Məhkəmə qərarları › İş №2-1(103)-1317/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1317/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1317/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq alınmış pensiya məbləğinin geri qaytqarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3551/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 1.222,08 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh şikayəti qəbul etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. ... Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı münasibətlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən 82.1-ci və 82.2-ci maddələri tətbiq edilməklə, inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilərək icra edilməsi üçün icra məmuruna göndərilməli idi. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda bəhs edilən normalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə isə, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Bu mənada, məhkəmə kollegiyası bildirir ki, əvvəlcə, “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” qanunların kolliziyası mövcud deyil. Belə bir hal fərz olunsa, onda, pensiya hüquq münasibətlərində“Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun 39.1-ci maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3551/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar