Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1312/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş B 19 seriyalı, 139322 nömrəli bakalavr diplomuna əsasən müəyyən edilir ki, iddiaçı 2019-cu il tarixində həmin universiteti qiyabi əsaslarla bitirmişdir.
3. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli arayışın tərcüməsindən görünür ki, iddiaçı həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” istiqaməti üzrə qiyabi şöbənin 1-ci kurs tələbəsidir. Təhsilin başa çatma müddəti iyun 2019-cu ildir.
4. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli arayışın tərcüməsindən görünür ki, iddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” ixtisası üzrə birbaşa hazırlıq istiqamətində təhsil almışdır. Qiyabi şöbədə normativ təhsil müddəti 4 il 10 aydır. İddiaçı universitet rəhbərliyinin icazəsi ilə aşağıdakı qrafikə əsasən imtahan sessiysı vermişdir: İ kurs – xx.xx.2015-xx.xx.2015, İİ kurs – xx.xx.2016- xx.xx.2016, İİİ kurs – xx.xx.2017-xx.xx.2017, İV kurs – xx.xx.2018xx.xx.2018, V kurs – xx.xx.2019-xx.xx.2019.
5. İddiaçının 2014-2019-cu illər üzrə sərhədkeçməsi barədə məlumatlarından görünür ki, iddiaçı Ukrayna istiqamətində xx.xx.2015-ci ildə ölkəni tərk etmiş və xx.xx.2015-ci ildə ölkəyə qayıtmış, xx.xx.2016-cı ildə ölkəni tərk etmiş və xx.xx.2016-cı ildə ölkəyə qayıtmış, xx.xx.2017-ci ildə ölkəni tərk etmiş və xx.xx.2017-ci ildə ölkəyə qayıtmış, xx.xx.2018-ci ildə ölkəni tərk etmiş və xx.xx.2018-ci ildə ölkəyə qayıtmış, xx.xx.2019cu ildə ölkəni tərk etmiş və xx.xx.2019-cu ildə ölkəyə qayıtmışdır.
6. Cavabdeh trəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçının xarici ali təhsil dair kvalifikasiyasının tanınmasndan imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra - iddiaçı) Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş B19 seriyalı, 139322 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində müəssisələrin iqtisadiyyatı ixtisası üzrə qiyabi əsaslarla ali təhsil almış və iddiaçıya ali təhsil haqqında diplom verilmişdir. Təhsil müddətində iddiaçı dərslərdə və imtahanlarda iştirak etmişdir. İddiaçıya verilmiş bakalavr diplomundan görünür ki, o ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə “müəssisələrin iqtisadiyyatı" bakalavr dərəcəsi verilmişdir. Diploma olan əlavədən görünür ki, tədris müddətində yaxşı, kafi və məqbul qiymətləri almışdır. İddiaçıya hər il tədris müddəti başlamazdan əvvəl dərslərdə iştirak etməsi üçün arayışlar təqdim edilmişdir, həmin arayışda da tədris müddətləri əks edilmişdir. İddiaçı təhsilini bitirdikdən sonra Azərbaycan Respublikasına qayıtmış və ölkəmizdə öz peşəsi üzrə fəaliyyət göstərmək niyyətindədir. O, diplomunun tanınması və ona müvafiq şəhadətnamə verilməsi üçün cavabdeh orqana elektron ərizə ilə müraciət etmişdir. Lakin, cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavab məktubunda qeyd olunur ki, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində 180- 240 saat nəzərdə tutulur. Tədris müddətinin ən azı üçdə ikisində ənənəvi’təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələb edilir. Qeyd olunanlara əsasən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Lakin, iddiaçıya Universitet tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Arayışdan görünür ki, iddiaçı Universitet rəhbərliyinin icazəsi ilə müəyyən edilmiş qrafikə əsasən imtahan sessiyasını vermişdir. Qeyd edilmişdir ki, tələbəyə fərdi təhsil sistemindən istifadə edərək tapşırıqların qəbulu təmin edilir. Arayışı aldıqdan sonra iddiaçı təkrarən cavabdehə müraciətlər etmişdir. Lakin, iddiaçıya təkrarən xx.xx.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbində haqlıdır.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2014/2015-ci tədris ili üzrə - 13 gün, 2015/2016-cı tədris ili üzrə - 12 gün, 2016/2017-ci tədris ili üzrə - 12 gün, 2017/2018-ci tədris ili üzrə -12 gün, 2018/2019-cu tədris ili üzrə - 21 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyrimümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, ddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia zələbi rədd edilməlidir
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla məhkəmə Kollegiyasının iclasında əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının Rusiya- Ukrayna müharibəsi səbəbindən Ukraynaya gediş- Gəlişində məhdudiyyət yaranmışdır.
14. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatlar
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1.). Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) (13.1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1. ). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (27.4. ). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir (44.1.). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (44.2.).
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.)
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda göstərilmişdir ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: -müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.).
25. Hazırkı işin faktiki hallarına tətbiq edilən normaların məzmunundan göründüyü kimi şəxsin xarici dövlət aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı dövlətdə olmalıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda göstərilmişdir ki, ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır (8.7.1.). Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur (8.7.2.).
27. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
28. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
29. Göründüyü Azərbaycan Respublikasında qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə minimum 180 saatdır ki, onun yarısı 90 saat təşkil edir. Həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saat olması nəzərə alınarsa iddiaçı təhsil aldığı dövlətdə hər tədris ilində minimum 3 həftə, yəni 21 gün olmalıdır.
30. İddiaçı Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində xx.xx.2014-xx.xx.2019-cu illərdə həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” ixtisası üzrə birbaşa hazırlıq istiqamətində təhsil almışdır. Qiyabi şöbədə normativ təhsil müddəti 4 il 10 aydır.
31. İddiaçının 2014-2019-cu illər üzrə sərhədkeçməsi barədə məlumatlarından görünür ki, iddiaçı Ukrayna istiqamətində xx.xx.2015-ci ildə ölkəni tərk etmiş və xx.xx.2015-ci ildə ölkəyə qayıtmış, xx.xx.2016-cı ildə ölkəni tərk etmiş və xx.xx.2016-cı ildə ölkəyə qayıtmış, xx.xx.2017-ci ildə ölkəni tərk etmiş və xx.xx.2017-ci ildə ölkəyə qayıtmış, xx.xx.2018-ci ildə ölkəni tərk etmiş və xx.xx.2018-ci ildə ölkəyə qayıtmış, xx.xx.2019cu ildə ölkəni tərk etmiş və xx.xx.2019-cu ildə ölkəyə qayıtmışdır.
32. Məhkəmə qeyd edir ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.
33. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.
34. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, şikayət iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının Rusiya- Ukrayna müharibəsi səbəbindən Ukraynaya gediş-Gəlişində məhdudiyyət yaranmışdır.
36. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, hazırkı mübahisədə həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamasıdır.Yəni yuxarıda qeyd olunduğu kimi, iddiaçının sərhədkemə məlumatlarından görünür ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır.
37. Apellyasiya şikayətinin “..iddiaçının Rusiya- Ukrayna müharibəsi səbəbindən Ukraynaya gediş-Gəlişində məhdudiyyət yaranmışdır...” dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsinin aktiv fazası fevral 2022-ci ildən başlamışdır. İddiaçı Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində xx.xx.2014-xx.xx.2019-cu illərdə həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” ixtisası üzrə birbaşa hazırlıq istiqamətində təhsil almışdır.Yəni təhsil dövrlərində Ukrayna Respublikası Xarkov şəhərinə gediş-gəlişlə bağlı hər hansı məhdudiyyət olmamışdır.
38. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəmə Kollegiyasının iclasında təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı ilə eyni dövrlərdə və eyni universitetdə təhsil almış tələbələrin Ukrayna Respublikası Xarkov şəhərinə gediş-gəlişlə bağlı hər hansı məhdudiyyət olmamışdır və onların diplomları cavabdeh tərəfindən tanınmışdır.(məsələn, X4-2015-2020-ci illərdə Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti)
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.