Məhkəmə qərarları › İş №2-1(103)-132/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-132/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-132/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, 10 dekabr 2019-cu il tarixli 246-112 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən arxiv arayışından göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamından çıxarışla “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-cı il 195 nömrəli qətnaməsinə əsasən iddiaçıya bağ tikinti-kooperativinin tərkibində Göradil BTK №89 384p nömrəli bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 17 avqust 2017-ci ıl tarixli, 2- 1(81)-3849/2017 saylı qərardadından görünür ki, iddiaçı qonşuları ilə bərabər "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran Kürdəxanı, Pirşağı, Fatmayi, Göradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində Corat Göradil hissəsində avtomobil yolunun tikintisi altına düşən iddiaçılara məxsus torpaqların dövlət ehtiyacları üçün alındığına görə onlara vurulmuş maddi və mənəvi ziyanın əllərindən alınmış torpaqların hər bir 100 kvadrat metrə görə 6000 manat, uçurulmuş hasarların hər bir kvadrat metrinə görə 20 manat, darvazaların hər birinə görə 1000 manat mənəvi ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı 27 fevral 2020-cı il tarixdə ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir, (qonşu bağ nömrələri 450ç, 447Ş, 448e) Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına (X4) təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Sərəncam və arxiv siyahısında bağ sahəsinin nömrəsi 384p kimi qeyd olunsa da, vətəndaş tərəfindən təqdim edilmiş ərizə və arxiv cizgisində 384n kimi yazılmışdır. Habelə, təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində düzəliş edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. ünvan 2, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-253/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1558/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019- cu il tarixli, N-246-112 nömrəli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamdan çıxarışa əsasən “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. - cavabdehin İddiaçı ünvanladığı xx.xx.2014-cü il tarixli, **********57 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 384n saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair 1780 nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmış və yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi Göradil bağlar massivinə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bakı şəhər ərazi idarəsinin arxiv məlumatlarına əsasən sərəncamda bağ sahəsinin nömrəsi 384p qeyd olunmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı qərarına əsasən İddiaçı Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə, 384p nömrəli bağ sahəsi ayrılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 dekabr 2021-ci il tarixli, **********23 nömrəli bildirişində qeyd olunmuşdur ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına da təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bağ sahələrinin ayrılması, bölünməsi və ada keirilməsinə dair xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncama əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyul 1988-ci il, 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 16 oktyabr 2020-ci il tarixli, **********08 nömrəli məktubunda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1463 nömrəli “bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsi”nə dair sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində 384p saylı bağ sahəsi göstərilmişdir. İddiaçı həmin sərəncam əsasında Göradil qəsəbəsində 384p saylı bağ sahəsinin ayrılmasına dair orderin arxiv nüxəsi İdarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adına 89 nömrəli BTK nəzdində Göradil qəsəbəsində 384N saylı bağ sahəsinin ayrılmasına dair 98 nömrəli orderin yalnız surəti mövcuddur. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda bildirilmişdir ki, kadastr baza məlumatlarına əsasən 89 nömrəli BTK-nın sxematik xəritəsi mövcud deyil. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 89 nömrəli BTK nəzdində olan 384p nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. - Bakı şəhəri 11 saylı notariat ofisinin 13 aprel 2021-ci il tarixli, XK-442 nömrəli məktuba əlavə edilmiş ilə xx.xx.2019-cu il tarixli 1M/1704 reyestr nömrəli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, İddiaçı ilə digər tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflər xx.xx.2049-cu il tarixə kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ, 68 nömrəli orderə əsasən İddiaçı 384p nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra ikinci tərəflərə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 19 mart 2020-ci il tarixli, **********59 nömrəli imtina məktubunda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi ünvanında yerləşən 269j saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə baxılmış və bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 269j saylı bağ nömrəsi digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş “Order”in arxiv nüsxəsi aşkar edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “sözügedən bağ sahəsinin iddiaçıya ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncamı mövcuddur. Sözügedən bağ sahəsinin nömrəsində olan hərflə bağlı uyğunsuzluq bağ sahəsinə dair sərəncamın verildiyi 1994-cü ildə ölkə ərazisində istifadə edilmiş kiril qrafikalı azərbaycan əlifbası ilə hal-hazırda istifadə olunan latin qrafikalı əlifba arasında olan fərqdən irəli gəlir. Belə ki, kiril qrafikalı azərbaycan əlifbasında “n” hərfi latin qrafikalı əlifbada “p” hərfinə uyğundur. Hazırkı iş üzrə cavabdeh iddiaçıya torpağın (bağ sahəsinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, əsassız olaraq hüquqların qeydə alınmasından imtina etmiş, imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun əsaslandırmamışdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etdiyi bağ sahəsinin nömrəsində qeyd edilən hərflə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçı tələbində və cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətində 384 p nömrəli bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etsə də, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında da “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsinə dair” 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı sərəncama əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384 p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrıldığı qeyd edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə”də iddiaçı tərəfindən X7 və X1 384 N saylı bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin, üzərindəki tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək, bu müqaviləni bağladıqları qeyd edilmişdir. Həmin müqaviləyə sonradan qələmlə düzəliş edilərək “N” hərfi “p” hərfinə çevrilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderində isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1994-cü il tarixli, 1463 saylı qərarına əsasən iddiaçıya Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə bağ sahəsi ayrıldığı göstərilsə də, orderdə ayrılan bağ sahəsinin nömrəsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə bağ sahəsinin nömrəsi ilə bağlı uyğunsuzluq mövcuddur. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi göstərişinə uyğun olaraq, işin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən müvafiq sorğular ünvanlanaraq Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 68 nömrəli (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı qərarı əsasında) orderinin təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-06654/2023 saylı məktubda qeyd edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Vətəndaşlara mülklərə dair verilmiş orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Digər tərəfdən nəzərinizə çatdırırıq ki, Bakı şəhəri İH-nin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 1463 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin Arxivinə müraciət etməyiniz xahiş olunur.” Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən sorğuya cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-52/2-5427/2023 saylı məktubda isə qeyd edilmişdir ki, “Bakı şəhər X2 və İstismarı Birliyi tərəfindən verilən orderlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır” Göründüyü kimi işin həlli üçün əhəmiyyət kəsb edən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 68 nömrəli orderin əsli iddiaçı tərəfindən təqdim edilməmiş, ümumiyyətlə iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adı 89 nömrəli kooperativin üzvlərinin siyahısında mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələbləri tam ödənilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 7i ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar