Məhkəmə qərarları › İş №2-1(103)-1315/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1315/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1315/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10396/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********195700 saylı və xx.xx.2024-cü il tarixli **********041500 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" QSC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********195700 saylı, xx.xx.2024-cü il tarixli **********686200 saylı, xx.xx.2024-cü il tarixli **********041500 saylı və xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Müəssisənin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2020-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı QSC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********041500 saylı qərarla 122.646,00 manat 2024-cü ilin mart ayı, 02 may 2024-cü il tarixli **********195700 saylı qərarla 92.689,48 manat 2024-cü ilin fevral ayı üçün ƏDV məbləğləri hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hesablanmış kameral vergi məbləğinin hesablanmamasına dair xx.xx.2024cü il tarixdə müraciət edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən təsərrüfat fəaliyyətindən irəli gələn işlərin görülməsi üzrə 01 mart 2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN: **********) ilə xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid müqavilədə göstərilən ərazilər üzrə kabel xətlərinin çəkilməsi və sair elektrik işləri görülmüşdür, mallar alınmışdır. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında göstərilən müəssisələr ilə əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə, iddiaçı müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinim 13.2.82ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı "xxxx", "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışlar. Həmin şirkətlər real mal təqdim edən şirkətdir, belə ki, onun müvafiq xidmətlər göstərməsi və işləri görməsi barədə müvafiq dövlət orqanlarından lisenziya da almışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi-nəzərdən vergi orqanının QSCyə münasibətdə ƏDV hesablamasının aparılması ədalətsiz və qanunsuz hesab olunur. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir. Vergi orqanının qəbul etdiyi qərarları qanunsuz və əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx", "xxxx","xxxx", "xxxx"MMC-lər riskli vergi ödəyicisi olmayan müəssisələr kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda, bu cür işlər üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) e-2-1(112)-10396/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" QSC (VÖEN **********) münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********195700 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********686200 nömrəli qərar, xx.xx.2024-cü il tarixli **********041500 nömrəli qərar və xx.xx.2024-cü il tarixli **********524800 nömrəli qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********195700 saylı və xx.xx.2024-cü il tarixli **********041500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən cavabdeh tərəfindən çıxarılmış həmçinin xx.xx.2024-cü il tarixli **********524800 saylı qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə növbəti dəfə iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən cavabdehin xx.xx.2024-cü il tarixli **********195700 saylı, xx.xx.2024-cü il tarixli **********041500 saylı, xx.xx.2024-cü il tarixli **********524800 saylı və xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2024-cü il tarixli dəqiqləşmə ərizəsi icraata qəbul edilmiş və həmin gün iş üzrə qərar qəbul edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********195700 saylı, xx.xx.2024-cü il tarixli **********041500 saylı, xx.xx.2024-cü il tarixli **********524800 saylı və xx.xx.2024-cü il tarixli **********686200 saylı qərarları ləğv edilmişdir. İddiaçı iddia ərizəsinə əlavədə qeyd etdiyi qərardan kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürülmüşdür. İddiaçı QSC xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək, “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2012-ci il 30 dekabr tarixli **********530000 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmçinin, iddiaçı ilə vergi orqanı arasında müvafiq (xx.xx.2020-ci il tarixlərdə bağlanmış “Elektron sənəd mübadiləsi haqqında”) müqavilə bağlandığından və həmin müqavilə ləğv edilmədiyindən, eləcə də sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütamadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq, lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilən müqavilələrin tələblərinə əsasən “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********686200 saylı qərar iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Odur ki, hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********686200 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə, həmçinin cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli **********524800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərar xx.xx.2024-cü il tarixdə oxumuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Mübahisələndirilən 2024-cü ilin fevral ayı ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli **********686200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2024-cü il tarixli **********195700 saylı qərarı ləğv edilmişdir. Həmin qərar məhkəməyə təqdim edilmiş, həmçinin vəsatət təqdim edilmiş, lakin məhkəmə araşdırmasından kənar qalmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin fevral, mart və aprel ayı üzrə ƏDV vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü ilin mart ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********067500 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 122646.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 122646.0 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********067500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 122646.0 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********041500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2.-ci yarımbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə bu hallar riskli əməliyyatlar olaraq qiymətləndirilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı QSC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə 2612717,58 manat dəyərində əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), “PERAZEL EL" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir və qeyd edilən müəssisələr “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdirlər. Qeyd olunan vergi ödəyicilərinin təsərrüfat subyektlətinə (obyektlərinə) operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. "xxxx" MMC-nin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X8 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Fiziki şəxs X3 (VÖEN **********) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 1222,2 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “İki tərəfli rəngli şüşə.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********553500 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2023-cü il taixli **********135100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarix aralığında "xxxx" MMC tərəfindən e-qaimə faktura məlumatlarına 69500 manat (ƏDV-siz) dəyərində “400 KVA KTM 10/0.4 kv, KTM 100 kva, KTM 250kvA” və digər mallar təqdim edildiyi halda, baza məlumatlarına əsasən təqdim edilmiş mallar müəssisənin alışında və idxalında olmadığı müəyyən edildiyi üçün əməliyyat riskli hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı, vergi ödəyicisinə xx.xx.2022-ci il taixli **********047700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixində cəmi 55,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Keromoqranit, Laminat, Pilleken isiqlar, Qranitler, Sanuzel kafel və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il taixli **********367200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Həmçinin araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin aprel ayı ƏDV bəyannaməsi üzrə (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDH seriyalı 795961, (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 737591, (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDD seriyalı 236805, (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 835313, 850419 və 852474 və (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 918264 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 119337,02 manat kənarlaşma yaranmışdır. Həmçinin, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 10000.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 2205 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 12250.00 manat (ƏDV DH-na daxil olmuş 2205 manat ƏDV/0,18) daxil olmuş məbləğdən 2250.00 manat az göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 2024-cü ilin fevral ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********923600 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaiməfakturalar üzrə 92689,48 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 92689,48 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********923600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 92689,48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********686200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Belə ki, 2024-cü ilin fevral ayı ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 737591 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1039.5 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1039.5 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 852474 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 90947.92 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 90947.92 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDL seriyalı 918264 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 540.02 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 540,02 manat kənarlaşma yaranmışdır. Həmçinin, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.7 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə -5521.73 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir Məhkəmə qərarını onunla əsaslandırır ki, iddiaçı yuxarıda sadalanan şəxslərlə müqavilə bağlayan zaman onlar riskli vergi ödəyicisi olmamışlar. Belə ki, vergi orqanı tərəfindən müqavilələrin bağlanması anında həmin şəxslərin riskli vergi ödəyiciləri olması barədə məlumat dərc edilməmiş, iddiaçıya bu bardə xəbərdarlıq edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, hazırki halda əməliyyat baş tutmamış şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi qeyri-mümkündür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********195700 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il fevral ayı üçün əlavə dəyər vergisi üzrə 92.689,48 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 may 2024-cü il tarixli, **********686200 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il fevral ayı üçün əlavə dəyər vergisi üzrə 5.521,73 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 may 2024-cü il tarixli, **********041500 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 122.646,00 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 iyul 2024-cü il tarixli, **********524800 nömrəli qərarından görünür ki, İddiaçı QSC-yə kameral yoxlama nəticəsində 2024-cü il aprel ayı üçün əlavə dəyər vergisi üzrə 119.742,02 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ünvanlanmış “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə” Xəbərdarlıqda qeyd edilir: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********617700 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 852474 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********499600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 835313 nömrəli, xx.xx.2023 tarixli EBDL seriyalı 918264 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 737591 nömrəli) elektron qaiməfaktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********372900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDJ seriyalı 850419 nömrəli, xx.xx.2023 tarixli EBDH seriyalı 795961 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024 tarixli **********617900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023 tarixli EBDD seriyalı 236805 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi”nə dair İnternet vergi məlumatlarına əsasən: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********617700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********499600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********372900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********617900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərarla (6-cı bənddə qeyd edilir) xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş olduğu göstərilsə də, həmin xx.xx.2024-cü il tarixli qərarla aparılmış hesablamanın nəticələri aradan qaldırılmamış, şəxsi vərəqədə düzəliş aparılmamış, sonrakı xx.xx.2024-cü il tarixli qərarla hətta xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmiş hesablamadan əlavə hesablama aparılmışdır. Odur ki, eyni tədiyyə üzrə eyni hesabat dövrünə aid olmuş olsa da (fevral 2024-ƏDV hesabatı), iddiaçının hər iki inzibati aktı mübahisələndirmək hüququ var. Bundan başqa, qərarların mübahisələndirilməsi üçün iddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, müvafiq inzibati aktlar qanunvericilikdə nəzərdə tutulan forma tələblərinə uyğun olaraq təqdim edilmədiyindən məhkəməyə müraciət üçün nəzərdə tutulan müddətlər ötürülmüş hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi məlumatlarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2024-cü il tarixli, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixli qərarları ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının həmin vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10396/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar