Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1313/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1219/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (keçmiş 52) ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədin –çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının mərhum X2 adına hüquqi qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) və texniki pasportun verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 6, ünvanında yerləşən ev 1956-cı ildə inşa edilmiş və həmin evə dair oktyabr 1978-ci ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmiş, atası X2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan ərazi böyük yaşayış massividir. Atası xx.xx.1993- cü ildə ölmüşdür. Atasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 35 saylı notariat kontoruna müraciət etmiş, ərizəsi əsasında vərəsəlik işi açılaraq, vərəsələrin dairəsi müəyyən olunmuş, notarius isə öz növbəsində notariat hərəkətlərinə başlamış və xx.xx.2018-ci il tarixli müraciətlə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən evə dair çıxarış və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi **********82 saylı xx.xx.2018-ci il taixli imtina ilə bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi 6 (keçmiş 52) ünvanında yerləşən evin X2 adına dövlət qeydiyyatından keçməsi və evə dair sonuncunun adına texniki pasportun tərtib olunması haqqında idarənin arxivində məlumat (sənəd) aşkar edilməmişdir. Sonradan fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh orqan tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İdarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Həmçinin ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmadı və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv. metr qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin cavabı qanunsuz və əsassızdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza görə, idarəyə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Həmçinin ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmamışdır və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv. metr qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1219/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək işə yenidən öz iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, X1 Bürosu tərəfindən 1978-ci ildə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka-X4 məxsus ümumi tikinti sahəsi 290.5 kv metr təşkil edən yaşayış sahəsinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib olunmuşdur. X6 xx xxxx 1993cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin aprel ayının 12-ci günündə 40 nömrə ilə qeyd edilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********57 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və torpaq sahəsi Hövsan Zeytunçuluq sovxozuna aid olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Ünvanda yerləşən fərdi yaşayış evinə aid arxivdə heç bir məlumat aşkarlanmamış və tikililərdən bəzisi (“D” saylı tövlə sökülmüş, torpaqda 28,4 kv.m. qaraj tikilmişdir) sökülmüşdür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqanın imtinasının əsasında qoyulmuş məsələnin araşdırılması ilə bağlı müvafiq sorğular verilmiş və ekspertiza təyin olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 6 ünvanında yerləşən evin X2 adına dövlət reyestrində qeydiyyata alınmasına, habelə onun adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1978-ci il tarixli texniki pasportun tərtib olunması ilə bağlı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 12234 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 6 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzrə baxış zamanı müəyyən edilmiş məlumatlarla, həmin evə dair tərtib edilmiş texniki pasportda qeyd olunan məlumatlar müqayisə edilərkən, 2-ci mərtəbədə yerləşən sahəsi 22,3 kv. metr olan açıq eyvanın və sahəsi 8,7 kv. metr olan yardımçı tikilinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2019-cu il tarixli **********88 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və göstərdiyi naturada koordinatları müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 6 (keçmiş 52) ünvanında yerləşən evə dair X2 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1978-ci il tarixdə tərtib olunmuş texniki pasporta gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd deyil, texniki sənəd olmaqla texniki göstəriciləri əks etdirən sənəddir, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır və belə olan halda hazırki iddianın təmin edilməsi üçün səbəb ola bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi tələbini qoysa da, öz iddiasını əsaslandırdığı halları apellyasiya şikayətində qeyd etməmiş, sonradan apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə təqdim etməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1219/2020 saylı xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1313/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1313/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver