Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1316/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Cavabdeh2a Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3276/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Cavabdeh2 MTK) məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi ev 137a nömrəli binanın qapı 83-ün (mansardın) qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçının xx.xx.2018-ci il tarixli Binəqədi RİH-ə ünvanladığı müraciətində qanunvericiliklə nəzərdə tutulan sənədlər (keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı) tam əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Bundan başqa, iddiaçının xx.xx.2018-ci il tarixli Binəqədi RİH-ə ünvanladığı müraciətində qanunvericiliklə nəzərdə tutulan sənədlər tam əlavə edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, Mir Cəlal küçəsi 137A, qapı 83-də yerləşən 65,1 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə müraciətinə cavabdehin xx.xx.2018-ci il tarixli 2/12-11-11/7-130-159 nömrəli məktubunda imtinanın əsası kimi göstərilmişdir ki, mansard mərtəbədə sanitar qovşağıhamam nəzərdə tutulmamışdır. Cavabdeh2 MTK-nın xx.xx.2018-ci il tarixli arayışına əsasən, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi 137A, qapı 83 (mansard) mərtəbənin planı arxivə təhvil verildiyindən həmin plan iddiaçıya təqdim edilə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə AR Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin qanunvericilik aktının: 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir; 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Göründüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi qanunvericiliklə tələb olunan sənədlərdən biri də keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu planı cavabdehə təqdim etməmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planının cavabdehə təqdim olunmamasını iddiaçı da təsdiq edir və bunu Cavabdeh2 MTK-nın həmin planı ona verməməsi ilə əsaslandırır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), AR Mənzil Məcəlləsinin 21-ci maddəsinin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müraciətinin icrasından cavabdehin imtinası ümumən qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, şikayət təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3276/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr. Mir Cəlal küçəsi ev 137a nömrəli binanın qapı 83-ün (mansardın) qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Cavabdeh2a Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1316/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1316/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver