Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1317/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Beyləqan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsinə qarşı “sənədlərin arxivə yerləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-4650/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15.12.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçının müraciətinə uyğun olmayan cavabının qanunsuz hesab edilməsi, iddiaçıda olan sənədlərin əslini (hərbi bilet, tibbi kitabça, hərbi hospitaldan verilmiş xəstəlik barədə şəhadətnamə, hərbi hissə əmrləri və digər sənədlərin əslini) qəbul edib arxivə yerləşdirilməsi barədə cavabdehə öhdəlik qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək 10.01.2022-ci il tarixli sərəncamla iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş,iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-4650/2022 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-4650/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin mahiyyətini cavabdehin iddiaçının müraciətinə uyğun olmayan cavabının qanunsuz hesab edilməsi, iddiaçıda olan sənədlərin əslini (hərbi bilet, tibbi kitabça, hərbi hospitaldan verilmiş xəstəlik barədə şəhadətnamə, hərbi hissə əmrləri və digər sənədlərin əslini) qəbul edib arxivə yerləşdirilməsi təşkil edir. İş materiallarında olan 30.06.1992-ci il tarixli, 45 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən qeyd olunmuşdur ki, özünü 1984-cü ildən xəstə hesab edir, diaqnoz epilepsiya, nadir tutmalarla, tutmalardan kənarda psixi pozuntu olmadan, hər iki gözün miyopiyası, 2,0 d, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3423/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi biletin ərizəçiyə məxsus olması, hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə ərizəsinin təmin edilmiş, Azərbaycan SSR Bakı şəhər Nərimanov rayonu Hərbi Komissarlığı tərəfindən 23.10.1979cu il tarixdə verilmiş, NZ ******* nömrəli hərbi bilet xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmiş, 15.06.1992-ci ildən 30.06.1992-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alması və hərbi hospital tərəfindən 30.06.1992-ci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin xx.xx.1961-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin kserosurətinə əsasən müəyyən edilir ki, hərbi biletin 18-ci qrafasında ( hərbi əməliyyatlarda iştirak) “16.03.-08.07.1992-ci ildə 723 №-li h/h-nin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur. Qərargah rəisi Əliyev M.” qeyd edilmiş, qeyddə möhür, imza çəkilməmiş və üzərindən yazının pozulma işarəsi kimi xətlər çəkilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1. arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir. Maddə 8. Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamə: 2.1. Milli arxiv fondunun komplektləşdirilməsi dedikdə, onun müntəzəm surətdə ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni və ya tarixi əhəmiyyəti olan sənədlərlə tamamlanması nəzərdə tutulur. 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. 2.11. Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların özündə daimi mühafizə olunur. 4.9. Dövlət arxivləri sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. Arxivlər vətəndaşlara yalnız onları maraqlandıran məlumatların saxlandığı müvafiq arxiv fondlarının yerləri haqqında məlumat verir və sənədlərdən istifadə qaydaların izah edir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimat: 2.1. Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. 2.2. İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. 3.1. İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. İdarənin sənəd fondu Azərbaycan Respublikasının kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktlarına, sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi və sahə siyahılarına, işlərin nomenklatur-siyahısına uyğun sənədlərin sistemləşdirilməsi və işlərin formalaşdırılması əsasında yaradılır. 3.3. Arxiv fondunun aşağıdakı növləri vardır: 3.3.1. idarənin arxiv fondu - bir idarənin arxiv fondu sənədlərinin məcmusu olaraq təşkil olunur; (-) 3.3.4. şəxsi mənşəli arxiv fondu - bir şəxsin, ailənin, nəslin həyat və fəaliyyəti nəticəsində yaranan, hər hansı təşkilatın fəaliyyətində istifadə olunmayan sənədlərin məcmusundan təşkil edilir. 3.7.2. Azərbaycan Respublikasının icra hakimiyyəti, prokurorluq, məhkəmə və yerli özünüidarəetmə orqanlarının sənədlərindən müstəqil arxiv fondu yaradılır. 3.9. Sahibi tərəfindən saxlanılmaq üçün idarə arxivinə təhvil verilmiş şəxsi sənədlərdən şəxsi mənşəli arxiv fondu yaradılır. Şəxsi mənşəli sənədlərdən təşkil olunan arxiv fonduna sənədlərdə ictimai və yaradıcılıq fəaliyyəti barədə geniş məlumat verilmiş şəxsin adı verilir. Qohumluq, peşə, yaradıcılıq əlaqələrinə görə bir-birinə bağlı iki və daha artıq şəxsin arxiv sənədlərindən birləşmiş arxiv fondu yaradıla bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxiv İdarəsinə inzibati orqanın özü tərəfindən fəaliyyəti nəticəsində yaranan və müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün sənədlər təhvil verilir. Arxiv İdarəsi tərəfindən isə vətəndaşların arxiv arayışlarının, arxiv sənədlərinin surətinin və ya arxiv sənədlərindən çıxarışların verilməsi ilə bağlı müraciətlərinə baxılır və sosial-hüquqi xarakterli sorğuların icrasından başqa vətəndaşların arxiv sənədləri əsasında sorğularını yerinə yetirməyə borclu deyildir. İş materiallarından, habelə cavabdehin etirazından da aydın olur ki, iddiaçının müraciətinə müvafiq qaydada baxılaraq iddiaçının xidmətinə dair arxivdə olan əmrlər əsasında araşdırma aparılaraq, iddiaçıya arayış təqdim edilmişdir. Hazırkı iddiasında isə iddiaçı onda olan sənədlərin qəbul edilib arxivə yerləşdirilməsini tələb edir ki, belə bir hal da qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. İddia ərizəsinin məzmunun və mahiyyəti uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçının arzuladığı məqsəd Müharibə veteranı adı və vəsiqəsinin verilməsi olsa da, iddia ərizəsinin xahiş hissəsində ona aid şəxsi sənədlərin Arxivə əlavə edilməsi göstərilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının özünə məxsus şəxsi arxiv sənədlərinin cavabdeh orqanın Arxivində yerləşdirilməsi barədə iddia tələbinin mümkün hesab edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-4650/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1317/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1317/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver