Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1317/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X5) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2-1(112)- 8042/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid planölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsi tullantılardan ibarət yararsız torpaq sahəsi olmuşdur. O, 1982-ci ildə həmin torpaq sahəsini tullantılardan təmizləyərək abadlaşdırmış, istifadəyə yararlı vəziyyətə gətirmişdir. Artıq 40 ildir ki, həmin torpaq sahəsinə fasiləsiz, etirazsız sahiblik edir və istifadə edir. O, Bakı şəhəri, Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, İdarə ona imtina cavabı vermişdir. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. O, 1982-ci ildə abadlaşdırdığı həmin torpaq sahəsinə 40 ildir ki, fasiləsiz, etirazsız sahiblik və istifadə edir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ümumi istifadədə olan parkın yaşıllıq ərazisində yerləşir. Həmçinin, göstərilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2-1(112)-8042/2023 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə abadlaşdırdığı həmin torpaq sahəsinə 40 ildir ki, fasiləsiz, etirazsız sahiblik və istifadə edir. AR Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli məktubu ilə də, onun sözügedən torpaq sahəsini tullantılardan təmizləyərək abadlaşdırdığı öz təsdiqini tapmış, eyni zamanda həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli məktubu ilə tikinti aparılmasına razılıq verilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 09 aprel 1999-cu il tarixli məktubu ilə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli məktubu nəzərə alınaraq 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə təqdim olunmuş eskiz layihəsi Rayon İcra Hakimiyyəti memarlıq Şöbəsində razılaşdırılır. Sözügedən torpaq sahəsinin sağ və solunda yaşayış evləri yerləşir. Əgər torpaq sahəsi ümumi istifadədə olan parkın yaşıllıq ərazisində yerləşsə idi, o zaman həmin yerdə yaşayış evləri olmazdı və yuxarıda qeyd etdiyi qurumlar tərəfindən torpaq sahəsində ona fərdi yaşayış evinin tikintisinə razılıq verməzdilər. Üstəlik, 3-cü şəxs kimi cəlb edilmiş X5 mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsini göstərmiş, lakin onun müraciətindən imtina edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsi heç kəsin xüsusi mülkiyyətində deyil. Bundan başqa, məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktda istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yaşayan şəxslər sözügedən torpaq sahəsinin, həqiqətən, 1982-ci ildən onun istifadəsində olmasını təsdiq etmişlər. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin --139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının Xətai Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış E-24 nömrəli xx.xx.1999-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında vət. İddiaçı şəxsi vəsaiti hesabına tullantılardan təmizləyərək istifadəyə yararlı hala gətirdiyi 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə təqdim etdiyi eskiz layihəsinin razılaşdırılmasını xahiş etmiş, araşdırma zamanı N.Tusi 6a saylı binanın yaxınlığında vət. İddiaçı istifadəyə yararlı hala gətirdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilmiş, qeyd olunanlara əsasən vət. İddiaçı ərizəsi digər sənədlərlə Xətai Rayon İcra Hakimiyyəti Başçısına göndərilməklə, N.Tusi 6a saylı binanın yaxınlığında fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanlanmış xx.xx.1999-cu il tarixli Q-31/2-027 saylı məktubundan görünür ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1713 saylı, xx.xx.1999-cu il tarixli razılıq məktubu nəzərə alınaraq vət. İddiaçı Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında istifadəsində olan 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə təqdim olunmuş eskiz layihəsi rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində razılaşdırılmış, ayrılmış torpaq sahəsində təyinatına görə istifadə edilməsinə, ətraf sahələrin sanitar vəziyyətinə nəzarət etmək, ərazinin müntəzəm təmizliyinin təmin edilməsi üçün Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanılması vət. İddiaçı tapşırılmışdır. İddiaçı qeyd olunan məktublara istinad edərək, 40 ildən artıq istifadə etdiyini iddia etdiyi Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtina əsası kimi də hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasına istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsasları müəyyən edilmişdir, hazırki iş üzrə iddiaçı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas olan sənədlərdən heç birini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. İddiaçının istinad etdiyi məktublar nəzərə alınmaqla Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi 6a saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsindən istifadə edilməsi və üzərində fərdi yaşayış evinin tikilməsi ilə bağlı rayon İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanlanmış xx.xx.1999-cu il tarixli Q-31/2-027 saylı məktubu ilə mübahisəli ünvanda 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə təqdim olunmuş eskiz layihəsi razılaşdırılsa da, həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə hər hansı bir qərar qəbul edilməmiş, buna uyğun olaraq iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüququmüəyyənedici sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, işdə olan iddiaçının müraciəti əsasında daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi Heydər Əliyev adına parkın bir hissəsində yerləşir, 2 tərəf qonşu, bir tərəf hasar, bir tərəf şərtidir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı iddiaçının ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin, Heydər Əliyev adına parkın giriş hissəsini əhatə etdiyi müəyyən olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 398 nömrəli, xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 59, mənzil 142 –də yaşayan X3 fərdi yaşayış evi tikmək üçün Nəsrəddin Tusi küçəsi, 6a saylı evin yanında 600 kv.metr torpaq sahəsi ayrılmış, E.Novruzov həmin torpaq sahəsiniə hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət edərkən hazırda iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsini göstərmiş, cavabdeh isə 2018-ci ildə elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsinin 310 kv.metr hissəsinin parkın (sərhədlər tam hasarlanmamışdır, yaşıllıq) ərazisində yerləşməsi və əlavə 135 kv.metr torpaq sahəsində istifadə edilməsi əsası ilə imtina cavabı vermişdir. Bundan əlavə iddiaçı iddia tələbində, apellyasiya şikayətində həmçinin, sözügedən torpaq sahəsinə 30 ildən artıq fasiləsiz və etirazsız faktiki sahiblik etdiyini bildirmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 28 dekabr 1999-cu il tarixli qanunda həmin Məcəllənin 178.6-cı maddəsinin geriyə qüvvəsi barədə norma olmadığına görə, həmin maddədə göstərilən müddətlərin axımı Mülki Məcəllənin qüvvəyə mindiyi vaxtdan, yəni 1 sentyabr 2000-ci ildən başlayır. Beləliklə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri təqdim edilmədiyindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2-1(112)-8042/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1317/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1317/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver