Məhkəmə qərarları › İş №2-1(103)-1319/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1319/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1319/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-2588/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “2017-ci ilin 4-cü rübü, 2018-ci ilin 4 rübü və 2019-cu ilin 4 rübünə dair 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş dəqiqləşmiş hesabatların qəbul edilməsi öhdəliyinin Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2007-2019-cu illər üzrə dəqiqləşdirilmiş məcburi dövlət sosial sığortaya dair müəssisə tərəfindən əvvəlcə ilkin hesabatlar təqdim edilmişdir. Lakin 2017-2019-cu illər üzrə həmin dövrlər üçün dəqiqləşmiş hesabatları təqdim etsələr də, həmin hesabatların qəbul edilməsindən imtina edilmiş və səbəb olaraq hesabat formalarının fərqli olması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövrlər üçün dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi məqsədilə proqram təminatında müvafiq dəyişikliklər edilməməsi göstərilmişdir. Bildirirlər ki, qanunvericilikdə dəqiqləşdirilmiş hesabatın DSMF orqanına hansı müddət ərzində təqdim edilməsi müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-2588/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə iddiaçı tərəf olmaqlarına baxmayaraq proses barədə heç bir məhkəmə bildirişi almamışlar. Bununla da onların məhkəmə prosesində iştirak etmək, çıxış etmək, etiraz və vəsatətlər vermək kimi prosessual hüquqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsi nəticəsində onların məhkəmə proseslərində iştirak etməmələri tərəflərin bərabərliyi, çəkişmə prinsipinin təmin edilməsinə, digər tərəfdən isə işlərə ədalətlə və ağlabatan müddətdə baxılmasına mane olur. Məhkəmə qərardadında qeyd olunmuşdur ki, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkün sayılmamalıdır. Halbuki, iddia ərizəsində 2017-2019-cu illər üzrə həmin dövrlər üçün dəqiqləşmiş hesabatları təqdim etsələr də, həmin hesabatların qəbul edilməsindən imtina edildiyini və səbəb olaraq hesabat formalarının fərqli olması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövrlər üçün dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi məqsədilə proqram təminatında müvafiq dəyişikliklər edilməməsinin göstərildiyini qeyd etmişlər. Məhkəmə isə iddia ərizəsində qeyd olunanları nəzərə almadan qarşı tərəfin iddianın mümkün sayılmaması barədə vəsatətini əsas götürərək formal qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 07 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli, 421 nömrəli Fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə 2019-cu ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. İşin faktiki halları ilə bağlı bildirirlər ki, iddiaçı 2017-ci ilin İV rübü, 2018-ci ilin İV rübü və 2019-cu ilin İV rübü üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi tələbi ilə vergi orqanına müraciət etmiş, həmin müraciət barəsində araşdırılma aparılaraq, vergi orqanının xx.xx.2019-cu il tarixli **********033600 saylı məktubu ilə cavablandırılmışdır. Vergi orqanı tərəfindən verilən cavab məktubuna əsasən, vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta üzrə 2017-ci, 2018-ci, 2019-cu illərin hesabatlarının elektron və ya kağız daşıyıcısında təqdim edilməsi məqsədilə proqram təminatında müvafiq imkanın yaradıldığı bildirilmiş və qeyd edilən bəyannamələrin yenidən doldurularaq vergi orqanına təqdim edilməsi tövsiyə edilmişdir. Başqa sözlə desək, vergi ödəyicisi tərəfindən təqdim edilən 2017-ci ilin İV rübü, 2018-ci ilin İV rübü və 2019-cu ilin İV rübü üzrə dəqiqləşmiş bəyannamələr Vergilər Nazirliyinin (hal-hazırkı Dövlət Vergi Xidmətinin) müəyyən etdiyi forma üzrə tərtib edilmədiyindən müvafiq forma üzrə tərtib edilərək yenidən vergi orqanına ünvanlanması bildirilmişdir. Lakin iddia ərizəsinə etirazda da qeyd edildiyi kimi vergi ödəyicisi tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamələrin tərtib edilərək vergi orqanına təqdim edilməsi həyata keçirilmədiyindən iddianın mümkünlüyü barədə tələblərə əməl edilməmiş və işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmaqla qanuni və əsaslı qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi hesabatı müəyyən edilmiş qaydada tərtib olunaraq vergi orqanına təqdim edilməli olduğu halda vergi ödəyicisi qeyd edilən tələblərə əməl etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən zəruri hərəkətlər edilmədən bəyannamələrin qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsi iddianın mümkünlüyü barədə tələblərə əməl edilməməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı iddia ərizəsində “2017-ci ilin 4-cü rübü, 2018-ci ilin 4 rübü və 2019-cu ilin 4 rübünə dair 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş dəqiqləşmiş hesabatların Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını tələb etsə də, birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı vergi orqanı tərəfindən verilən cavab məktubuna əsasən, vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta üzrə 2017-ci, 2018-ci, 2019-cu illərin hesabatlarının elektron və ya kağız daşıyıcısında təqdim edilməsi məqsədilə proqram təminatında müvafiq imkanın yaradıldığı bildirilmiş və qeyd edilən bəyannamələrin yenidən doldurularaq vergi orqanına təqdim edilməsinin tövsiyə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-2588/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar