Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1318/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-13782/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən ipoteka predmeti olmuş ev üzrə cavabdeh tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-13782/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərardadda göstərilmişdir ki, iddia tələbinin mümkün sayılmama əsası iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh inzibati orqana müraciət etməməsidir. Lakin qeyd etmək lazımdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 2 ünvanında yerləşən ipoteka predmeti olan ev üzrə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********42 nömrəli imtina məktubu ilə cavab verilmişdir. Buna görə də hesab edirlər ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-l(112)-13782/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardad tamamilə formal mülahizəyə əsaslanır və əsassızdır. Eyni zamanda sözügedən qərardadda göstərilmişdir ki, iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Lakin tərəflərindən məhkəməyə ərizə verilərək sübutların təqdim ediləcəyi bildirilsə də, Bakı İnzibati Məhkəməsi tərəfindən nəzərə alınmamış və prosessual pozuntu törədilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, hazırkı tələblə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizəyə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********42 nömrəli imtina məktubu ilə cavab verilmişdir. Buna görə də hesab edirlər ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-l(112)- 13782/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardad tamamilə formal mülahizəyə əsaslanır və əsassızdır. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdehə müraciət etməsini təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, həmçinin, apellyasiya şikayətinə əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilinin əksinə olaraq iş materiallarının 61-ci vərəqində olan xx.xx.2023-cü il tarixli AKT-dan da görünür ki, İddiaçı tərəfindən məhkəməyə poçt vasitəsilə daxil olmuş apellyasiya şikayətinə qoşmada qeyd olunan Bakı İnzibati Məhkəməsinin Qərarının surəti və imtina məktubu aşkar edilməmişdir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır və həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)- 13782/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-13782/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1318/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1318/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver