-cü ilə kimi xidmət ili ümumilikdə 21 il təşkil edir. 1993-cü ildən 2012-ci ilə kimi ehtiyatda-sərəncamda, yəni həqiqi hərbi xidmətdə olmasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin verdiyi xx.xx.2013 tarixli 126 saylı arayış, sərəncamda olan tabur komandiri olmasını DİN DQ hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun DİN şəxsi heyətlə iş idarəsinə ünvanladığı xx.xx.1998 tarixli və DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun DİN müavini, general- mayor Əsgər Ələkbərova ünvanladığı xx.xx.1999 tarixli arayış xarakterli cavablar təsdiq edir. Onun 2012-ci ilə kimi DİN-nin sərəncamında olmasını DİN Baş Kadrlar idarəsinin xx.xx.2012 tarixli yenidən daxili işlər orqanlarında xidmətə qəbul olması barədə ərizəsinə verdiyi imtina cavabı sübut edir. Eyni zamanda, ehtiyatdan çağırıldığına görə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 180 -ci maddəsinə əsasən ,yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda),yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidmət ilindən asılı olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir-üç pillə yuxarı hərbi rütbə verilə bilər. Bu isə o deməkdir ki, 1991-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayanda ona polkovnikleytenant hərbi rütbəsi verilməli idi. 1993-cü ildə batalyon komandiri vəzifəsində olması və DİN DQ-nin tərkibinə keçməsi polkovnik rütbəsi verilməsinə əsas olsa da, cavabdeh hərəkətsizlik edərək hüququnu pozub. Yeni hesablama vərəqi 1993-cü ilə kimi müvafiq xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməlidir. 2003-dən 2012-ci ilə kimi isə hərbi qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmalıdır. NK-nın "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında " 20.04. 2000 tarixli 73 saylı qərarının (xx.xx.2001 tarixli 190 saylı qərarına əsasən daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilir) 1 nömrəli əlavəsinin 1 -ci bəndinə görə, 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə 10 faiz əlavə hesablanmalı olduğu halda, Onun xidmət ilinin güzəştlə 4 ildən çox olduğunu bildirən cavabdeh bu əlavəni 5 faizlə, özü də 1993-dən yox, 2007-ci ildən hesablama vərəqinə daxil edib. Ona işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya da NKnın həmin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanıb ödənilməlidir. Nazirlər Kabinetinin x xxxxxx 2013 tarixli 2 saylı qərarı ilə hərbi qulluqçulara ərzaq payı və pul vəsaiti norması ikiqat artırılıb və 128 manat təşkil edir. Yəni 2013-cü ildən ayda 64 manat məbləğində artım indeksasiya etməklə hesablanıb ödənilməlidir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" xx.xx.1992 tarixli qanunun 15 "v" maddəsinə uyğun olaraq 300 faizlik və 23 "b" maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavə pensiyasına 1993-cü ildən indeksasiya etməklə hesablanıb verilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001 tarixli 613 saylı fərmanı və xx xxxxxx 2000 tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinət pensiyasına əlavə olunmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 20.16.1 maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğ 2006-cı ildən indeksasiya edilməklə onun pensiyasına əlavə edilməlidir. Həmin Qanunun 19.1.4 maddəsinə əsasən 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavə 2006 -cı ildən 2019-cu ilin 1 aprelinə kimi indeksasiya etməklə pensiyasına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə sözügedən 11 manat məbləğində aylıq əlavə 50 manata qaldırılmış və Prezident təqaüdü sayılaraq aprel 2019-cu ildən ona qulluq edənə ödənilir. Cavabdeh vəzifə maaşının 390 manat təşkil etməsini bildirir. Bu isə sıradan MAXE hərbi qulluqçusunun 8 il öncəki pul təminatından da azdır. Desant hücum taburunun komandiri kimi Qarabağda döyüşlərdə iştirak edən döyüş komandirinə olmayan "kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığı pensiya tabeliyində olan əsgər və çavuşların pul təminatından, pensiyalarından da 2-3 dəfə azdır. Onun vəzifə maaşı müvafiq rütbə və vəzifəsinə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun (Xüsusi Təyinatlı Qoşunlar, ya da X10) təminat xərcliyinə uyğunlaşdırılmaqla verilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmənin qərardadı qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən “Hərbi qulluqçuların statusu”, “Hərbi xidmətkeçmə haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Əmək pensiyaları haqqında”, Qanunların və Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Sərəncamlarının tələbləri pozulmuşdur. Belə ki, o, Qarabağ uğrunda desant hücüm taburunun komandiri vəzifəsində döyüşlərdə iştirak etmişdir. Ona olmayan “kimya müdafiə bölüyünün komandir müavini” vəzifəsi yazılmış və bu səbəbdən də aldığı pensiya tabeliyində olan çavuşlardan da 2-3 dəfə azdır. Döyüşlərdə kimyaçı kimi iştirak etməsi mümkün deyildir. Döyüşdə mülki vəzifədə vuruşmaq absurddur. Ona nə işdən çıxarma pulu, nə geyim, əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sanatoriya yollayışı və əvəzində kompensasiya, sığorta ödənişi verilmış, nə də SSRİ dövründəki xidməti nəzərə alınmamışdır. Onun işinə elektron qaydada video formatında baxılması haqqında ərizəsinə cavab verilməmiş və iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilmişdir. Belə ki, işin məhkəmə baxışına təyin edildikdən sonra mümkünlük məsələsinə baxılması qanunsuzdur. Tərəflərin izahatları İddiaçı X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının eyni tələblərinin mümkün sayılmadığını, həmin qərardadın Şəki Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirimədən saxlanıldığını, iddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayətinin isə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən mümkün sayılmadığı və qəbulundan imtina olunduğunu bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “xüsusi təyinatlı qoşunun tabur komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin NK-nın xx.xx.1992-ci il tarixli 631 saylı qərarına və xx.xx.2000-ci il tarixli 73 saylı qərarına əsasən hesablanmaqla 1993-cü ildən indeksasiya etməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablamaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət və ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentininin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin Prezidentin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcudluğuna, həmçinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 30/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadında iddianın mümkün sayılmamasına dair əsasların aradan qalxmadığına istinad etmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-30/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003-cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən amma şəxsi işinə yazılmayan tabur komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiya edilməklə hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin indeksasiyasız 1993-cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 1006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun (Xüsusi Təyinatlı Qoşunlar ya da X10) təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə tələbləri mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-30/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-237/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Göründüyü kimi, iddiaçının hazırki işdə qoyduğu tələblər Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən qoyduğu tələblərin əksəriyyəti ilə eynilik təşkil edir. İddiaçının iddia tələblərindən göründüyü kimi, onun hüquqi marağı pensiyasının artırılmasına nail olmaqdan ibarətdir. Belə ki, iddia tələblərinin əsasını mahiyyət etibarı ilə tabur komandiri və polkovnik rütbəsinə uyğun olaraq pensiyasının yenidən hesablanması təşkil edir. Bunun üçün əvvəlcə iddiaçıya həmin rütbələrin verilməsinin mümkünlüyü yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-nin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-nin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük [yolverilənlik] şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn məcburetmə haqqında iddia müddətini ötürmüş və ya inzibati orqana əvvəlcədən ərizə ilə müraciət etməmişdirsə, onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan 2-1(84)-30/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadında qeyd olunmuşdu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2018-ci tarixli 13- 14/967-34/23B saylı məktubla 1993-cü ildən 2012-ci il tarixinə kimi sərəncamda olması bildirilmiş, lakin iddiaçının qeyd olunan tarixlərdə sərəncamda olmadığı, xx.xx.1993-cü il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığı, onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin müəyyən edilmədiyi məlum olmuşdur. İşə həmin məhkəmədə baxılarkən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 8 saylı arayışından və ona əlavə edilmiş şəxsi işdən aydın olmuşdu ki, iddiaçıya Zaqafqaziya Hərbi Dairəsi Komandanının 6 nömrəli xx.xx.1986-cı il tarixli əmri ilə baş leytenant rütbəsi verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2009-cu il tarixli 2(007)-369/2009 saylı qətnaməsinə əsasən xx.xx.1991-ci il tarixindən 1993-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi faktı müəyyən edilmişdir. xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixindən “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından daxil olmuş 1/7/-D/-176 nömrəli xx.xx.1993-cü il tarixli qeyri-məxfi məktuba əsasən ehtiyata buraxılmış, onun şəxsi işi uçota durmaq üçün idarəyə göndərilmişdir. xx.xx.2011-ci ildə ehtiyatda olan zabitlərin son yaş həddinə görə uçotdan çıxarılmışdır. Sözügedən məhkəmə qərarında qeyd olunmuşdu ki, iddiaçının şəxsi işinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3849/2009 saylı qətnaməsinə əsasən iddiaçı xidmətini 1993-cü ildə DİN DQ-nin tərkibində Ağdərə bölgəsində döyüş zamanı ağır zədə alaraq başa vurmasını bildirmişdir. İddiaçı 2009-cu ildə Nizami Rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət edərkən nə ərizəsində, nə də apellyasiya baxışı zamanı etirazında tabur komandiri olması barədə məlumat verməmişdir. İPM-nin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Şəki İnzibati-İqtisadi Məhkəməsi qeyd olunan normanın tələbinə görə hesab etmişdi ki, iddiaçı münasibətlərin qısa müddətdə müəyyən edilməsində maraqlı olduqda iddianı qaldırmalı idi. İddiaçının həmin iddia ilə müraciət etməsinin səbəbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2013-cü il tarixli arayışı olmuşdur. İddiaçı qeyd olunan arayışa istinad edərək hesab edirdi ki, xx.xx.2012-ci ilə qədər Daxili Qoşunlarda xidmət keçmişdir. (sərəncamda olmuşdur) İddiaçının 5 ildən sonra həmin arayışa istinad edərək, iddia qaldırması İPM-nin 36.3-cü maddəsinin tələblərinə uyğun deyil, 5 il qısa müddət hesab oluna bilməz. Bundan başqa Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan 2-1(84)-30/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadında qeyd olunmuşdu ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının digər- "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentininin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin Prezidentin aktının qəbul edilməsi tarixindən hesablanmaqla pensiyasına hesablanması barədə tələbləri isə hazırki cavabdehə qarşı yönəldilə bilməz. Belə ki, həmin tələblər iddiaçının pensiya ödənişini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yönəlməlidir. İddiaçıya məhkəmə tərəfindən müvafiq yardım göstərilsə də, iddiaçı iddia ərizəsinə dəqiqləşmə vermiş, lakin nəticədə cavabdeh kimi yenə də Daxil İşlər Nazirliyini (Maliyyə Plan İdarəsini) qoymuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası MPM-nin «Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı)» adlanan İİ yarımbölməsi xx xxxxx 2012-ci il tarixli, 329-İVQD №-li Qanunla çıxarılmışdır. Bu yarımbölməyə MPM-nin 285-304-cü maddələri aid idi. Azərbaycan Respublikası MPM-nin həmin vaxt qüvvədə olan 285.0.3-cü maddəsində göstərilirdi ki, məhkəmə xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə baxa bilər. MPM-nin 296.1-ci maddəsində isə qeyd edilmişdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir (MPM-nin 296.3-cü maddəsi). MPM-nin 297.1-ci maddəsində müəyyən edilirdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Həmçinin MPM-nin 298-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət müəyyən edilərək göstərilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (Həmin norma xx xxxx 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal iddianın mümkün sayılmasına əsas vermir. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya formal xarakterli hərəkətlərə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. (8.1.) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. (8.2.) Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3.)” Hazırki işdə iddiaçı tərəfindən eyni predmetlə bağlı yenidən iddia qaldırılarkən iddianın mümkünlük şərtlərinə əməl olunması halı müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hazırkı iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-1312/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1312/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver