Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-132/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2786/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. 022345 saylı 10.04.1999-cu il tarixli vəsiqədən götünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin sonradan iddiaçı həmin vəsiqəsini itirmiş və onun yenisi ilə əvəz edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-26733H-3219 saylı 11.07.2019-cu il və 024-26733/2H-3219 saylı 15.03.2019-cu il tarixli imtina məktublarında qeyd olunmuşdur ki, DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən itmiş vəsiqənin yenisi ilə əvəzlənməsi iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün olmamışdır. Odur ki, müraciətə baxılması dayandırılmışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona müharibə veteranı vəsiqəsinin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildən 1990-cı ilə kimi Rusiya Federasiyasının Daxili İşlər orqanlarında işləmiş, 1990-cı ildən yerdəyişmə olunaraq Azərbaycan Respublikasının Daxili işlər oraqanlarında 2003-cü ilə kimi polis nəfəri olaraq xidmətdə olmuş, 2003-cü il tarixdən isə DİN-nin əməkdaşı kimi təqaüdə çıxmışdır. 1992-ci ilin yanvar ayının əvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şuşa şəhərinin Kosalar kəndində Daxili işlər orqanlarının bir qrup əməkdaşları ilə vətənin müdafiəsi üçün hərbi əməliyyatlarda iştirak etmişdir. Həmin ilin may ayında təkrar olaraq hərbi əməlliyyatda qısamüddətli iştirakı olmuşdur. 1999-cu ildə Dağlıq Qarabağda müharibədə hərbi əməliyyatlarda iştirakına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ona Qarabağ müharibəsi veteranı vəsiqəsi verilmiş, 2003-cü ildən Polis orqanlarından təqaüdə çıxdıqda ilkin olaraq Daxili İşlər Nazirliyi tərəfindən, sonradan isə Əmək və Əhalinin Sosial müdafiəsi orqanları tərəfindən ona təqaüd hesablanarkən müvafiq olaraq müharibə veteranı olduğu nəzərə alınmaqla əlavə hesablamalar həyata keçirilmişdir. Hazırda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müharibə iştirakçıısı kimi qeydiyyatı mövcuddur. 2019-cu ilin aprel ayında veteran vəsiqəsi ona müəyyən bir vəziyyətlə əlaqədar lazım olduqda onu itirdiyini müəyyən etmişdir. Bununla əlaqədar veteran vəsiqəsinin yenisi ilə əvəz edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsindən itirilmə barədə arayış əldə etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində ona Nazirliyin əməkdaşları tərəfindən müharibə veteranı barədə vəsiqəsinin dublikatının verilməsi üçün qısa bir formada ərizə yazdırmışlar. 1999-cu ildə Dağlıq Qarabağda gedən müharibə zamanı baş vermiş hərbi əməliyyatlarda iş yoldaşlarından DİN-nin əməkdaşları olmuş hazırda təqaüddə olan X7, X5 və X9 və digərləri iştirak etmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 024-3969-1219 saylı 18.10.2019-cu il tarixli məktubda göstərilmişdir ki, İddiaçı verilmiş “Müharibə veteranı” vəsiqəsinin əsaslılığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu verilmiş, həmin idarədən daxil olmuş 012-15954-1219 saylı 07.06.019-cu il tarixli cavab məktubunda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmadığı göstərilmişdir. Bu səbəbdən də Daxili İşlər Nazirliyi tərəfindən sabiq polis əməkdaşı İddiaçı itmiş “Müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəzlənməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən yalnız cavabdehin məhkəməyə təqdim etdiyi Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-15954-1219 saylı 07.06.2019cu il tarixli məktubunu yeganə əsas və sübut kimi qəbul edərək arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun adının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatda aşkar edilməməsi məlumatı ilə iddianın təmin edilməməsi barədə əsassız və ədalətsiz qərar qəbul etmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi orqanlarında onun barəsində müharibə veteranı olması ilə əlaqədar məlumatın olması və bununla bağlı ona sosial yönümlü ödənişlərin edildiyini bildirsə də, məhkəmə tərəfindən bu məlumatlara ümumiyyətlə münasibət bildirilməmişdir. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili X8 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, 1999-cu ildə “Müharibə veteranı” vəsiqəsinin verilməsinə baxmayaraq onun təkrar verilməsi ilə bağlı müraciətə baxılarkən aparılmış araşdırma zamanı vəsiqənin verilməsi üçün əsas olmuş sənədlərin kökünün tapılmadığı müəyyən olunmuşdur. Buna görə də iddiaçıya tələbinin təmin olunmasından imtina olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə qarşı tələbi “ona 10 aprel 1999-cu il tarixdə verilmiş 022345 saylı müharibə veteranı vəsiqəsinin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazi bötüvlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüşlərdə iştirak etməsinin iş materialları ilə müəyyən edilməməsinə əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı tələbinin qanuni əsası kimi ona 1999-cu il tarixdə müharibə veteranı vəsiqəsinin verildiyinə istinad edir və həmin vəsiqəsini itirdiyi üçün onun təkrar verilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçıya əvvəllər belə vəsiqənin verilməsini etiraf etsə də, həmin vəsiqənin verilməsi üçün əsas olan sənədlərin tapılmadığını əsas gətirərək onun təkrar verilməsinin mümkünsüzlüyünə istinad edərək tələbin təmin olunmasından imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin 024-3969-1219 saylı 18.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı verilmiş “Müharibə veteranı” vəsiqəsinin əsaslılığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu verilmiş, həmin idarədən daxil olmuş 012-15954-1219 saylı 07.06.019-cu il tarixli cavab məktubunda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. AZ-001133 saylı xidmət haqqında siyahıda isə iddiaçının 1992-ci ilin yanvar ayının əvəllərində Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar Şuşa şəhərinin Kosalar kəndində vətənin müdafiəsi üçün döyüş əməliyyatlarında iştirak etməsi faktı öz təsdiqini tapmır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya 10 aprel 1999-cu il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 02.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda bildirilmişdir ki, iddiaçının ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştiakı faktının müəyyən edilməsi məqsədilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verilmişdir. Həmin Baş İdarənin 07.12.2020-ci il tarixli məktubunda arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surətində vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı 10.04.1999-cu il tarixdə verilmiş vəsiqənin verilməsinə əsas olan sənədlər müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən İddiaçı Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı Xocalı rayon İcra Hakimiyyətində sənədlərin olubolmaması, olduğu təqdirdə həmin şəxsin döyüşlərə cəlb olunmasını təsdiq edən sübutların, o cümlədən döyüşlərə cəlb olunan şəxslərin siyahısında adı olduğu təqdirdə həmin siyahının məhkəməyə təqdim olunması ilə bağlı Xocalı rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Xocalı rayon İcra Hakimiyyəti tərəfindən 03.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd olunmuşdu ki, İddiaçı Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə 1992-ci ilin yanvar-fevral aylarında Xocalı rayon Kosalar kəndinin müdafiəsində iştirakı ilə bağlı heç bir arxiv sənədi aşkar edilməmişdir. Həmin məktuba əlavə olunmuş sənədlər isə yuxarıda adı çəkilən normativ aktlara əsasən iddiaçının sözügedən döyüşlərdə iştirak etmə faktını təsdiqləmir. Beləliklə, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmin olunması üçün araşdırılan sənədlər onun müvafiq dövrdə döyüşlərdə iştirak etmə faktını təsdiq edən sübutlar kimi, həmçinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından zəruri olan sənədlər qismində inzibati məhkəmə icraatı çərçivəsində qəbul oluna bilmədiyini, əvvəlki vəsiqənin isə verilməsi üçün əsas olan sənədlərin təqdim olunmasının qeyri-mümkünlüyünü nəzərə alan Kollegiya hesab edir ki, iddiaçı tərəfindən onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, yuxarıda adı qeyd olunan Əsasnamə ilə nəzərdə tutulmuş iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olmadığından onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı sübuta yetirilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün, iddiaçının təqdim etdiyi DSMF-nun XŞTMF-nun verdiyi “pensiya məbləğinə əlavələrin hesablanması haqqında” sənəddə qeyd olunan məlumatlar isə iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-132/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-132/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver