Məhkəmə qərarları › İş №2-1(103)-1315/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1315/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1315/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmşdır ki, o, xx xxxxxx 1960-cu il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31 iyul 1985-ci il tarixli 676 saylı əmri ilə xidmətə qəbul edilmiş, 25 noyabr 2019-cu il tarixli Ə3706 saylı əmrlə daxili işlər orqanından təqaüdə çıxmışdır. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İ Qarabağ Müharibəsi veteranıdır. 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablanmasına görə 34 il 03 ay 26 gün; imtiyazlı hesablanma ilə 41 il 03 ay 26 gün müəyyən edilmişdir. O, xidmət müddəti ərzində “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 13-cü bəndinə əsasən, Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə o, tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə, iddiaçı hər iki gündən bir 24 saatlık növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə o, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Lakin ona 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək həmin müavinətlər hesablanmamışdır və verilməmişdir. Bundan başqa, onun 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona mükafat ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar o, ərizə ilə 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin hazırki günədək onun müraciəti nazirlik tərəfindən cavablandırılmamışdır. 2020-ci ildə də o, eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, həmin müraciətə 0xx/xx-53528-4220 saylı xx.xx.2020-ci il tarixli məktubla DİN-in Baş Kadrlar İdarəsinin Rəis müavini Rüfət Həsənov cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, “Bildiririk ki, Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və mualicə olunmaları ilə əlaqədar ildə bir dəfə aylıq əmək haqqı məbləğində muavinəti verilir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 048-380-1220 nömrəli məktubuna əsasən yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən sizə məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyiniz sənədlərə əsasən xəstəlik muavinətləri ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada çəzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyinizlə əlaqədar bildiririk ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyinizi təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinizə görə sizə əlavə ödənişin verilməsi mümkün deyildir.” Cavabdehin həmin məktubunda əks olunan cavabı əsassız imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ümumi qaydalar haqqında ona məlumat verir, lakin konkret olaraq ona hansı tarixlərdə nə qədər müavinət, kompensasiya ödənilməsi haqqında məlumatları bildirmir. Onun artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə Onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır. Bundan başqa, mualicə məqsədilə polis işçisinə ödənilən müavinət üçün polis işçisi tərəfindən sənədlərin təqdim edilməsi öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya yalnız təqdim edilən sənədlər əsasında həmin müavinəti guya ödəyib. Lakin, yenə də hansı tarixlərdə, hansı dövrlər üçün qeyd edilən müavinəti ödəməsi barədə konkret məlumatları iddiaçıya təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” hissələrində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddia “01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi” hissəsində təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadından narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının 2011-ci ilin 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq fəslinə istinad edərək, iddiaçının pozulmuş hüquqlarının müdafiəsi imkanlarından istifadə etmədiyini, müddəti ötürdüyünü qeyd etmişdir. Lakin iddiaçının inzibati orqanın hərəkətlərindən şikayət verməsi üçün iddia müddətinin axımının məhz hansı tarixdən başlanması, kəsilməsi, dayandırılmasını əsaslandırmamışdır. Bildiririk ki, iddiaçıya 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Eyni zamanda 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda, ona cəmi 30 gün məzuniyyət verilmişdir. Məhkəmə sadəcə qanunvericilik aktının fəsillərinin normalarını sadalamaqla kifayətlənmiş, iddiaçının guya iddia müddətini ötürməsini əsaslandırmamışdır. İddiaçı öz tələblərində bildirmişdir ki, cavabdeh 30 iyun 2011-ci ildən hal-hazırki dövrə qədər onun hüquqlarını pozmaqda davam edir və ona çatası əmlakı (pulları) ona vermir. Beləliklə, hal hazırki vaxta qədər davam edən hüquq pozuntusuna iddia müddətinin tətbiqi əsassızdır. Məhkəmə əsaslandırmamışdır ki, iddiaçı hansı tarixdə cavabdeh tərəfindən onun ərizəsini təmin etməkdən imtina edir, hansı tarixdə iddia müddətinin axımı başlamış və hansı tarixdə qurtarmışdır. Məhkəmə hesab etmişdir ki, “Hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.” Bildiririk ki, məhkəmə bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2011-ci il tarixədək hüququnun pozulması barədə iddia tələbi məhkəməyə müraciət etmədiyindən, inzibati orqanın 2011-ci ilədək qəbul etdiyi qərarını mübahisələndirə bilməz. Lakin 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Həmin dövrdə iddiaçı tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. Göründüyü kimi, iddiaçının məzuniyyət almaq hüququ inzibati orqan tərəfindən 2012-ci il tarixdən 2019-cu il tarixədək pozulmuşdur. Məhkəmə iddiaçının istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanması və ödənilməsi tələbini əsassız olaraq mümkün hesab etməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı nümayəndə və vəkilin verdiyi izahatla razı olduğunu bildirdi və əlavə olaraq da qeyd etdi ki, işlədiyi dövrdə məzuniyyətə çıxmadığı üçün ona həmin məzuniyyət pulları ödənilməmiş, müailcə pulunun verilməsi ilə bağlı ərizələr yazmamış, lakin həmin müalicə pulları epikriz sənədlərini təqdim etdiyi zaman ona ödənilirdi, normadan artıq işləməsini, buna görə əlavə pul ödənilməməsini isə hələ işlədiyi dövrdə də bilirdi, lakin elə güman edirdi ki, həmin normadan artıq işləməsi ilə bağlı əmək haqqı ona son haqq-hesab aparılanda veriləcək, ay ərzində nə qədər əmək normasından artıq işlədiyini isə dəqiq bilmir. Qeyd olunanlarla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, qərardadın ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı məhkəmə tərəfindən mümkün sayılmayan tələbləri “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia tələblərinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ona ödənilmədiyinə istinad edərək həmin pulların ödənilməsini tələb edir. Birinci instansiya məhkəmənin sorğularına cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir. Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir. 2011-2019-cu illərdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində 3 məsul növbətçi ştatı olmuşdur. Yuxarıda qeyd olunan Təlimatın tələblərinə uyğun olaraq İddiaçı özündən başqa 2 məsul növbətçi ilə birgə növbəlik əsasında – 24 saat iş, 48 saat istirahət olmaqla xidmət aparmışdır. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun əmək haqqı almış və onun xidmət müddəti ərzində iş rejimindən narazı olması ilə əlaqədar Daxili İşlər Nazirliyinə hər hansı müraciəti daxil olmamışdır. İşin apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, işlədiyi dövrdə məzuniyyətə çıxmadığı üçün ona həmin məzuniyyət pulları ödənilməmiş, müailcə pulunun verilməsi ilə bağlı ərizələr yazmamış, lakin həmin müalicə pulları epikriz sənədlərini təqdim etdiyi zaman ona ödənilirdi, normadan artıq işləməsini, buna görə əlavə pul ödənilməməsini isə hələ işlədiyi dövrdə də bilirdi, lakin elə güman edirdi ki, həmin normadan artıq işləməsi ilə bağlı əmək haqqı ona son haqq-hesab aparılanda veriləcək, ay ərzində nə qədər əmək normasından artıq işlədiyini isə dəqiq bilmir. Göründüyü kimi, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqı, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə pulunun ödənilmədiyini elə işlədiyi dövrdə, yəni xx.xx.2011-ci ilədək bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 12 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1985-2006-cı illərdə, yəni xx.xx.2011-ci ilədək baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqı, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə pulunun ödənilmədiyini elə işlədiyi dövrdə, yəni xx.xx.2011-ci ilədək bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya onu da nəzərə alır ki, iddiaçı əgər hüquqlarının xx.xx.2019-cu il tarixdə daxili işlər orqanından təqaüdə çıxarkən pozulduğunu bildirərsə (halbuki onun tərəfindən belə dəlil onun tərəfindən irəli sürülməmiş, əksinə, ona məzuniyyət, müalicə və əmək normasından artıq işlədiyi müddətə görə əmək haqqının ödənilmədiyini işlədiyi dövrdə bildiyini qeyd edir), həmin tarixdən (xx.xx.2019-dan) sonra da vaxtında məhkəmədə iddia qaldırmadığı müəyyən olunur. Belə ki, iddiaçı hazırki iddia ilə məhkəmədə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. İddiaçının “35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə ona mükafat verilməsi” barədə tələbinə münasibətdə isə Kollegiya Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli 97-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının “Daxili İşlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin 2-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşlarının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edildiyini nəzərə alaraq hesab edir ki, daxili işlər orqanlarının sabiq əməkdaşına qüsursuz xidmətə görə mükafat və ya medal verilməsi ilə bağlı məsələ qanunvericilikdə inzibati orqanın vəzifəsinə aid edilmədiyindən birinci instansiya məhkəməsi iddiaçının həmin tələbini də qeyri-mümkün saymaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd olunan iddia tələblərinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2947/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X4 Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar