Məhkəmə qərarları › İş №2-1(103)-1313/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1313/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1313/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4245/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Bakışəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19 aprel 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının razılığı ilə cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisi onun tərəfindən 2002-2003-cü illərdə aparılmaqla, istismar üçün tam yararlı vəziyyətdə başa çatdırılmışdır. Həmin qeyri-yaşayış sahəsi 2003cü ildən hal-hazıra kimi onun istifadəsindədir. Sonrakı illərdə, əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinə dair eskiz layihəsini xx.xx.2015-ci il tarixdə əldə etdikdən sonra, layihə əsasında həmin obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 03 iyul 2015-ci il tarixli 66 saylı sərəncamı ilə ona icazə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 №-li fərmanına müvafiq olaraq ötən müddət ərzində istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində sənədləşdirilməsi üçün müxtəlif aidiyyəti orqanlara müraciət etməklə, tələb olunan rəy və razılıqları əldə etmişdir. İstifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti ilə əlaqədar olaraq müxtəlif aidiyyəti orqanlar tərəfindən rəy və razılıqlar alınmışdır: Sözügedən qeyri-yaşayış obyektinin istismarına icazə üçün 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etsə də, həmin obyektin 17 (on yeddi) ildən artıq bir müddətdə istismar edildiyini və obyektin istismarına icazə verilməsi onların səlahiyyətləri xaricində olduğu üçün imtina edilmiş, eyni zamanda izah edilmişdir ki, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci ilin yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Eyni məzmunlu müraciətinə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli i-136149 №-li cavabında da göstərilir ki, 2018-ci ilin yanvarın 1-dək qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi barədə səlahiyyətləri olsa da, həmin vaxtdan etibarən artıq yerli icra hakimiyyətlərinin belə səlahiyyətləri yoxdur və bu əsasa görə də müraciəti təmin edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən artıq iyirmi ilə yaxın bir müddətdə istifadəsində olan və Suraxanı rayon İcra Hakimiyyətinin 03 iyul 2015-ci il tarixli 66 №-li sərəncamı ilə eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilən qeyri-yaşayış obyektinin hal-hazırda istismarına icazə verilməsindən imtina edilməsinin heç bir əsası yoxdur. Qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə səbəb olan hər hansı bir maneə mövcud deyildir. Bütün aidiyyətli təşkilatlar həmin obyektin istismarına icazə verilməsini məqbul hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi etiraz təqdim edərək bildirmişdir ki, göstərilən ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bu səbəbdən də, təqdim olunmuş sənədlərin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 (on yeddi) ildən çoxdur ki, istismar olunduğuna görə obyektin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci yarımbəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-4245/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü, 101.1 və 102.1-ci maddələrinə istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1-ci hissəsinə əsasən tikintiyə icazə üçün tələb edilən tikinti sənədlərinin tam şəkildə təqdim edilməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəyə səhvən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarını tətbiq edərək iddia tələbinin təmin edilməməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3- cü maddəsi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməsini və həmin ərizəyə hansı sənədlərin əlavə edilməsini tənzimləyir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı da tikintisinə icazə tələb olunan tikinti obyektlərinin istismarına icazə üçün tələb olunan sənədlərin siyahısını özündə əks etdirir. Bununla bağlı qeyd edir ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası 2002-2003-cü illərdə iddiaçı tərəfindən tikilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 66 saylı Sərəncamı ilə ona ünvan 2 ünvanda yerləşən qeyri- yaşayış obyektinin Bakı şəhər İcra Hakimyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Məhkəmənin mübahisəyə tətbiq etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı ilə isə tikintisi aparılmamış və tikintisinə başlanılması nəzərdə tutulan tikinti obyektlərinə icazə almaq və istismara qəbul qaydaları tənzimlədiyindən, həmin hüquq normaları 2002-2003-cü illərdə inşa edilmiş, yəni tikintisi başa çatdırılmış tikililərə münasibətdə tətbiq oluna bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı 2002-2003-cü illərdə tikintisini aparıb, istifadə etdiyi Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismara icazə aktının verilməsini xahiş edir. Tələbini onunla əsaslandırır ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinə dair eskiz layihəsini xx.xx.2015-ci il tarixdə əldə etdikdən sonra, layihə əsasında həmin obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 03 iyul 2015-ci il tarixli 66 saylı sərəncamı ilə ona icazə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 №-li fərmanına müvafiq olaraq ötən müddət ərzində istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində sənədləşdirilməsi üçün müxtəlif aidiyyəti orqanlara müraciət etməklə, tələb olunan rəy və razılıqları əldə etmişdir. Cavabdeh orqanın imtina səbəbi ondan ibarətdir ki, qeyri-yaşayış obyektinin tikintisi 2002- 2003-cü illərdə aparılmış, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Lakin təqdim olunmuş sənədlərin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 (on yeddi) ildən çoxdur ki, istismar olunduğuna görə obyektin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricindədir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tikintisini başa vurub, istifadə etdiyi qeyri-yaşayış sahəsinin istismarına icazə aktının verilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilmsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidinetinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və kompleklərinin uyğunluğuna dair rəyin verilməsi,eləcə də şəhərsalma kadastrın aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid edilmişdir. İdidaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarına istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) müraciət zamanı ərizəyə hansı sənədlərin əlavə olunmasını tənzimləyir. Hazırki halda isə sözügedən qeyri yaşayış obyektinin tikintisi 2002- 2003-cü illərdə başa çatdırılmış və yerli icra hakimiyyətinin sərəncamı ilə eskiz layihəyə uyğun mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1 -ci hissəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktla 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X6 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə Kollegiyası aşağıdakı sübutları nəzər yetirir: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13 yanvar 2015-ci il tarixli 18/03-8/121 nömrəli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli razılaşdırılmışdır.Sənədləşdirmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. - "xxxx" MMC tərəfindən hazırlanmış Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 14/15-ci məhəllə, 8/1 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin Memarlıq və Planlaşdırma bölməsindən görünür ki, eskiz layihə Rayon təsərrüfat şöbəsi, Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsi, X5 Qurğularının İstismarı üzrə İstehsalat zonası, Suraxanı rayon Qaz İstismar sahəsi, Suraxanı rayonu enerji Təchizat və Satışı İdarəsi, Suraxanı rayon Kanalizasiya Qəza Xidməti, "xxxx" ASC-nin 9 saylı istilik Sistemləri və İstismar sahəsi, X9, Hövsan qəsəbə nümayəndəliyi, Suraxanı RİH nəzdində layihə Smeta bürosu tərəfindən razılaşdırılmışdır. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-ci il tarixli 66 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 14/15 məhəllə, 8/1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin Bakı şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/121 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçı tapşırılmışdır ki, obyektin yerləşdiyi sahədə mühəndis kommunikasiya xətləri aşkar edilərsə köçürülməsi aidiyyəti təşkilatlarla razılaşdırmaqla şəxsi vəsaiti hesabına həyata keçirsin; obyektin ətrafının sanitar təmizliyinin təmin olunması məqsədilə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlasın; göstərilən obyektə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun alınması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsin. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən layihə sənədlərinə verilmiş xx.xx.2018-ci il tarixli 80 saylı rəydən görünür ki, ünvan 5 ünvandakı ticarət obyekti Tikinti və Sanitariya Norma və Qaydalarına uyğundur. Layihənin ekspertiza protokolunda aşağıdakılar qeyd edilmişdir: Təqdim edilən layihə sənədlərinin ekspertizası zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 66 saylı sərəncamına əsasən, vətəndaş K.C.İsgəndərova Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi 14/15-ci məhəllə 8/1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 18/03-8/121 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Təqdim edilən baş plana əsasən, ərazidə 2 mərtəbəli ticarət obyekti layihələndirilmişdir. Binada ticarət zalları, sanitariya-məişət otağı nəzərdə tutulmuşdur. Layihələndirilən obyektin konstruktiv sxemi monolit dəmir-beton karkasdır. Bünövrə monolit dəmir-beton tavadır. Fasad səthləri üzlük daşlarla üzlənəcək və suya davamlı emulsiya boyası ilə boyanacaqdır. Daxili bəzək işləri zamanı divarlar üçün ipək və yağlı boya, tavan üçün alçıpan lövhələr, su-emulsiya boyaları, döşəmə üçün keramik plitələr, pəncərə və qapıların taxta, MDF və PVC materialdan hazırlanması qəbul edilmişdir. Tikinti-quraşdırma və tamamlama işləri zamanı insanların sağlamlığı üçün təhlükəsizliyi təsdiq edən radioloji, toksikoloji və gigiyenik sertifikatlarla təmin olunan inşaat materialları, boyalar, keramik məmulatlar, eləcə də təbii daşların istifadəsi nəzərdə tutulmuşdur. Tikinti zamanı xarici və daxili nüfuzedici səs-küy, vibrasiya və elektromaqnit şüalanması kimi zərərli fiziki amillər əleyhinə mühəndis-texnoloji tədbirlər nəzərdə tutulmuşdur. Obyektinin işıqlandırılması qüvvədə olan tikinti normalarına və standartlara uyğun olaraq təbii və süni üsulla qəbul edilmişdir. Obyektin təsərrüfat-məişət məqsədləri üçün su təchizatı mövcud su xəttindən qəbul edilmişdir. Yaranacaq çirkab suları mövcud təsərrüfat-məişət kanalizasiya kollektoruna axıdılacaqdır. Damüstü və yağıntı sularının kənarlaşdırılması üçün binada daxili su axını sistemi layihələndirilmişdir. Su axını sistemi plastik borulardan qəbul edilmişdir. Layihənin Baş mühəndisinin qeydinə əsasən xarici və daxili su təchizatı və kanalizasiya sistemləri 2.6-1; 2.11-1; 2.11-2; 2.04.01-85 Tikinti Normalarına və qüvvədə olan Sanitariya Qaydalarına uyğun layihələndirilmişdir. Obyektdə istilik təchizatı fərdi istilik sistemi vasitəsi ilə həyata keçiriləcəkdir və eləcə də əlverişli mikroiqlim şəraitinin yaradılması üçün isti-soyuq rejimli müasir tipli kondisionerlər sistemi nəzərdə tutulmuşdur. Hava mübadiləsi təbii və mexaniki sorucuhava verici ventilyasiya sistemləri ilə həyata keçiriləcək. İstilik, ventilyasiya və kondisiyalaşdırma sistemlərinin 2.6-1; 2.08.02-89* və 2.04.05.91 saylı Tikinti Normalarına və yaşayış binasında qapalı yerlərin əlverişli mikroiqlim şəraitinə dair mövcud Sanitariya Qaydalarına uyğun layihələndirilməsi haqqında layihənin Baş mühəndisinin qeydləri mövcuddur. Obyektdə yaranan bərk məişət tullantılarının kənarlaşdırılması və müvəqqəti saxlanması üçün həyət ərazisində konteynerli zibil meydançası nəzərdə tutulmuşdur. Tikinti işləri başa çatdıqdan sonra həyət ərazisi abadlaşdırılacaq, keçidlər və səkilər asfalt örtüklə və ya keramik tavalarla döşənəcəkdir. Rəyin qüvvədə olma müddəti müddətsizdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 0229 saylı akta əsasən ünvan 7 ünvanda inşa olunmuş zirzəmili, iki mərtəbəli qeyri-yaşayış obyekti qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 "İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, "X1 Qayadaları”nın, 2.02.01- 97 “Bina və qurğuların yanğın təhlükəsizliyi" Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunmuş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli 04-22/7-1407 arayışda qeyd edilmişdir: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 66 saylı sərəncamına əsasən, tikintisi başa çatmış, 2 mərtəbəli ticarət obyektinin vətəndaş X3 obyektin sənədləşdirilməsinə icazə verilmişdir. Obyektin layihə sənədlərinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 04-22/7-1295 saylı məktubla rəy verilmişdir. Təsərrüfat-məişət məqsədləri üçün su təchizatının birləşməsi mövcud su xəttinən qəbul olunmuşdur. Obyektdə yaranan çirkab suları mövcud kanalizasiya kollektoruna axıdılır. Ticarət obyektinin istilik təchizatı isti-soyuq rejimli müasir tipli kondisionerlər vasitəsi ilə həyata keçirilir. Binanın daxilində və otaqlarda hava mübadiləsi təbii və mexaniki sorucu-hava verici ventilyasiya sistemləri ilə həyata keçirilir. Obyektdə yaranan tullantılarının kənarlaşdırılması və müvəqqəti saxlanması üçün ərazidə konteynerlərlə təchiz olunmuş zibil meydançası inşa olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, , ünvan 8 ünvanda tikintisi başa çatmış 2 mərtəbəli ticarət (qeyri-ərzaq) obyekti sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli 128 nömrəli Radioloji müayinə aktından görünür ki, obyektdə radiasiya əleyhinə tədbirlər tövsiyə olunmur, Müayinə zamanı qamma-şüalanmanın səviyyəsi və ya radonun konsentrasiyası normativ göstəricilərdən yüksək aşkar edilməmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş avtomatik yanğından Mühafizə Sisteminin xx.xx.2018-ci il tarixli RS/020 №-li Təhvil-Təslim Aktından görünür ki, Normalara uyğun olaraq yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sisteminin montaj işləri tam şəkildə yerinə yetirilmişdir. Sifarişçiyə avtomatik xəbərvermə (siqnalizasiya) sisteminin iş prinsipi haqqında əlavə məlumat verilmişdir. Yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sistemi işlək vəziyyətdə sifarişçiyə tarixində təhvil verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 28 yanvar 2019-cu il tarixli 960 nömrəli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, ünvan 2 ünvanda inşa olunmuş, fiziki şəxs İddiaçı məxsus zirzəmili 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 960 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. - Ö/002609 nömrəli istimara hazırlıq aktından görünür ki,İddiaçı məxsus ünvan 9 ünvanda zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış obyektində sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müxtəlif nəzarətinin yerinə yetirilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi İsmayıl Zeynalov tərəfindən təsdiq edilmişdir. Tikintinin başlanması 18 iyun 2002-ci il, qurtarması 24 may 2003-cü il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri zirzəmili, 2 mərtəbəli, qeyri-yaşayış obyekti: zirzəmi sahəsi S=65,3 kvm, 1-ci mərtəbənin sahəsi S=77,8 kvm, 2-ci mərtəbənin sahəsi S=84,6 kvm. ümumi sahəsi S=238,6 kvm. tikinti sahəsi S=104,6 kvm, həcmi V=769,6 kvm-dir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə İddiaçı arasında bağlanmış Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 797 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, ünvan 10 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 161,9 kvm torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən daxil olmuş 26 May 2022-ci il tarixli MİHO/2.1.1-2-2022-2293 nömrəli məktubda qeyd edilmişdir: ünvan 11 ünvanında yerləşən tikinti obyektinin istismarına icazə verilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı"nın 1-ci hissəsində qeyd olunan tikintiyə icazə, xarici və daxili mühəndiskommunikasiya təminatı sistemlərinin müvafiq təşkilatlar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, tikinti obyektinin ünvanı haqqında arayış, kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı, obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış və o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparrlması Qaydaları”na uyğun olaraq tikinti obyektinə dair kod təqdim edilməmişdir. Müvafiq qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 797 nömrəli xx.xx.2021-ci il tarixli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” Müqavilə təqdim edilsə də, lakin müvafiq torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iş materialları üzrə ətraflı araşdırma apararaq qeyd edir ki, tikintisi 2002-ci ildə başlamış və 2003-cü ildə qurtarmış qeyri yaşayış sahəsinin memarlıq-planlaşdırmasının eskiz həlli qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış, Suraxanı RİH tərəfindən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə icazə verilməsi haqqında sərəncam qəbul edilmiş, həmin inzibati akt qüvvədə olmaqla, ləğv edilməmiş, etibarsız sayılmamış, geri çağrılmamışdır, müvafiq aidiyyəti təşkilatlar tərəfindən rəylər verilmiş, istismara hazırlıq aktı təqdim edilmiş, həmin istismara hazırlıq aktında, həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 texniki müayinə rəyində obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri əks olunmuş, obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ƏMDX ilə icarə müqaviləsi bağlanılmışdır. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qeyri-yaşayış sahəsinə istismara qəbul aktının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4245/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4245/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair iddiası təmin edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova MirzəTağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar