Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-132/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə, Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 182/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından (hakim Xaliq İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi verərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 905 ş/h nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə X9 Məntəqəsində səyyari yoxlama keçirilmiş və ona bildirilmişdir ki, sidik analizində narkotik preparat aşkar olunub. xx.xx.2018-ci il tarixdə müayinə olunmaq üçün DSX-nın Mərkəzi Qospitalına göndərilmiş, müayinə xx.xx.2018-ci il tarixdə başa çatmış və müəyyən olunmuşdur ki, sidiyində narkotik preparat yoxdur. Buna baxmayaraq Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 905 ş/h nömrəli əmri ilə vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilmişdir. İddiaçı elektron qaydada Dövlət Sərhəd Xidmətinə müraciət edərək, əmrin verilməsində istinad edilən halların düzgün olmadığını bildirmiş və onun barəsində yol verilən qanunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-182/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, hərbi qulluqçu, gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 905 ş/h nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixdə iddiaçı sabiq qulluqçu İddiaçı sidik analizində narkotik maddələrə aid olunan “barbiturat” izləri aşkar olunmuşdur. Buna görə də o, qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin xx xxxx 2018-ci il tarixli, 905 ş/h nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Narkotik maddələri qəbul etməklə İddiaçı hərbi qulluqçulara yaraşmayan əməllərə yol vermiş, hərbi nizamnamələrin tələblərini kobudcasına pozmuşdur. 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsində İddiaçı bildirmişdir ki, guya ki, “barbiturat” izləri ondan analiz götürülən gün «Corvalol» dərmanı qəbul etməsi nəticəsində baş vermişdir. Lakin işə baxarkən məhkəmə nəzərə almamışdır ki, analiz götürülən və sonrakı günlər İddiaçı hər hansı bir dərman preparatını qəbul etməsi barədə bir söz deməmişdir. Buna görə də onun həmin izahatı əsas götürülə bilməz. Bundan başqa, məhkəmə İddiaçı təqdim etdiyi sonradan müayinədən keçməsi barədə də analizlərin cavabı sübut kimi qəbul edilə bilməz. Belə ki, tibbi ədəbiyyatdan məlum olduğu kimi, uzunmüddətli təsirə malik “barbiturat” 3 həftə, qısamüddətli «barbiturat» isə 24 saat ərzində aşkar olunur. İddiaçı analizində “barbiturat” xx xxxx 2018-ci il tarixdə GM testləri vasitəsi ilə aşkar olunmuşdur. Öz təşəbbüsü ilə təkrar analizi isə, o, xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1-Kimyəvi müayinələr üzrə Referens laboratoriyasında, yəni 10 gün sonra vermiş, xx xxxx 2018-ci il tarixdə isə, yəni 16 gün sonra, DSX-nın Hərbi Hospitalında analiz vermişdir. Aparılan həmin müayinələr narkotik vasitənin qəbulundan 24 saat keçdikdən sonra olduğuna görə gizir İddiaçı analizlərində narkotik və psixotrop maddələrinin izləri aşkar olunmamışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilməsi barədə» iddiası əsassızdır və məhkəmə tərəfindən rədd edilməli idi. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1 (103)-1130/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-182/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmamışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1 (103)-1130/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-182/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 905ş/h nömrəli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) gizir İddiaçı “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilmişdir. Əmrə əsas kimi sərhəd nəzarətində keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2018-ci il tarixli 18 nömrəli qərarı göstərilmişdir. Attestasiya komissiyası iclasının xx.xx.2018-ci il tarixli 18 nömrəli qərarından çıxarışda gizir İddiaçı müsbət xarakterizə edilməklə yanaşı, tibbi müayinə zamanı sidiyində psixotrop tərkibli maddə (barbiturat) aşkar edildiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx xxxx 2018-ci il tarixli rəyində “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin nəzarətçisi vəzifəsində işləyən gizir İddiaçı sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının xx.xx.2018-ci il tarixli rəyində İddiaçı sidik analizində narkotik preparatların aşkar olunmadığı təsdiq edilmişdir. Dövlət Sərhəd Xidməti hərbi hospitalın 1142 saylı xəstəlik tarixindən çıxarış epikrizindən müəyyən olunur ki, gizir İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müayinə olunmuş, sidiyində psixotrop maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1282 saylı arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir İddiaçı xx.xx.2018-ci il tarixində DSXHHK tərəfindən şəhadətləndirilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin”35, 13 “e” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən İddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsinin səbəbi həmin gün “Korvalol” adlı dərmanın qəbul edilməsi ilə əlaqədar olmuşdur. Cavabdehin nümayəndəsi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında laboratoriyanın rəisi vəzifəsində işləyən X7 həmin məhkəmə iclasında bildirmişdir ki, “Korvalol” adlı dərmanın qəbul edən şəxsin sidik analizində “barbiturat (BAR)” maddəsinin aşkar edilməsi mümkündür. Cavabdeh apellyasiya şikayətində iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X2-Kimyəvi Müayinələr üzrə Referens laboratoriyasının xx.xx.2018-ci il tarixli rəyinin sübut kimi qəbul edilməsinə etiraz edərək göstərmişdir ki, uzunmüddətli təsirə malik “barbiturat” 3 həftə, qısamüddətli «barbiturat» isə 24 saat ərzində aşkar olunur. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1-Kimyəvi müayinələr üzrə Referens laboratoriyasında təkrar analizi xx xxxx 2018-ci il tarixdə, yəni 10 gün sonra verdiyindən müayinə maddənin qəbulundan 24 saat sonra həyata keçirildiyinə görə nəticə fərqli olmuşdur. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında mübahisənin düzgün və qanuni həll olunması məqsədilə İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7, 68.1-ci maddələri tətbiq edilməsi, “barbituratın (BAR)” preparatının insan orqanizmində qalma müddətinin müəyyən edilməsi məqsədilə tibbi ekspertlərin və ya mütəxəssislərin rəyinin alınmasının zəruri olduğu göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 96.11.-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” EETT Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” EETT Birliyinin xx.xx.2020-ci il tarixli 200/k saylı məhkəmə-kimyəvi rəyində göstərilmişdir ki, barbiturat turşusunun törəmələri (barbituratlar) insan orqanizminə daxil olduqdan sonra orqanizmdə gedən metabolizm proseslərinə uğrayır, parçalanır və bədəndən ixrac olunur. Barbituratların plazmadan ixrac olunması 48-280 saatdır və bu müddət barbiturat turşusunun törəmələrinə aid olan dərmanların növündən asılıdır (dərmanın prolongik və prolongik olmayan formaları). “Korvalol” adlı dərmanın tərkibində barbitur turşusunun törəmələrinə aid olan fenobarbital adlı maddənin insan orqanizmində bir neçə metabolitə (5 etil-5n hidroksifenilbarbitur turşusu, n-oksifenilbarbital və s. ) uğrayır və onların 10- 25%-i sidiklə ixrac olunur. Fenobarbitalın qəbul olunan dozasının qalan hissəsi dəyişilməz halda bədəndən ixrac olunur. “Korvalol” adlı dərman vasitəsinin tərkibi 2% a-bromizovalerian turşusunun efirindən, 3% nanə yağından və 1.82% fenobarbitaldan ibarətdir. “Korvalonun” 20 damcısının tərkibində 7.5 mg-a yaxın fenobarbital var. Bu dozanı qəbul etdikdən sonra dərmanın tərkibində olan fenobarbital orqanizmin plazmasında paylanır və plazmanın 1 ml-də onun miqdarı təxmini olaraq 0,0015 mq təşkil edir. Sidik nümunələrində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan ekspress-testlər yüksək həssaslığa malikdirlər. Barbitiuratların təyini üçün istifadə olunan müxtəlif istehsalçılar tərəfindən istehsal olunan testlərin əksəriyyətində aşkarlanan minimal miqdar 1 ml sidikdə 300 nq-dır. (0,0003 mq/ml). “Korvalolun " 20 damcısının plazmadakı miqdarı (0,0015 mq/ml) barbitiuratların təyini üçün istifadə olunan ekspresstestin minimal aşkarlanma miqdarından (0,0003 mq/ml) da 5 dəfə böyükdür və bu halda ekpress-test üsulu ilə müayinə zamanı barbituratlar müsbət nəticə verir. Barbiturat maddəsi analizdə neçə faiz aşkar olunduqda istehlak edilmiş maddənin miqdarı sərxoşluq vəziyyəti yaradan miqdar hesab olunur sualının təyinat aparılmadığına görə cavablandırılması mümkün olmamışdır. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospital tərəfindən 2018-ci ilin iyun ayında İddiaçı götürülmüş sidik nümunəsinin analizi test üsulu ilə aparılıb. İmmunokimyəvi metodlara aid olan ekspress test üsulu ilə aparılan müayinə sidik nümunəsində narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsidir. Ekspress test üsulu narkotik və psixotrop maddələrin qəbul etdiyi faktını ilkin təyinatı nəticəsində alınan müsbət nəticəni başqa instrumental və selektiv xromotoqrafık metodlar ilə təsdiqlənməsi mütləqdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinnin hərbi hospitalının bölmə rəisi X8 ifadəsində göstərmişdir ki, iddiaçı və digər əməkdaşlardan xx xxxx 2018-ci il tarixdə götürülmüş sidik analizləri onun və Tərlan adlı həkim tərəfindən test vasitəsilə analiz edilmiş və iddiaçısının sidik analizində “Barbiturat” maddəsi aşkar edilmişdir. Test üsulu ilə həyata keçirilən müayinənin narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi olduğu ona məlumdur, testlərlə müayinədə nəticələr səhv də ola bilər. O bu barədə rəhbərliyə məlumat verərək bildirmişdir ki, götürülmüş analizlər laboratoriyada yenidən yoxlanılmalıdır. Lakin həmin dövrdə analizlər təkrar müayinəyə göndərilmirdi. İnzi artıq göndərilir. Hal-hazırda da testlərlə müayinə aparılır, lakin istifadə edilən testlər fərqlidir və hazırkı testlər “Barbiturat” maddəsini aşkar etməyə imkan vermir. Hazırda attestasiya zamanı sidik analizində “Barbiturat” maddəsinin mövcudluğu testlə yoxlanılmır. “Korvalol” qəbul etmiş şəxsin sidik analizində “Barbiturat” maddəsi aşkar oluna bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsində qeyd edilmişdir ki, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0.6-cı maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə kollegiyası işdəki sübutları, tərəflərin izahatlarını, şahid ifadəsini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” EETT Birliyinin xx.xx.2020-ci il tarixli 200/k saylı məhkəmə-kimyəvi rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sidik analizinin narkotik və psixotrop maddələrin aşkarlanması üçün istifadə olunan və kimyəvi toksikoloji tədqiqatın ilkin mərhələsi olan ekpress-test üsulu ilə müayinə edildikdən sonra analizin nəticəsinin instrumental və selektiv xromotoqrafık metodlar ilə təsdiqlənməsi üçün xüsusi laboratoriyaya göndərilmədən iddiaçının xidmətə uyğunsuzluğu barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçının psixotrop maddə istifadəçisi olması, xidmətə uyğunsuzluğa səbəb ola biləcək hər hansı xəstəliyi olması ilə bağlı iş materiallarında tibbi sənədlər və digər sübutlar mövcud deyil. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-182/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-182/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-132/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-132/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver