Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1314/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3009/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov küçəsi 1 nömrəli ünvanda yerləşən 119,4 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.01.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 58 kv.metr olan qeyri-yaşayış binası (yerləşdiyi 0,00637 kv.m. torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü istifadə) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış binasında inşa edilmiş əlavə sahələrə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlət torpağıdır. Müvafiq torpaq sahəsinin icarəyə verilməsi və mövcud ticarət obyektinin genişləndirilərək yenidən qurulması haqqında Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04.07.2012-ci il tarixli 184 nömrəli sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək, 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən, bu Əsasnamənin 4.16.4-cü və 4.11.11.5-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Bakı şəhəri ərazisində yerləşən torpaq sahələrinin icarəyə verilməsi, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək Bakı şəhərinin rayon icra hakimiyyətlərinin deyil, yalnız Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aiddir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın notariat təsdiqli surətinə görə, Bakı şəhəri Yasamal rayonu Müzəffər Həsənov küçəsi 1 ünvanda yerləşən 58 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə 19.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Yasamal RİH başçısının 04.07.2012-ci il tarixli 184 nömrəli sərəncamının notariat təsdiqli surətinə əsasən, Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi 03.07.2012-ci il tarixli 18/03-8/1624 nömrəli məktubla M.Həsənli küçəsi ilə 20 Yanvar meydanının kəsişməsində mövcud ticarət obyektinin (gül mağazası) yenidən qurulmasına dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsini razılaşdırmışdır. Sərəncamla Yasamal rayonu M.Həsənli küçəsinin 20 Yanvar meydanı ilə kəsişməsində yerləşən, eskiz layihəsində göstərilən ərazidə 100 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə ayrılmış və mövcud ticarət obyektinin (gül mağazası) genişləndirilərək, yenidən qurulmasına icazə verilmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq 02.10.2020-ci il tarixli **********09 nömrəli məktubunda bildirilmişdir ki, əlavə sahələrin qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə kollegiyası bildirir ki, iddianın qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi təşkil edir. Məhz adıçəkilən normada sadalanan sənədlər (8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri (8.0.10.1-ci maddə ilə tələb edilən sənədlər) qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini, xüsusilə də əlavə torpaq sahəsinin ayrılması barədə mötəbər sənədi cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun belə bir əsas kimi istinad etdiyi Yasamal RİH başçısının 04.07.2012-ci il tarixli sərəncamı hüquqi qüvvəyə malik olmamaqla, mötəbər sənəd sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Göründüyü kimi, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir. Bu da o deməkdir ki, rayon bölgüsü olan Bakı şəhərində Yasamal RİH başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, RX ******* nömrəli çıxarışda əks olunan 58 kv.m. ilə hazırda qeydiyyatı tələb olunan 119,4 kv.m-in fərqi, yəni 61,4 kv.m. əlavə tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla əldə olunmasını təsdiq edən hüquqi sənədlər təqdim olunmamışdır. Bu kontekstdə, məhkəmə kollegiyası bildirir ki, şəxsin hər hansı əmlak hüququnu əldə etməsi yaxud bu hüquqa malik olmasından bəhs etmək üçün bu hüquq ilk növbədə qanunun müəyyən etdiyi hallarda və qaydada əldə olunmalıdır. Mübahisəli torpaq sahəsinin ayrılması qanuni şəkildə həyata keçirilmədiyindən, həmin sahədə yenidən qurulan (inşa olunan) tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi ilə tələb olunan digər sənədlərin, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazənin iş üzrə mövcud olub-olmamasının yoxlanmasına zərurət qalmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yenidən qurulan qeyriyaşayış sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3009/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanda yerləşən 119,4 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1314/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1314/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver