Məhkəmə qərarları › İş №2-1(103)-1318/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1318/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1318/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı “torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsilə alqı-satqı ilə iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11084/2021 saylı 14.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana bələdiyyəsinə qarşı «torpaq sahəsinnin hərrac və ya müsabiqə vasitəsilə alqı-satqı ilə iddiaçının mülkiyyətinə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən 600 kv.m torpaq sahəsi 2004-cü ildən iddiaçının istifadəsindədir. Bu günədək iddiaçı bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, vergiləri ödəmişdir. Həmin torpaq sahəsini mülkiyyətinə keçirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu 25.09.2019-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina edərək bildirilmişdir ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Halhazırda torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparılmadığından, istifadəsində olan torpaq sahəsinin qərarla onun (iddiaçının) adına sənədləşdirilməsi mümkün deyil. İddiaçı artıq 17 il torpaq sahəsi onun istifadəsində olduğunu və bu müddət ərzində Ramana bələdiyyəsi tərəfindən geri alınmadığını qeyd edərək, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 9.1-ci maddələrinə, İPM-in 2.2.2, 8.1.1, 33, 73-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11084/2021 saylı 14.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aparmadan əsassız olaraq onun iddiasını mümkün saymamışdır. İşə baxılarkən yalnız cavabdeh Sabunçu rayonu Ramana Bələdiyyəsinin nümayəndəsinin sözügedən torpaq sahəsinin Ramana bələdiyyəsinin mülkiyyətində deyildir” ifadəsinə əsaslanmış, digər sübutlara qiymət verməmiş, əlavə araşdırma aparmağı lüzum bilməmişdir. Halbuki, qeyd etdiyi kimi, 2004-cü ildən həmin torpaq sahəsindən istifadə edir və buna görə torpaq vergisi ödəyir. Əgər torpaq bələdiyyənin deyildirsə, bəs nəyə görə 17 il ondan torpaq vergisi alınır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 2.1-ci maddəsindən aydın olur ki,torpaq sahəsi Ramana qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyindən bələdiyyənin həmin torpağa sərəncam vermək səlahiyyəti var. Məhkəmənin cavabdehin nümayəndəsinin izahatı ilə razılaşması düzgün deyil. Qərardad tamamilə əsassızdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəməyə gəlmədikləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə, 2004-cü ildən faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahədə yerləşən 600 kv.m torpaq sahəsinin hərrac vasitəsilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir (İPM m2.2.2.). İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Başqa sözlə, Məcəllənin sözügedən norması, mənası baxımından onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar çərçivəsində, müvafiq sübutlar da əlavə edilməklə qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Birincisi, iddiaçının məsələ ilə bağlı məhkəməyə qədər ilkin müraciətinə cavabdeh bələdiyyə tərəfindən 25 sentyabr 2019-cu il tarixində imtina cavabı verildiyi halda, iddiaçı həmin imtina cavabını məhkəməyə məcburetmə haqqında iddia ərizəsi ilə 04.10.2021-ci il tarixində, yəni 2 (iki) ildən də sonra müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 33.2ci maddəsinin tələbinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələbinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunla müəyyən edilən prosessual müddət ötürülmüşdür. Bundan əlavə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq saəhsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy alınsın. Lakin, Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndiskommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» 30.12.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır ki:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı 01.01.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığı təqdirdə, konkret halda, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə cavabdeh Ramana bələdiyyəsinin 2004-cü ildən iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsini hərrac yolu ilə ona satmaqla mülkiyyətinə vermək səlahiyyəti reallaşa bilməz. Bütün bu, yuxarıda qeyd olunanlar, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin qeyd edilən tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, məhkəmə heç bir araşdırma aparmadan, əsassız qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-11084/2021 saylı 14.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11084/2021 saylı 14.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar