Məhkəmə qərarları › İş №2-1(103)-1317/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1317/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1317/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4151/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 37/1 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 38 yaşlı, İran əsillidir, fars etnik mənsubiyyətinə və inancına görə Bahaiyə mənsubdur. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. O, 12 illik orta məktəbi bitirib. X3 İnstitutuna daxil olub və orada bir il yarım oxuyub. O, ölkəsindən kortəbii getməsi səbəbindən təhsili davam etdirə bilməyib. Onun atası 2007-ci ildə vəfat edib, anası hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayır. Onun iki bacısı var, ikisi də ABŞ-ın Kaliforniya ştatında yaşayır. O, əvvəllər İranda eynək ustası kimi çalışırdı. O, bəhai xalqına pis rəftar edildiyinə görə vətənini tərk etmək qərarına gəlmişdir. 2007-ci ildə atasının ölümündən sonra səlahiyyətlilər onun lisenziyasının müddətini uzatmaqdan imtina etdikləri üçün işlərini davam etdirməsinə icazə vermədilər. O, İran hakimiyyətinin hər an onu qanunsuz iş fəaliyyətində ittiham edə biləcəyindən qorxaraq qanunsuz işləməyə məcbur oldu. O, Bəhai xalqına təzyiqlərin daha da gücləndiyi bir vaxtda, 2016-cı ildə İrandan getməyincə göz eynəyi ustası olaraq işləməyi davam etdirdiyini bildirdi. O, ölkəsində həm hökumət, həm də cəmiyyət tərəfindən fiziki və psixoloji pis rəftarla qarşılaşdığını iddia etdi. O, bildirdi ki, 2015-ci ilin sonlarında bazarda gəzəndə, naməlum şəxslər onu divara itələmiş və ciblərini axtarmağa başlamışlar. Sonra onu polis bölməsinə aparıb həbs etdilər. Ona qanunsuz iş fəaliyyətində ittiham edildi və iki gündən sonra məhkəməyə göndərildi. Birinci məhkəmə iclasından sonra o, girov müqabilində azad edildi və bu barədə məlumat alacağı zaman ikinci iclasda iştirak etməsi barədə xəbərdarlıq edildi. O, məhkəmə iclasını gözləməmək qərarına gəldi və x xxxxxx 2016-cı ildə İrandan Türkiyəyə getdi. Türkiyədə o, UNHCR-da sığınacaq axtaran şəxs kimi qeydiyyata alındı. x xxxxxx 2019-cu il tarixə qədər Gürcüstan ərazisi ilə Azərbaycana gedərkən Türkiyədə yaşayıb. O, xx xxxxxx 2019-cu ildə Azərbaycana gəlib. xx xxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, dini inanca görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. xx xxxxxx 2020-ci ildə DMX İQ-37/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4151/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4151/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin materialları ilə müəyyən edilir ki, İran İslam Respublikasının vətəndaşı (Pasport: X96578081), hazırda ünvan 1 T ünvanında müvəqqəti yaşayan, xx.xx.1981 -ci il təvəllüdlü İddiaçı Ali xx xxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir.İddiaçı müsahibə zamanı da hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İran İslam Respublikasının vətəndaşıdır. O, xx xxxxxx 2019-cu ildə Azərbaycana gəlib. xx xxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, dini inanca görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın — Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adı çəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmamış, bununla da iddiaçı və ailə üzvünün vətəndaşı olduqları ölkədə təqibə məruz qalmaları müəyyən olunmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, İddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün yetərli olmadığını nəzərə alaraq, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4151/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar