Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1315/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nnazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması 12 ay davam etmişdir və bu müddət əzində 2 dəfə müddətn uzadılması barədə və 9 dəfə yoxlamanının dayandırılması barədə qərar qəbul olunsa da sözügedən qərarın qəbulunun zəruriliyi yoxlama aktında, həmin qərarda və akt əsasında qəbu olunmuş xx.xx.2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahikarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışda da yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablanır. Eyni zamanda qeyd edilən məsələ ilə bağlı AR Ali məhkəməsinin 19.032020-ci il tarixli, 2-1(102)-06/2020-ci il tarixli qərarında göstərilmişdir ki, AR Vergi Məcəlləsində kameral vergi yoxlamasının aparılma qaydası tənzimlənmiş və həmin maddədə ayrı bənd kimi yoxlamanın aparılmasının iş günü və iş vaxtı aparılması göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Niftalıyeva şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 sentyabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzinin ekspertinin həmin tarixli 9/5469 nömrəli rəyində aşağıdakılar bildirilir: - (rəyin tədqiqat hissəsi) . . . Göstərilənlərə əsasən qeyd edilir ki, İddiaçı MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulu maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. - (rəyin nəticə hissəsi) Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarına əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 642.091,55 manat məbləğində ƏDV-nin və 99.781,71 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd olunur ki, İddiaçı MMC-nin yoxlamanın əhatə etdiyi dövrlər üzrə bəyannamələri ilə təqdim edilmiş sənədlər arasında fərq müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, 6 noyabr 2020-ci il tarixli **********193592 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlər üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 336 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 0,01 manat məbləğində muzdlu işdən ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunur . Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir . İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçının 1 yanvar 2017-ci il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 16 oktyabr 2019-cu il tarixdən başlanmış və 21 oktyabr 2020-ci il tarixdə başa çatdırılmış və 6 noyabr 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən **********142840 nömrəli 22 dekabr 2020-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə 33.185,82 manat mənfəət vergisi, 314.766,68 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üzrə 66.595,89 manat mənfəət vergisi, 39.633,51 manat ƏDV, 168 manat ödəmə mənbəyində tutulan vergi, 2019-cu il üzrə 285.088,08 manat ƏDV, 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 739.605,99 manat vergi məbləği hesablanmış, qeyd olunan vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə, eləcə də 5 hesabat dövrü üzrə vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə həmin Məcəllənin 57.1-ci maddəsi üzrə müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 22 dekabr 2020-ci il tarixli həmin qərarını mübahisələndirir. Cavabdeh 22 dekabr 2020-ci il tarixli qərarın qəbulunu belə əsaslandırmışdır ki, yoxlama zamanı iddiaçı ilkin sənədlərləri təqdim etmədiyindən, vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssisdən və ekspertdən alınmış rəylər əsasında iddiaçının istehsal həcmi və istehsala sərf olunmuş xammal-material xərcləri (o cümlədən bazar qiyməti) müəyyən edilərək, bunun məcmusunda müəssisənin yoxlanılan dövr üzrə dövriyyəsi və ona münasibətdə əlavə vergi məbləğləri hesablanmışdır.Yoxlama zamanı 2017 – 2018- ci illər üzrə icarə haqqından ödəmə mənbəyində tutulan verginin ödənilmədiyi müəyyən edilmişdir.Hesablanmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 373.055,05 manat manat maliyyə sanksiyası, eləcə də Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən müvafiq hesabatların (5 dövr üzrə hesabat) vaxtında təqdim edilməməsinə görə 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Məhkəmə kolegiyası iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 22 dekabr 2020-ci il tarixli **********142850 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda pozuntulara yol verildiyini müəyyən edir. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 12 ay davam etmiş və bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Bu qənaət ondan irəli gəlir ki, Eləcə də vergi orqanının 22 oktyabr 2019-cu il tarixli qərarlarla təyin etdiyi ilkin ekspertiza və mütəxəssis rəyinin verilməsi “Azərekspertiza” Birliyinə həvalə olunsa da, adıçəkilən qurumun rəyləri nə yoxlama aktında və yoxlamanın nəticəsi üzrə qərarda əks olunmuş, nə də məhkəmə icraatında təqdim olunmuşdur. Hansı ki, yoxlamanın müddəti bir neçə halda həmin qərarlara istinadən dayandırılmışdır. Bundan başqa, ilkin ekspertiza təyin edildikdən sonra, hansı səbəbdən digər qurum kimi "xxxx" MMC-dən yenidən ekspert rəyinin alınması zərurəti əsaslandırılmamışdır; - Cavabdeh (vergi orqanı) tərəfndən səyyar vergi yoxlaması zamanı mütəxəssis və ekspert rəyləri də nəzərə alınaraq iddiaçıya ƏDV və mənfəət vergisi hesablanmışdır. Mütəxəssis rəyi ilə ona sərf olunmuş xammal əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin istehsal həcminin müəyyənləşdirilməsi üzrə “obyektiv rəyin bildirilməsinin mümkünsüzlüyü” cavabdehin istinad etdiyi "xxxx" MMCnin 26 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin özündə də göstərilmişdir. Bundan başqa, iş üzrə məhkəmə icraatında AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən alınmış 17 sentyabr 2021-ci il tarixli ekspertiza rəyində də vurğulanmışdır ki, İddiaçı MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulu maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması AR Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə icraatında yoxlama zamanı bu ehtimalların dəqiqləşdirilmədiyi, real dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə sübutlar toplanmadığı və əlavə vergi məbləğinin böyük qisminin həmin ehtimal olunan dövriyyə əsasında hesablandığı müəyyən edilir. Halbuki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur; - Məhkəmə icraatında alınmış 17 sentyabr 2021-ci il tarixli 9/5469 saylı ekspetiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrətam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Həmin rəydə cavabdeh tərəfndən iddiaçıya 2017 – 2018-ci il üzrə 336 manat icarə haqqından ödəmə mənbəyində tutulan verginin və 0,01 manat ödəmə mənbəyində tutulan verginin əsaslı olaraq hesablandığı əks olunmuşdur. Sözügedən vergi məbləğlərinin ödənilməli olmaması və ya müvafiq bəyanmələrinin təqdim edilməsi ilə bağlı iddiaçı tərəf məhkəmə icraatında heş bir sübut təqdim etməmişdir; - Xüsusilə vurğulanmalıdır ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2017-ci ilin aprel, iyun, iyul və oktyabr ayları üzrə (yanvar, fevral, mart, may, avqust, sentyabr və noyabr ayları üzrə hesablama aparılmamışdır) ƏDV məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə AR Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 1 oktyabr 2019- cu il tarixdə qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh 22 dekabr 2020-ci il tarixli **********142840 saylı qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi inzibati orqanın bu qənaətini təksib edir və 2017 – 2018-ci illər üzrə mənfəət vergisi və 2017 – 2019-cu illərin müvafiq ayları üzrə ƏDV-nin əsassız hesablanmasını müəyyən edir. İlk növbədə nəzərə alınmalıdır ki, istər inzibati icraatda, istərsə də inzibati məhkəmə icraatında “ekspet rəyi” daha mötəbər sübut kimi qiymətləndirilir, nəinki “mütəxəssis rəyi”. Bundan başqa, hazırkı iş üzrə alınmış 17 sentyabr 2021-ci il tarixli 9/5469 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Lakin məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 336 manat icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin və 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin qanuna uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən 200 manat maliyyə sanksiasının tətbiqi qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin **********142840 nömrəli 22 dekabr 2020-ci il tarixli qərarı qismən, yəni “ƏDV və mənfəət vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsində qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********142840 nömrəli 22 dekabr 2020-ci il tarixli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır və formal mülahizələrə əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3725/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1315/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1315/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver