Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1317/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı “iddiaçının ölkə hüdudlarından girişçıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı 14 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının ölkə hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı 5 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1976/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-386/2023 saylı 1 mart 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı 5 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkün sayılmamış və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələb üzrə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-2286/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət vermədiyindən qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün birinci instansiya məhkməsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı 31 avqust 2023- cü il tarixli qərarının icra olunmadığını bildirərək yardımçı olmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra məhkəmə tərəfindən cavabdehə 22 yanvar 2024-cü il tarixdə yenidən məktubla müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının icra olunmadığı halda, İPM-in 120-ci maddəsinin tələblərinə uyğun cərimə olunacağı barədə xəbərdarlıq verilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə qərarı cavabdeh qurum tərəfindən icra olunmadığı üçün Bakı İnzibati Məhkəməsi 2-1(112)-1976/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Lakin üzərinə müvafiq məhdudiyyətin götürülməsi öhdəliyi qoyulmuş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məhkəmə aktından şikayət vermədiyi halda, icra hərəkətlərinin yerinə yetirilməsinin texniki cəhətdən mümkün olmamasını əsas gətirməklə kifayətlənmiş, məhkəmə qərarının icrasını bu istiqamətdə tədbir görmədən təmin etməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2- 1(103)-2649/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2718/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli 2-1(103)- 2649/2024 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin təkrar apellyasiya baxışı xx.xx.2025-ci il tarixə təyin edilmiş və həmin tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın cərimə edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İnzibati Prosessual Məcəllənin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4- cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. İş materiallarından da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə 22 yanvar 2024-cü il tarixdə yenidən məktubla müraciət olunaraq Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının icra olunmadığı halda, İPM-in 120-ci maddəsinin tələblərinə uyğun cərimə olunacağı barədə xəbərdarlıq verilmişdir. Buna baxmayaraq cavabdeh orqanın təqsiri üzündən indiyənədək məhkəmə qərarı icrasız qalmışdır. Cavabdehin əsas dəlili isə ondan ibarət olmuşdur ki, onun tərəfindən iddiaçı barəsində hər hansı məhdudiyyət qoyulmamış, digər inzibati orqan (DİN) tərəfindən “çıxışı qadağandır” statusu tətbiq edildiyindən, cavabdehin qanunvericilikdən irəli gələn məhdudiyyəti götürməklə bağlı hər hansı hərəkət etmək səlahiyyəti yoxdur. Bu barədə məhkəmə kollegiyası cavabdehin nəzərinə çatdırır ki, qeyd edilən hal qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane ola bilməz. Çünki yuxarıda da qeyd olunduğu ki, qanuni qüvvəsini almış məhkəmə qərarının hər kəs tərəfindən icrası məcburidir. Belə olan halda cavabdeh qurum digər inzibati orqan (DİN) tərəfindən “çıxışı qadağandır” statusunun tətbiqinə deyil, artıq bu məsələyə məhkəmələr tərəfindən qiymət verildiyi üçün mövcud qüvvədə olan məhkəmə qərarının icra edilməli olması prizmasından yanaşaraq Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarını icra etməlidir. Belə icra tədbiri isə məhkəmə qərarının 2023-cü ildən qəbul edilməsinə baxmayaraq indiyənədək əsassız həyata keçirilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq inzibati orqanın cərimə olunması qənaətinə gəlmişdir. Odur ki , məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı 14 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı 14 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1317/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1317/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver