Məhkəmə qərarları › İş №2-1(103)-1312/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1312/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1312/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvanına RF Saratov şəhərində yerləşən "xxxx" ASC tərəfindən göndərilmiş içərisində şüşə lövhələr olan 67283283 nömrəli vaqon Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasına çatdırılmış, lakin sözügedən şüşə məlumatları müvafiq gömrük proseduru altında ərazi üzrə hazırkı cavabdeh Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməmişdir. İddiaçının Bakı Baş Gömrük İdarəsinə rəsmi müraciəti 24 iyun 2015ci il tarixdə daxil olmuş və onun ünvanına daxil olmuş şüşə lövhələrlə dolu vaqon sonradan Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirildiyindən, hazırki cavabdeh Bakı Baş Gömrük İdarəsində malların gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh 10 dekabr 2020-ci il tarixli 1400-011/0xx-xx/009495 nömrəli məktubla bildirmişdir ki, 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı xx.xx.2015-ci ildə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. İdxalçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğuna istinad edərək ona dəymiş maddi və mənəvi ziyanla bağlı cavabdehə müracət etmiş, lakin onun tələbi təmin olunmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2 fevral 2015-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən "xxxx" ASC ilə şüşə lövhələrin alqı-satqısı barədə 031/339-01 saylı müqavilə bağlamış və bunun əsasında tam şəkildə pulu ödədikdən sonra “Saratovstroysteklo" ASC onun ünvanına bir vaqon şüşə lövhə göndərmişdir. 3 mart 2015ci il tarixdə Biləcəri stansiyasından ***-***-**-** saylı telefondan ona məxsus ***-***-**-** saylı mobil telefona zəng edilmiş və bildirilmişdir ki, "xxxx" ASC tərəfindən onun (iddiaçının) ünvanına göndərilmiş şüşə lövhələrlə dolu olan 67283283 saylı vaqon Yalama stansiyasında saxlanılmış və sənədlər araşdırma məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İddiaçı 04 mart 2015-ci il tarixdə Yalama stansiyasına getmiş və stansiya rəisi ilə görüş zamanı sonuncu ona bildirmişdir ki, 67283283 saylı vaqon artıq Biləcəri stansiyasındadır. Yalama stansiyasındakı gömrük postunun rəisi ilə görüş zamanı isə həmin şəxs ona bildirmişdir ki, “Saratovstroysteklo" ASC tərəfindən göndərilmiş şüşə lövhələrlə dolu 67283283 saylı vaqona aid olan sənədlər həqiqətən də gömrük əməkdaşları tərəfindən görürülmüş və araşdırma üçün Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Eyni zamanda, Yalama stansiyasındakı gömrük postunun rəisi ona ***-***-**-** saylı mobil telefon nömrəsini verərək bildirdi ki, bu telefonla əlaqə saxlayaraq araşdırmanın nəticəsini öyrənə bilər. İddiaçı həmin gün Bakıya gələrək həmin telefona zəng etmişdir. İddiaçı telefonda danışan şəxsin dəvəti ilə Bakı şəhərindəki ofisdə onunla görüşmüşdür. Görüş zamanı sözügedən şüşə lövhələrlə dolu olan vaqonun sənədləri barədə maraqlandıqda, özünü "xxxx" MMCnin əməkdaşı kimi təqdim edən həmin şəxs (Vidadi) bildirmişdir ki, sənədlər ondadır və xahişi ilə yol sənədinin bir nüsxə ksereosurətini iddiaçıya vermişdir. İddiaçı həmin sənədin necə və nə məqsədlə ona gəlib çatmasını soruşduqda, həmin şəxs bildirmişdir ki, şüşə lövhələrin idxalı ilə artıq on bir ildir ki, onun da əməkdaşı olduğu "xxxx" MMC məşğuldur və başqa heç kəs bu işlə məşğul ola bilməz. Həmin şəxs ona bildirmişdir ki, "xxxx" ASC tərəfindən göndərilmiş 67283283 saylı vaqonda olan şüşənin hər tonuna görə ona 750 manat olmaqla 66 x 750 = 49.500 manat ödəyib vaqondakı şüşə lövhələri götürə bilər, gömrük rüsumu da həmin vəsaitlə ödəniləcəkdir. İddiaçı onun şərtlərini qəbul etməmiş və oradan Biləcəri stansiyasına gedərək 67283283 saylı vaqonu tapıb özü də onun yanında durmaqla vaqonun fotoşəklini çəkdirmişdir. Ertəsi gün həmin fotoları da Biləcəri stansiyasındakı gömrük postunun rəisinə göstərərək ünvanına gəlmiş 67283283 saylı vaqona aid olan sənədlərin ona verilməsini xahiş etmişdir. Bundan sonra ona bildirilmişdir ki, Biləcəri stansiyasında belə bir vaqon yoxdur və o vaqona aid olan hər hansı bir sənəd də onlara gəlməyib. Bundan sonra iddiaçı bir neçə gün gözləmiş və heç bir nəticə olmadığını görüb 10 mart 2015-ci il tarixdə sözügedən vaqonun fotoşəkillərini də əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yazılı ərizə ilə müraciət edərək, bu qanunsuzluqlar haqda məlumat vermişdir və xahiş etmişdir ki, heç bir sənədi olmayan bir vaqonun Rusiya-Azərbaycan sərhədini necə keçməsi araşdırılsın, həmin vaqona aid olan sənədlərin ona verilməsi və vaqonda olan şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi üçün tabeçiliyindəki qurumlara göstəriş versin. Bundan sonra 13 mart 2015-ci il tarixdə bir daha Biləcəri stansiyasından müvafiq telefondan ona zəng edərək bildirmişlər ki, 67283283 saylı vaqona aid olan sənədlər artıq Biləcəri stansiyasındadır. İddiaçı dərhal Biləcəri stansiyasına gedib yük həyətinin kassasından həmin sənədləri götürmüş və oradan da Bakı Baş Gömrük İdarəsinə getmişdir. Orada Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ona bildirmişlər ki, şüşə lövhələr Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilir. Bundan sonra iddiaçı dərhal Sumqayıt Baş Gömrük İdarəsinə gedib həmin vaqonda olan şüşə lövhələrin rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Orada da müxtəlif bəhanələrlə vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina edilmişdir. Bundan sonra iddiaçı 13 mart 2015-ci il tarixdə sözügedən vaqona aid olan bütün sənədlərin surətlərini əlavə etməklə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək xahiş etmişdir ki, gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqların aradan qaldırılmasında ona köməklik etsin və müvafiq vaqonla gətirilmiş şüşə lövhələrin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün tabeçiliyində olan müvafiq strukturlara göstəriş versin. Lakin bu günədək iddiaçı bu müraciətə də cavab almamışdır. Bundan əlavə o, 11 mart 2015-ci il tarixdə iddiaçı AR İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ***-**-** saylı qaynar xəttinə zəng vuraraq gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlar barədə şikayətini bildirmişdir. Həmin Xidmətdən şikayət aidiyyəti üzrə baxılması üçün 13 mart 2015-ci il tarixdə AR Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Bu şikayətə də bu günədək cavab alınmamışdır. İddiaçının qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının baş prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər nazirinə və digər qurumlara ünvanlanmış müraciətləri aidiyyəti üzrə baxılması üçün Dövlət Gömrük Komitəsinə göndərilsə də, müraciətlərə bu günədək cavab verilməmişdir. Yalama stansiyasında sözügedən vaqona aid olan sənədlər araşdırma məqsədi ilə götürülərkən gömrük əməkdaşları tərəfindən tərtib olunmuş 04 mart 2015-ci il tarixli 74 saylı protokolla bağlı bu günədək iddiaçıya heç bir açıqlama verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab kimi Bakı Baş Gömrük İdarəsi tərəfindən göndərilmiş 21 yanvar 2020-ci il tarixli məktubda AR Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə istinad edərək qeyd olunmuşdur ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına idxalçı tərəfindən Bakı Baş Gömrük idarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmişdir. 4 mart 2015-ci il tarixdə iddiaçı Bakı Baş Gömrük İdarəsinə gedərək ünvanına gəlmiş şüşə yükü ilə bağlı məlumatı şifahi qaydada bildirmişdir. Yazılı olaraq müvafiq sənədləri də təqdim etməklə 13 mart 2015-ci il tarixdə müraciət etmişdir. Çünki sənədləri həmin tarixdə əldə edə bilmişdir. 13 mart 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində tərtib edilmiş bəyannamə də buna sübutdur. 22 iyun 2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəisinə ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Lakin 25 iyun 2015-ci il tarixdə həmin vaqonun təyinatı Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilir. Bu barədə nə Bakı Baş Gömrük İdarəsində, nə də Sumqayıt Baş Gömrük İdarəsində ona heç bir məlumat verilməmişdir. 29 iyun 2015-ci il tarixdə təkrar Bakı Baş Gömrük İdarəsinin rəisinə yazılı ərizə ilə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə yükünün Azərbaycan Dəmir Yollan QSC-nin Biləcəri stansiyasının yük həyətinə məsul saxlanca boşaldılması üçün icazə verməsini xahiş etmişdir. Bu müraciətlərə də bu günədək cavab alınmamışdır. 17 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yazılı məktubla müraciət edərək həmin İdarənin əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət edərək ünvanına gəlmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsini xahiş etsə də, müraciətləri cavablandırılmamışdır. Bunun nəticəsində gömrük orqanları əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, tərəfimdən gətirilmiş malların səbəbləri bildirilmədən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonun dəmiryolu stansiyasında boş dayanmasına səbəb olmuş, nəticədə mənə cərimələr yazılmış və beləliklə də gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. Vurulmuş zərərin məbləği aşağıdakı kimidir: vaqonun 146 gün ərzində Biləcəri stansiyasında dayanmasına görə 19.486,32 manat pul vəsaiti Biləcəri stansiyasının yük həyətinin kassasına ödənilmişdir. Bu məbləğin 4.271 manatının ödənilməsi öhdəliyi məhkəmə qərarı ilə Sumqayıt Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Həmin məbləğ çıxıldıqda qalır: 19.486,32 – 4.271 = 15.215,32 manat. Bu pul vəsaitinə görə illik iyirmi faiz olmaqla beş il altı ay ərzində 5,5 x 20 = 110 faiz əlavə pul ödənilmişdir. Bu isə, 15.215,32 x 1,1 = 16.736,85 manat təşkil edir. 98.700 rubl pulu da "xxxx" ASC 6 avqust 2015-ci il tarixdə iddiaçıdan vaqonun dayanmasına görə əldən çıxmış mənfəət olaraq tələb etmiş və Milli Bankın həmin tarixə olan 1 rubl = 0,0166 manat məzənnəsi ilə 98.700 x 0,0166 = 1.638,42 manat pul vəsaiti ödənilmişdir. Ona dəyən mənəvi ziyan 10.000 manat qiymətləndirilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində bir çox ziddiyyətli məqamlar vardır və məhkəmə araşdırması zamanı qeyd edilən məsələlərə aydınlıq gətirilməlidir. Bunlar aşağıdakılardan ibarətdir: 1) İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ona 43.590,59 manat zərər vurulmuşdur və bu ziyan ona ödənilməlidir. Buna baxmayaraq iddiaçı "xxxx" MMC-nin əməkdaşı “Vidadi adlı şəxs”in qanunsuz hərəkətlərindən bəhs edir. Belə olan təqdirdə Bakı Baş Gömrük İdarəsi hansısa MMC-nin əməkdaşından edilmiş şikayətə görə niyə cavabdeh qismində tanınmalı və iddia təmin ediləcəyi təqdirdə Azərbaycan Respublikasının büdcəsindən iddiaçıya vəsait verilməlidir? 2) İddiaçı iddia ərizəsində qeyd edir ki, idxal olunmuş mallar barədə gömrük orqanına 4 mart 2015-ci il tarixdə şifahi şəkildə məlumat vermiş, daha sonra Bakı Baş Gömrük İdarəsində 13 mart 2021-ci il tarixli bəyannamə tərtib etmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən araşdırma aparılan zaman iddiaçının 2015-ci il ərzində İdarəyə heç bir gömrük bəyannaməsi təqdim etmədiyi müəyyən olunmuşdur. 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına, idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin mallar barəsində məlumatların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyindən, gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də, 67283283 saylı vaqonun təyinatı 25 iyun 2015-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Məlum olduğu kimi, gömrük rəsmiləşdirilməsinin aparılması iki tərəfli prosesdir. Qanunvericikdə şifahi bəyan etmə yalnız fiziki şəxslər tərəfindən şəxsi istifadəsində olan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gətirilməsi zamanı nəzərdə tutulmuşdur (AR Nazirlər Kabinetinin 300 nömrəli qərarı). Kommersiya məqsədləri üçün gətirilmiş mallarla bağlı yazılı bəyan etmə olmazsa gömrük orqanı özbaşına gömrük rəsmiləşdirilməsinə başlaya bilməz. Belə olan təqdirdə Bakı Baş Gömrük İdarəsi niyə gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina edilməsi səbəbilə cavabdeh qismində göstərilməlidir? 3) İddiaçı ərizəsində gömrük rəsmiləşdirilməsi məsələsinə toxunmayaraq 2015-ci ildən 2020-ci ilə keçmiş və 2020-ci ildə Bakı Baş Gömrük İdarəsinə ünvanladığı məktubdan bəhs etmişdir. İddiaçı idxal etdiyi mallara görə Bakı Baş Gömrük İdarəsində bəyannamə tərtib etdiyini bildirsə də, həmin bəyannaməni niyə gömrük orqanına təqdim etmədiyini açıqlamamışdır. İddiaçı həmin mallara görə bəyan etdiyi və Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən təsdiqlənmiş gömrük bəyannaməsini sübut qismində məhkəməyə təqdim etməyərək məhkəməni yanıltmağa yönəlmiş hərəkət etmişdir. İddiaçı malların kim tərəfindən, hansı əsaslarla Sumqayıt Baş Gömrük İdarəsinə bəyan edildiyini, gömrük ödənişlərinin ödənildiyini və gömrük rəsmiləşdirilməsi aparıldığını açıq şəkildə məhkəməyə bildirməlidir. İnzibati iş üzrə tam araşdırma aparılması üçün iddia ərizəsində adıçəkilən və telefon nömrələri göstəriləni şəxslər şahid qismində məhkəməyə çağırılmalıdır; 4) İddiaçı ərizədə iddia etdiyi “ziyan”ın məbləğini də dəfələrlə artırmış, ödədiyini iddia etdiyi məbləğləri təsdiq edən sənədlərin əslini təqdim etməmiş, banka 5 il ərzində faiz ödədiyini yazaraq bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, niyə 5 il ərzində məhkəməyə müraciət etmədiyini əsaslandırmamışdır. Bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşə baxan məhkəmə tərəfindən yuxarıda göstərdiyim əsaslar təəssüf ki, yoxlanılmamışdır. İddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, AR Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. İdxalatçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, idxalçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qanunvericilik normalarının tələbləri pozularaq iddiaçıya məxsus malların gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və bunun səbəbləri ona bildirilməmişdir. Qanunvericilikdə malların boşaldılmasının yalnız gömrük orqanlarının icazəsi ilə həyata keçirildiyi təsbit edilmişdir. Hazırki halda isə cavabdeh iddiaçıya malların boşaldılması üçün vaxtında icazə verdiyini, lakin onun yükləri boşaltma prosesini ləngitdiyini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Gömrük orqanları əsassız olaraq öz vəzifəsindən – gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, səbəbləri bildirilmədən gətirilmiş malların rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonun uzun müddət stansiyada boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də ona gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı tələbi “maddi və mənəvi ziyanın tutulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkət və hərəkətsizliyinin təsdiqini tapmadığına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin preambulasında qeyd edilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Həmin Məcəllədə gömrük orqanlarının vəzifələrinə gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək (8.0.5); mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək (8.0.6); malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq (8.0.8); gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək (8.0.17); dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək (8.0.27) aid edilmişdir. Eləcə də həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük rəsmiləşdirilməsinə dair ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Göründüyü kimi, qanuvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat vermək, rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərait yaratmaq, sənədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərilərək müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 02 fevral 2015-ci il tarixli müqaviləyə əsasən sonuncu tərəfindən təqdim edilmiş hesaba uyğun olaraq iddiaçı tərəfindən 19183.67 dollar məbləğində ödəniş edildikdən sonra müqavilə üzrə razılaşdırılmış bir vaqon şüşə lövhə Biləcəri stansiyasına göndərilmiş və 03 mart 2015-ci il tarixdə vaqonun Yalama stansiyasında saxlanılması ilə bağlı iddiaçıya məlumat verilmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq şüşə lövhələrin gömrük rəsmiləşdirilməsi yalnız 27 iyul 2015-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan normaların tələbləri pozularaq iddiaçıya məxsus malların gömrük rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmiş və keçirilməməsinin səbəbləri iddiaçıya bildirilməmişdir. İş materillarından görünür ki, iddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək, "xxxx" ASC tərəfindən onun ünvanına göndərilmiş 67283283 saylı vaqonda olan şüşə lövhələrin gömrükdən keçirilməsi üçün göstəriş verilməsi xahiş edilsə də, onun ərizələri cavablandırılmamışdır. İddiaçı 29 mart 2019-cu il tarixdə təkrarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və eyni zamanda Sumqayıt Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək Azərbaycan Dəmir Yollarının Biləcəri stansiyasına vaqondan istifadəyə görə ödədiyi 3926.32 manat və vaqonun qorunmasına görə ödədiyi 15560 manat olmaqla, cəmi 19486 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin həmin müraciəti də cavabsız qalmışdır. Halbuki Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 48.1-ci maddəsində deyilir ki, gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. İstinad olunan normalara əsasən cavabdeh iddiaçının müraciətini cavabsız qoymaqla həm Gömrük Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 10 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilir ki, 67283283 saylı vaqonla idxal olunmuş malların Biləcəri stansiyasında yük vaqonunda saxlanılmasına idxalçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə həmin malların əks olunduğu gömrük bəyannaməsi təqdim edilmədiyi üçün gömrük rəsmiləşdirilməsinin aparıla bilməməsi səbəb olmuşdur. Bu səbəbdən də vaqonun təyinatı xx.xx.2015-ci ildə Sumqayıt Baş Gömrük İdarəsinə dəyişdirilmiş və gömrük rəsmiləşdirilməsi həmin gömrük orqanında həyata keçirilmişdir. Eyni zamanda həmin məktubda iddiaçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək vaqondan boşaldılması və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək üçün hüququnun olmasına baxmayaraq, bu hüquqdan istifadə etmədiyi qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 121.5-ci maddəsində deyilir ki, gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Göründüyü kimi, qanunvericilikdə malların boşaldılmasının yalnız gömrük orqanlarının icazəsi ilə həyata keçirildiyi təsbit edilmişdir. Hazırki halda isə cavabdeh iddiaçıya malların boşaldılması üçün vaxtında icazə verdiyini, lakin iddiaçının yükləri boşaltma prosesini ləngitdiyini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə kollegiya cavabdehin yükün boşaldılması gecikdiyindən rəsmiləşdirilmənin başa çatmadığı barədə dəlilini əsassız sayır və qeyd edir ki, bu hal iş materialları ilə təkzib olunur. İş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, Rusiya Federasiyası Saratov şəhəri "xxxx" şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri 04 mart 2020-ci il tarixdə araşdırılma üçün götürülmüşdür. Göründüyü kimi, cavabdehin özü tərəfindən tərtib olunmuş protokolda iddiaçının sənədlərinin yoxlama üçün götürüldüyü qeyd edilmişdir. İddiaçının sənədləri gömrük rəsmiləşdirilməsi üçün yetərli deyildirsə və ya hər hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu yazılı və şifahi qaydada məlumatlandırmaq yuxarıda istinad olunan normalara əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə, gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaçı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən həm gömrük orqanlarına, həm də müxtəlif aidiyyəti orqanlara müraciət etmiş, müraciətləri nəticəsiz qalmış, sonunda mətbuat vasitəsilə yaranmış problemi ictimailəşdirərək malların rəsmiləşdirilməsinə nail ola bilmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, gömrük orqanları əsassız olaraq öz vəzifəsindən – gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən malların rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət dəmir yolu stansiyalarında saxlanılmaqla, vaqonların boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış və beləliklə də iddiaçıya gömrük orqanlarının təqsiri üzündən qanunsuz zərər vurulmuşdur. İddiaçı tərəfindən vaqonlardan istifadəyə və yükün qorunmasına görə ödənilmiş pul məbləği ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh gömrük orqanı əsassız olaraq öz vəzifəsindən – gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayındığından, bu səbəbdən iddiaçı vaqonun saxlanılması və yükün qorunmasına görə "xxxx" QSC-yə cərimə ödədiyindən, ödənilmiş cərimə məbləği gömrük orqanlarının təqsiri üzündən olduğundan iddiaçı bu pulu tələb etməkdə haqlıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçının eyni məsələ ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə qarşı verdiyi iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının da hüquqi mövqeyi yuxarıda göstərilən kimi olmuşdur (2-1(102)- 1886/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərar). Hazırki işdə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş DKÜ seriyalı 079559 nömrəli, 27 iyul 2015-ci il tarixli dəmir yolu nəqliyyatı sahəsində xidmətlərə görə yığımlar barədə qəbzə əsasən iddiaçı vaqondan istifadəyə görə 3926.32 manat, DKÜ seriyalı 079561 nömrəli 27 iyul 2015-ci il tarixli qəbzə əsasən isə yükün qorunmasına görə 15660 manat məbləğində olmaqla, cəmi 19486.32 manat məbləğində ödəniş etmişdir. 04 mart 2015-ci il tarixdən 27 iyul 2015-ci il tarixədək malların rəmiləşdirilməməsinin səbəbi gömrük orqanlarının qanunsuz hərəkətləri olduğundan ümumilikdə 143 gün müddətinə iddiaçı tərəfindən 19486,32 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-33/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarından görünür ki, “Sumqayıt Baş Gömrük İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən göndərilmiş, qalınlığı 3,5 mm-dən çox, lakin 4,5 mm-dən çox olmayan, yer sayı 31 olan, ölçüsü 6851,31 kv.m. olan şüşə lövhələr yükü xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmiş, xx.xx.2015-ci il tarixdə gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılışı həyata keçirilmişdir. Qeyd edilən faktı Bakı Baş Gömrük İdarəsi 21 yanvar 2020-ci il tarixdə məhkəməyə ünvanladığı məktubla bir daha təsdiqləmişdir. Eyni zamanda işə əlavə olunmuş gömrük nəzarət formasından da aydın şəkildə görünür ki, yük xx.xx.2015-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir. Malların rəsmiləşdirilməsi isə xx.xx.2015-ci il tarixdə həyata keçirilməklə gömrük bəyannaməsi verilmişdir. Bundan əlavə Kollegiya qeyd edir ki, gömrük nəzarət formasında malların qeydiyyat tarixi 12 mart 2015-ci il olaraq qeyd edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 74 nömrəli protokoldan görünür ki, Rusiya Federasiyası Saratov şəhəri "xxxx" şirkəti tərəfindən İddiaçı adına göndərilmiş şüşə lövhələrin sənədləri 04 mart 2015-ci il tarixdə araşdırma üçün götürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən Azərbaycan Respublikası Gömrük Komitəsinə ünvanlanmış və sonuncu tərəfindən 10 mart 2015-ci il tarixdə imza edilməklə qəbul edilmiş ərizə də malların artıq 12 mart 2015-ci il tarixinədək gəlməsi faktını təsdiqləyir. Beləliklə kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, 04 mart 2015-ci il tarixdə çatan mallar xx.xx.2015-ci il tarixədək Bakı Baş Gömrük İdarəsində saxlanılmış, yalnız həmin tarixdən sonra Sumqayıt Baş Gömrük İdarəsinə yönləndirilmişdir.” Bununla bağlı yükün Bakı Baş Gömrük İdarəsində saxlanıldığı dövrdə iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsi cavabdehlik daşımadığından, yəni iddia bu hissədə həmin iş üzrə düzgün cavabdehə yönəldilmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 33/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2015-xx.xx.2015-ci il tarixədək olan müddət ərzində yüklərin qorunması və vaqondan istifadə ilə bağlı iddiaçıya dəymiş zərərin Sumqayıt Baş Gömrük İdarəsindən tutulması hissəsində iddia mümkün sayılmamışdır. Həmin inzibati məhkəmə işi üzrə Kollegiya hesab etmişdi ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində (32 gün) cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi əsassız olaraq öz vəzifəsindən- gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayındığından, bu səbəbdən iddiaçı vaqonun saxlanılması və yükün qorunmasına görə "xxxx" QSC-yə cərimə ödədiyindən, ödənilmiş cərimə məbləği gömrük orqanlarının təqsiri üzündən iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilir, ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)- 33/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında iddiaçının adına gəlmiş malların ümumilikdə gömrük orqanlarında saxlanılma müddətinin 146 gün (iddiaçı iddia ərizəsində 143 gün qeyd etsə də, kollegiya tərəfindən həmin müddətin 146 gün olması müəyyən edilmişdi) olduğunu, bu müddət ərzində vaqondan istifadə və yüklərin qorunmasına görə iddiaçı tərəfindən "xxxx" QSC-yə ümumilikdə 19486,32 manat ödənildiyini, sadə riyazi hesablama üsulu ilə vaqonun saxlanılması və yüklərin qorunmasına görə ümumilikdə 1 gün üçün ödənilən məbləğin 133,47 manat (19486,32:146=133,47) təşkil etdiyini, yükün Sumqayıt Baş Gömrük İdarəsində saxlanıldığı 32 gün müddət üçün ödənilən məbləğin isə 4271 manat (133,47x32 gün= 4271 manat) təşkil etdiyini nəzərə alaraq həmin pulun məhz Sumqayıt Baş Gömrük İdarəsindən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Hazırki işin faktiki hallarının yuxarıda qeyd olunan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan inzibati işin faktiki halları ilə eynilik təşkil etdiyini və həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarında müəyyən edilmiş halların bu işdə preyudisial əhəmiyyət daşıdığını, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı adına gəlmiş malların xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Bakı Baş Gömrük İdarəsində qanunsuz olaraq saxlanılması ilə bağlı həmin yükün qorunması və vaqondan istifadəyə görə ödədiyi 15215,32 manat (19486,32- 4271=15215,32) pulu ona dəymiş zərər olaraq bu iş üzrə cavabdeh inzibati orqandan tələb etməkdə haqlıdır və onun bu tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 90-cı maddəsində deyilir ki, gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsində deyilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçının tələb etdiyi 15215,32 manat məbləğə görə illik 20% olmaqla, 5 il 6 ay ərzində 16736,85 manat (5,5x20=110 faiz, 15215,32x1,1=16736,85) banka ödədiyi faiz məbləğinin tələbinə gəldikdə isə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əlavə faiz ödədiyinə istinad etdiyi kredit vəsaitinin X6 Bakı filialı ilə xx.xx.2016-cı il tarixdə bağladığı kredit müqaviləsinə əsasən 36 ay müddətinə götürdüyü (i.v. 130-da bank hesab çıxarışı) müəyyən olunsa da, iddiaçı bankdan götürdüyü kreditin hazırki iş üzrə istinad etdiyi hallarla bağlı olduğunu və yaxud da həmin kredit vəsaitinə görə ödəməli olduğu faizləri ya da bu faizlərdən əlavə faiz (16736,85 manat) ödəməsinin cavabdeh orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyini sübuta yetirə bilmədiyi üçün onun bu tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçının “adına mal göndərən "xxxx" ASC tərəfindən əldən çıxmış mənfəət olaraq ondan tələb edilmiş 98700 rubl pulun həmin tarixə olan məzənnə ilə ödədiyi 1638,42 manatın cavabdehdən tutulmalı olduğu” barədə tələbinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı bu barədə yalnız "xxxx" ASC tərəfindən ona ünvanlanmış pretenziya məktubunu (i.v.11-12) təqdim etmiş, lakin həmin məktubla ondan tələb olunan vəsaitin onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etmədiyi üçün onun 1638,42 manat pulu cavabdehdən tələb etməsi barədə iddia tələbi də əsassızdır və təmin edilməməlidir. O ki qaldı iddiaçının cavabdehdən 10000 manat mənəvi ziyan tələb etməsinə, bu barədə Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman (2015-ci ildən bəri) adına gələn malın gömrük rəsmiləşdirilməsinə nail olub, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı nəticəyə gələrkən oxşar iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarında müəyyən edilmiş halların bu iş üzrə preyudisial əhəmiyyət daşıdığını, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında sərgilənən hüquqi mövqeyini nəzərə almamaqla yanaşı, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, cavabdeh Bakı Baş Gömrük İdarəsindən iddiaçının adına gələn malların xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılması ilə bağlı iddiaçının vaqondan istifadə və yükün qorunmasına görə ödədiyi 15215.32 manat pul, ona vurulmuş mənəvi zərərə görə isə 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3515/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində vaqondan istifadə və yükün qorunmasına görə ödənilmiş 15215.32 manat pul və vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti cavabdeh Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar