Məhkəmə qərarları › İş №2-1(103)-1320/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1320/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1320/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və tərcüməçi Hüseyn Əziminin iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə (apellyasiya şikayətinin təkrar verilməsi) əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Əfqanıstan vətəndaşı olub Azərbaycanda yaşamaqları nəzərə alınaraq ona və ailəsinə qaçqın statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvləri (həyat yoldaşı Obaid Khalida, qızları Obaid Hanya, Obaid Husna, Obaid Aqsa, oğlanları X5 və Obaid Taha) qaçqın statusunun verilməsi ilə əlaqədar Azərbaycan Respubikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun ailəsi və uşaqları təhlükədədir və onları hədələyirlər.Ona görə də, Əfqanıstana qayıtmaq istəmir. Azərbaycanda yaşamaq, onun qanunlarına riayət etmək istəyir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti №374, xx.xx.2019-cu il tarixdə müraciətinə əsasən, bildirmişdir ki, xx.xx.2019-cu il tarixli İQ-173/7 nömrəli qərar ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (həyat yoldaşı Obaid Khalida, qızları Obaid Hanya, Obaid Husna, Obaid Aqsa, oğlanları X5 və Obaid Taha) qaçqın statusu verilməsindən imtina edilmişdir. İş materiallarına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-in 13-cü maddəsini rəhbər tutaraq iddia ərizəsinin müvafiq tələblərə uyğunlaşdırılması, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi üçün İddiaçı xx.xx.2019-cu il tarixədək müddət təyin etmişdir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında ərizə-anketə əsasən İddiaçı bildirmişdir ki, 1391-ci ildə Əfqanıstanda təhdid olunduğu üçün ailəsi ilə birlikdə Dubaya getdi, məqsədi Kanadaya getmək idi, Dubayda 1 ay qaldı, oradan qaçaq yol ilə Qambiyaya getdilər, orada 5 ay sərgərdan qaldılar, qaçaqçı onları orada Vəsim adlı bir nəfərə tapşırmışdı, Vəsim onları Kanadaya göndərməli idi, lakin aparmadı, onları aparan qaçaqçı pullarını götürüb qaçmışdı, o internetdən bir nəfər Pakistanlı ilə tanış oldu, o, ona kömək etdi. Viza aldı və o yenidən Dubaya qayıtdı, bu Pakistanlı da Kanadaya aparmaq üçün pul istədi, dedi nə vaxt çatdırsanız pulu o vaxt verəcək, o dedi ki, onlara kömək edə bilməyəcək, Dubayda yaşamaq çox çətin idi, ona görə də onlar Əfqanıstana qayıtmağa məcbur oldular, 2,5 il Əfqanıstanda qaldılar, lakin arvadının çantası oğurlananda qorxdular, yenidən mühacirət etmək istədilər, o bir nəfər qaçaqçı ilə danışdılar, o ona dedi ki, İrana qanuni gedək, oradan onları Türkiyəyə, oradan isə Kanadaya aparacaqlar, onlar İrana getdilər, İrandan qaçaq yol ilə çox çətinliklə Türkiyəyə getdilər, İstanbula çatdılar, 1 gecə qaldılar, sonra qaçaqçı onları maşına mindirib Bolqarıstan sərhəddinə apardı, orada onlar qaçaqçını gözlədikdə Türkiyə polisi onları tutdu, polis məntəqəsinə apardı, əlbarmaq izlərini götürdü, göndərildilər İstanbula, dedilər ki, bir də Bolqarıstan sərhəddində görsələr Əfqanıstana deport edəcəklər, onlar çarəsiz qalıb Əfqanıstan konsulluğuna müraciət etdilər, başlarına gələnləri danışdı, konsulluqdan onlara bilet alıb Əfqanıstana göndərdilər, 1395-ci ildə onlar yenidən Əfqanıstanda idilər, bu ildə onlar Hindistana getdilər, çünki qaynatası xəstə idi, onu o apardı Hindistana, orada təxminən 17-18 gün qaldı, sonra Əfqanıstana qayıtdı. Azərbaycana gələrkən isə Özbəkistana viza almağa getdi. Türkiyəyə qaçaqçı Sidiq demişdi ki, qanuni yol ilə aparacaq onları Kandaya, Bolqarıstan sərhəddində qaldılar 4 saat, o əfqanlardan eşitmişdi ki, Bolqarıstan sərhəddində qaçaq keçənlərin üstünə it buraxırlar, buna görə də ailəsini belə bir vəziyyətə sala bilməzdi, qaçaqçıya dedi ki, belə danışmamışdıq, o da dedi ki, istəmirsənsə pulu ver, buraxaq səni, o da pulu verdi, sonra onu və ailəsini buraxdılar, o da məcbur oldu ki, Türkiyədə Əfqanıstan konsulluğuna müraciət etsin, başına gələnləri danışdı, qaytardılar onu Əfqanıstana. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia tələbi mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı xx.xx.2019-cu il tarixdə həmin qərardaddan apellyasiya şikayət verərək, ona və ailə üzvlərinə (həyat yoldaşı Obaid Khalida, qızları Obaid Hanya, Obaid Husna, Obaid Aqsa, oğlanları X5 və Obaid Taha) siyasi sığınacaq, qaçqın statusu və Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-399/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər S.Seyidova, V.Ağayev, A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4512/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-399/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı iddiaçının ünvan 1 m.24 ünvanına ( ştrix kod – SS602980420AZ ) göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə (daxil olma xx.xx.2020-ci il) yenidən apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə buraxılan müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına əsasən bildirir ki, hazırkı iş üzrə əvvəlki apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-399/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4512/19 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardaddan kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmənin qərardadı mövcuddur. Qüvvədə olan qanunvericiliyə əsasən eyni qərardaddan apellyasiya şikayətinin təkrarən verilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/19 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar