Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1319/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının dayandırılması hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının bərpa olunması və əvvəlki müddət üzrə əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9148/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının dayandırılması hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının bərpa olunması və əvvəlki müddət üzrə əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. 1976-cı ildən “Azərdənizneftinşaat” Trestinin 1 saylı Tikinti- Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1978 – 1980-ci illərdə hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin müəssisədə 1-ci dərəcə fəhlə vəzifəsindən 6-cı dərəcə polad və dəmir-beton konstuksiya quraşdırıcısı peşəsinə əmək fəaliyyətimi davam etdirmişdir. 46 illik əmək fəliyyətinin 37 ilini ölkə qanunvericiliyinə əsasən zərərli əmək şəraiti hesab edilən peşə və vəzifələrdə çalışmışdır. Qeyd olunduğu kimi, əmək fəlaiyyətinin böyük bir hissəsini güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrdə çalışdığından, 30 sentyabr 2016-cı il tarixdə 57 yaşı tamam olması ilə əlaqədar o güzəştli şərtlərlə əmək pensiyası təyinatı üçün aidiyyəti icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmin vaxtdan da ona güzəştli şərtlərələ yaşa görə pensiya təyin olunmuşdur. Sonradan məlum olmuşdur ki, 2009-cu ildə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 10.2 və 27-ci maddələrinə əsasən həmin dövrə olan zərərli peşə və vəzifələr üzərə olan əmək stajıma görə 50 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Bununla əlaqədar olaraq DSMF Qaradağ rayon şöbəsinə müraciət etmişdir. Həmin qurum tərəfindən məsələnin həllindən imtina olunduğundan, iddiaçı 2004 – 2005-ci illərin əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, 30 sentyabr 2009-cu il tarixdən ödənlməli olan əmək pensiyasında yaranacaq fərq məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin DSMF Qaradağ rayon şöbəsinə həvalə olunması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(81)-6303/2017 saylı iş üzrə 4 dekabr 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin həmin qərarı ilə ona ödənilməli olan bütün vəsaitlər hesablanaraq, hissələrlə 2020-ci ilin mart ayınadək pensiya məbləğinə əlavə edilməklə tam olaraq ödənilmişdir. 2020-ci ilin noyabr ayında yaşadığı rayon üzrə pensiyalar verilərkən ona məlum olmuşdur ki, pensiya kart hesabına köçürülməmişdir. Bununla əlaqədar olaraq iddiaçı ilkin olaraq cavabdehə şifahi müraciət etmiş və oradakı əməkdaşlar hansısa araşdırma aparıldığını və pensiyanın növbəti ayın pensiyası ilə birlikdə ödəniləcəyini bildirmişlər. Lakin dekabr ayının pensiyaları ödənilərkən onun pensiyası yenə kart hesabına köçürülmədiyindən, iddiaçı 24 dekabr 2020-ci il tarixdə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətə 19 yanvar 2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətədaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyalarının ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası məsələsinə yenidən baxılacaqdır. Həmin cavabdan xeyli vaxt keçdiyindən və onun pensiyası bərpa olunmadığından, növbəti dəfə 1 fevral 2021-ci il tarixdə yenidən cavabdehə rəsmi müraciət etmişdir. Həmin müraciətə də cavabdeh tərəfindən 2 aprel 2021-ci il tarixli məktubla cavab verilmiş və məktubun mətni əvvəlki məktubla eynilik təşkil etmişdir. Bundan sonra iddiaçı pensiyasının bərpa olunması ilə əlaqədar cari ilin aprel, may, iyun aylarında da cavabdehə rəsmi müraciətlər ünvanlasa da, son müraciətlərinin heç birinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin onun əmək pensiyasının dayandırması barədə hərəkətləri qanunsuz və əsassız olduğundan, əmək pensiyasının bərpa olunması və 2020-ci ilin noyabr ayı da daxil olmaqla hal-hazırki tarixədək ödənilməli olan aylıq əmək pensiyalarının hesablanaraq, birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalır. Belə ki, cavabdehin cavab məktublarının mətnindən görünür ki, cavabdeh ona əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunu hüquqi müstəvidə araşdırır və bununla əlaqədar olaraq əmək pensiyası «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılmışdır. İlkin olaraq nəzərə alınmalıdır ki, həmin Qanunun 37.8-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılmasının 3 halı müəyyən edilmişdir. Həmin hallar aşağıdakılardır: 1) əmək pensiyaçısı vəfat etdikdə, 2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, 3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Cavabdehin cavab məktubundan görünür ki, o pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunu hüquqi müstəvidə araşdırıldığını bildirsə də, yuxanda qeyd olunan 3-cü hala istinad etmişdir. Qeyd olunan halı şərtləndirən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin dispozitiv şərti isə, Qanunla müəyyən edilən əmək pensiaysının və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda tətbiq edilməsini tələb edir. Yəni hər hansı araşdırmanın aparılması və ya hər hansı şübhələrin olması əmək pensiyasının dayandırılması üçün əsas ola bilməz. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə, İPM-in 2.2.2, 12.1, 14.3-cü maddələrinə əsaslanaraq, cavabdehin iddiaçının əmək pensiyasının 4 noyabr 2021-ci il tarixdən dayandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının bərpa olunması və 2020-ci ilin noyabr ayı da daxil olmaqla məhkəmə qərarı çıxarılan tarixədək ödənilməli olan aylıq əmək pensiyası məbləğlərinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2-1(112)-9148/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmədiyindən, həmçinin, iddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Odur ki, hazırkı tələb ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ona əmək pensiyasının məhkəmə qərarına əsasən təyin edilməsi barədə gəldiyi qənaət səhvdir. Belə ki, ona əmək pensiyası məhkəmə qərarı ilə deyil, 30.09.2016-cı ildə 57 yaşı tamam olduqdan sonra, güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı üçün aidiyyəti icra hakimiyyəti orqanına müraciəti əsasında, hər hansı bir məhkəmə qərarı olmadan təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2-l(81)- 6303/2017 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə ödənilməmiş fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmış və həmin fərq bərabər hissələrə bölünməklə, əvvəllər aldığı əmək pensiyama əlavə olunmaqla ona tam ödənilmiş və həmin məhkəmə qərarı icra edilmişdir. Hazırki inzibati mübahisənin predmeti isə cavabdeh qurum tərəfindən hər hansı bir qanuni əsas gətirmədən, əmək pensiyasının ödənişinin dayandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuzluğundan ibarətdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatlarnı dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı 24 dekabr 2020-ci il tarixdə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətə 19 yanvar 2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətədaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyalarının ödənişi «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası məsələsinə yenidən baxılacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçıya əmək pensiyasının məhkəmə qərarına əsasən təyin edilməsi barədə gəldiyi qənaət düzgün deyildir. İddiaçıya əmək pensiyası məhkəmə qərarı ilə deyil, 30.09.2016-cı ildə 57 yaşı tamam olduqdan sonra, güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı üçün aidiyyəti icra hakimiyyəti orqanına müraciəti əsasında təyin edilmişdir. İş materiallarına əlavə edilmiş l saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2-1(81)-6303/2017 nömrəli qərarı ilə iddiaçıya 30 sentyabr 2009-cu il tarixindən (50 yaşından) “Əmək pensiyaları haqqında” AR Qanununun 10.2-ci və 27-ci maddələrinin 30 sentyabr 2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 30 sentyabr 2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesblanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həvalə edilmişdir və həmin fərq bərrabər hissələrə bölünməklə, əvvəllər iddiaçının aldığı əmək pensiyasına əlavə olunmaqla ona tam ödənilmiş və həmin məhkəmə qərarı icra edilmişdir. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdeh 24 dekabr 2020-ci il tarixdə ona təyin olunmuş əmək pensiyası DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən 04 noyabr 2020-ci il tarixdən dayandırılmaslda ifadə olunan hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmiş və inzibati orqan özünün 19 yanvar 2021-ci il və 02 aprel 2021-ci il tarixli cavab məktubları ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin həmin imtinalarını mübahisələndirərək 04 avqust 2021-ci ildə İnzibati məhkəməyə müraciət etmiş və əmək pensiyasının dayandırılmasında ifadə olunan hərəkətlərin qanunsuz sayılması və pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabehə həvalə edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən İnzibati-Prosessual Qanunvericiliyin tələbləri pozulmuşdur. İddia tələbində inzibati orqanın hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları mubahisələndirildiyindən birinci instansiya məhkəməsinin hazırki iş üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının dayandırılması hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının bərpa olunması və əvvəlki müddət üzrə əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9148/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1319/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1319/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver