Məhkəmə qərarları › İş №2-1(103)-1313/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1313/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1313/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X1, ərizəçi X2 və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(82)-820/2016 saylı qərardadından ərizəçi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 05 aprel 2016-cı il tarixli, 2-1(82)- 820/2016 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 108 saylı evin 14 saylı mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinə X5 ərizə ünvanlayaraq, onun hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 2-1(82)-820/2016 saylı 5 aprel 2016-cı il tarixli qərarının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bir övlad kimi hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 108, 14 saylı mənzilin anası İddiaçı adına mülkiyyətçi kimi sənədləşdirildikdən sonra onun (ərizəçinin) adına verilməsi şərti ilə şifahi razılaşmışlar. Həmin mənzilin anası İddiaçı adına rəsmiləşdirilməsi məqsədilə yazılı razılıq ərizəsi də vermişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina olunmuşdur. Bununla da, anası ilə arasında olan razılaşma bitmişdir. Lakin anası İddiaçı qeyd olunan mənzildən ona və ailəsinə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş üzrə məhkəmə icraatında ona məlum olmuşdur ki, İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin iddianı qaldırmış, işə baxan məhkəmə isə onu mənzildə qeydiyyatda olan şəxs kimi icraata cəlb etmədən iddianı təmin etmişdir. Ona görə də hesab edir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-820/2016 saylı 5 aprel 2016-cı il tarixli qərarı ləğv edilməli və işə onun iştirakı ilə baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(82)-820/2016 saylı qərardadı ilə X2 ərizəsi təmin edilməmişdir. X5 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadı ləğv edib ərizənin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 05 aprel 2016-cı il tarixli, 2- 1(82)-820/2016 saylı qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnərək onun üçüncü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bu iddiası məhz “Məcburetmə haqqında” iddia növünə aiddir. Çünki burada məsələnin mahiyyəti yalnız mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq deyil, mənzilin özəlləşdirilməsi olmuşdur. Ən əsası, məhkəmə onun mənzilin anasının- İddiaçı adına özəlləşdirilməsinə notarial razılıq verdiyi səbəbindən onun üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinə lüzum görməyərək səhv qənaətə gəlmişdir. Onun notarial razılıq verməsi üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinə maneçilik törədə bilməz. Əslində məhkəmə AR İPM-nin 28.2-ci maddəsinə uyğun olaraq onu üçüncü şəxs kimi cəlb etməli idi. Çünki həmin mənzil təkcə anasına deyil, anası ilə birlikdə bir neçə nəfərə, o cümlədən də ona görə verilib. Eyni zamanda məhkəmə AR İPM-nin 73.1-ci maddəsində göstərilən hüquq normasını da səhv tətbiq etmişdir. Belə ki, həmin abzasda məhkəmə qeyd edir ki, “inzibatı icraat çərçivəsində “inzibatı aktın qəbulu”ndan imtina, ”inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, ”qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-ın 73.1-ci maddəsi tətbiq oluna bilər”. Məlumdur ki, bununla bağlı Ali Məhkəmə tərəfindən hər hansı vahid məhkəmə təcrübəsi formalaşdırılmayıb və eyni zamanda Konstitusiya Məhkəməsinin belə bir şərhi yoxdur. Belə olduğu təqdirdə məhkəmə öz qərardadının bir hissəsində bu iddianın öhdəliyin icrası haqqında iddia olduğu göstərsə də, qərardadın digər hissəsində məcburetmə haqqında iddia növündə tətbiq edilməli olan müddəanı tətbiq edir. Məhkəmə iclasında ərizəçi X5 və nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə İddiaçı tələbi “öhdəliyin icrası haqqında” iddialara aiddir və inzibati məhkəmə icraatında həmin mübahisəyə baxılarkən məhkəmə inzibati orqanın apardığı inzibati icraat çərçivəsində məsələnin həllindən imtinasını qanuna zidd saymış və qurumun üzərinə iddiaçının mənzilə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin qoyulmasını qərara almışdır. Hansı ki, inzibati orqan tərəfindən inzibati icraat aparılarkən mənzildə yaşayan yetkinlik yaşına çatmayan şəxs kimi hazırkı ərizəçi X2 da yazılı razılıq ərizəsi təqdim olunmuşdur. Belə olan halda, ilkin məhkəmə icraatında yazılı razılıq verən adıçəkilən şəxsin (və onun kimi digər şəxslərin də) üçüncü şəxs qismində işə cəlbinə zərurət olmamışdır. Hazırda yaranmış müvafiq mülki mübahisənin həlli ilə əlaqədar də belə zərurət mövcud sayılmır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)-820/2016 saylı 5 aprel 2016-cı il tarixli qərarı ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraat zamanı müvafiq mənzilin iddiaçının adına özəlləşdirilməsinə yazılı razılıq vermiş X2 hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmamışdır. X5 işə cəlb olunmaqla icraatın təzələnməsi məqsədəuyğun deyil. Odur ki, X2 ərizəsi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. X5 tərəfindən verilmiş ərizəyə baxılması zamanı aşağıdakılar nəzərə alınmalıdır: Birincisi, həmin şəxsin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 05 aprel 2016-cı il tarixli, 2-1(82)-820/2016 saylı qərarının qəbul edilməsi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, ərizəçinin təqdim etdiyi sübutlar tam və hərtərəfli tədqiq olunmaqla onun zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, o, icraata cəlb edilə bilər. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilər ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. İkincisi, həmin şəxsin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 05 aprel 2016-cı il tarixli, 2-1(82)-820/2016 saylı qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməlidir. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi vurğu edilmişdir. Ərizəçi ərizədə mənzilin anası İddiaçı adına rəsmiləşdirilməsi məqsədilə yazılı razılıq ərizəsi verdiyini, lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina olunandan sonra anası ilə arasında olan razılaşmanın bitdiyini bildirsə də, işdən görünür ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından 08.01.2016-cı tarixli məktubla imtina olunmuş, ərizəçi tərəfindən qeyd olunan mənzilin özəlləşdirilməsinə razılıq 21 fevral 2016-cı il tarixli ərizə ilə verilmişdir. Beləliklə də, ərizəçinin razılıq ərizəsini DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsindən imtina edilməsindən sonra verdiyi müəyyən edilir. İşdə olan 21 fevral 2016-cı il tarixli ərizədən görünür ki, ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 108, 14 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, ərizəçi anası İddiaçı qeyd olunan mənzildən ona və ailəsinə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddiaya dair mülki iş məhkəmə icraatında olarkən 18.11.2020-ci il tarixdə ona İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdığının məlum olduğunu və işə baxan məhkəmənin isə onu mənzildə qeydiyyatda olan şəxs kimi icraata cəlb etmədən iddianı təmin etdiyini bildirir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı 30.09.2016-cı il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 108 saylı evin 14 saylı mənzili iddiaçının mülkiyyətindədir. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 108, 14 saylı mənzillə bağlı mülki mübahisəyə dair qəbul edilmiş 2017-2020-ci il tarixli məhkəmə qərarlarında adıçəkilən mənzilin iddiaçının mülkiyyətində olduğu qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(82)-820/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vidadi Məmmədov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar