Məhkəmə qərarları › İş №2-1(103)-1320/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1320/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1320/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Ermənistanın Kalinin rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı xidmət nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-3355/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 17.02.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.07.1971-ci il tarixdən 03 may 1973-cü il tarixədək X2 sovxozunda, 04.05.1973-cü il tarixdən 07.05.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, 01.06.1976-cı il tarixdən 17.03.1979-cu il tarixədək Bakı Məişət Kondensionerləri Zavodunda, 16.04.1979-cu il tarixdən 25.10.1979-cu il tarixədək Qazaxıstan SSR Kustanay rayonunun “Qorki” adına sovxozunda, 09.04.1980-ci il tarixdən 30.09.1980-ci il tarixədək Qazaxıstan SSR Şimali Kazax vilayətinin Kanrakolskiy sovxozunda, 13.11.1980-ci il tarixdən 23.04.1982-ci tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 2 saylı Bakı Ayaqqabı Fabrikində, 07.04.1982-ci ildən 15.10.1982-ci il tarixədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da, 14.12.1982-ci il tarixdən 14.03.1983-cü il tarixədək Bakı 1 saylı “Taxılməsulları” Kombinatında, 01.02.1983-cü il tarixdən 03.05.1983-cü il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəsərrüfatkimya” (Azərselxozkimya) İB-də, 14.03.1983-cü ildən 06.03.1985-ci ilədək Bakı şəhəri, Şaumyan rayon daxili işlər şöbəsində, 15.04.1985-ci il tarixdən 30.03.1990-cı il tarixədək Bakı Ət Məhsulları Kombinatında, 04.04.1990-cı il tarixdən 11.02.1992-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Tekstil Ayaqqabı Fabrikində və 12.02.1992-ci ildən 26.04.1999-cu ilədək X5 İstehsalat Birliyində əmək fəaliyyətini və həmin müddət ücün əmək sığorta stajına malik olduğunu nəzərə alaraq, ona əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 06.08.2016-cı il tarixdən etibarən hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Ermənistanın Kalinin rayonunun İlməzli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 01.07.1971-ci ildən 03.05.1973-cü ilə kimi İlməzli Südculuk-Maldarlıq sovxozunda fəhlə işləmiş, 04.05.1973-cü il tarixdən 07.05.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Sovet ordusunda xidmət müddəti əmək stajı kimi hesablanır. İddiaçı 01.09.1975-ci ildən 31.05.1976-cı ilədək Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 01.06.1976-cı ildə başlamışdır, həmin tarixdə Bakı Məişət Kondensionerləri Zavoduna fəhlə kimi işə qəbul olunmuş və burada 17.03.1979-cu ilədək fəaliyyət göstərib işdən azad olunmuşdur. İddiaçı 16.04.1979-cu ildən 25.10.1979cu ilədək Qazaxıstan SSR, Kustanay rayonunda “Qorki” adına sovxozda, 09.04.1980-ci ildən 30.09.1980-ci ilədək Qazaxıstan SSR Şimali Qazax vilayətinin Kanrakolskiy sovxozunda, 13.11.1980-ci ildən 23.04.1982-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 2 saylı Bakı Ayaqqabı Fabrikində, 07.04.1982-ci ildən 15.10.1982-ci ilədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da (PMK), 14.12.1982-ci ildən 14.03.1983-cü ilədək Bakı 1 saylı “Taxılməsullan” Kombinatında, 01.02.1983-cü ildən 03.05.1983-cü ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “Azərkəndtəsərrüfatkimya” (Azərselxozkimya) İB-də, 14.03.1983-cü ildən 07.06.1985-ci ilədək Bakı şəhəri Şaumyan rayon daxili işlər şöbəsində, 15.04.1985-ci ildən 30.03.1990cı ilə kimi Bakı Ət Məhsulları Kombinatında, 04.04.1990-cı ildən 11.02.1992-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Tekstil Ayaqqabı Fabrikində, 12.02.1992-ci ildən 26.04.1999-cu ilədək X5 İstehsalat Birliyində əmək fəaliyyəti göstərmişdir. Göründüyü kimi iddiaçı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olduğu və təhsil aldığı müddət də daxil olmaqla faktiki olaraq fasiləsiz əmək fəaliyyəti göstərmiş və ümumilikdə 25 ildən artıq iş stajına malikdir. Pensiya hüququ yarandığı üçün iddiaçı pensiyanın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ona pensiya təyin etməkdən imtina etmiş və bu hərəkətlərini belə əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyinatı üçün onun tələb olunan sosial sığorta stajını yoxlamaq mümkün olmadığından (1992-1999-cu illər) iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. Bu hərəkətləri ilə cavabdeh üzərinə düşən öhdəliklərini icra etməkdən imtina etməklə bərəbər iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 06.02.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-3355/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 06.02.2018-ci il tarixdən (63 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 01.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilən 1992-ci il tarixdən 1999-cu il tarixədək işlədiyi dövrlər üçün sosial sığorta ödənişlərinin həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır.Odur ki, iddiaçının həmin işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-3355/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.05.1973-cü ildən 07.05.1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 02.06.1976-cı ildə verilmiş 1160 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01.09.1975-ci ildən 31.05.1976-cı ilədək Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində “ştamplayıcı” ixtisası üzrə təhsil almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsi İddiaçı ünvanlanmış 09.04.2018-ci il tarixli məktubda qeyd olunur: yaşa görə əmək pensiya təyinatı ücün tələb olunan sosial sığorta stajınızı yoxlamaq mümkün olmadığından (1992-1999-cu il illər) ərizənizi təmin etmək mümkün deyildir. - Abşeron rayonu «Abşeron» Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsinin 21.05.2018-ci il tarixli arayışından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 02 mart 1999-cu il tarixli 24 saylı qərarı ilə X6 İstehsalı Birliyi ləğv edilmiş, kompleksin saxlanması şərti ilə əmlakı payçılar arasında pul ifadəsində bölünmüşdür. Onun payçıları həmin tarixdən onların müəssisəsini yaratmışlar. İddiaçı da həmin qərarla birliyin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlalnmış 02.12.2020-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “X4 İSTEHSALAT BİRLİYl”nin 13.09.1995-ci il tarixdə D-708 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon Donuzkökəltmə Sovxozu 15.02.1996-cı il tarixdə D1006 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. - İddiaçı məxsus 30.08.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.07.1978-ci il tarixdə Ermənistan, Kalininsk rayonu İlməzli sovxozunda tarlaçılı qismində işə qəbul edilmiş, 30.08.1978-ci il tarixədə təhsilə getməsi ilə əlaqədar işdən azad edilmişdir - İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən (tərcümə) görünür ki, iddiaçı BMKZ qəbul olana qədər 04.05.73cü il tarixindən 07.05.1975-ci il tarixinə qədər Sovet ordusunda xidmət etmiş, 01.09.1975ci il tarixdən 31.05.1976-cı il tarixədək 79 saylı Bakı texniki peşə məktəbində təhsil almış, 01.06.1976-cı il tarixdən 17.03.1979-cu il tarixədək Bakı məişət kondisionerləri zavodunda stamplama sexində ştamplayıcı, qaynaqçı vəzifələrində, 16.04.1979-cu il tarixdən 25.10.1979-cu ilədək Qorki adına Sovxozda bənna, 09.04.1980-ci ildən 30.09.1980-ci ilədək Kanrakolski Sovxozunda fəhlə, 13.11.1980-ci ildən 23.04.1982-ci ilədək Ayaqqabı fabrikində çilingər, 01.02.1983-cü ildən 03.05.1983-cü ilədək “Azərkəndtəsərrüfatkimya” İB-də fəhlə, 04.04.1990-cı ildən 11.02.1992-ci ilədək Bakı tekstil və ayaqqabı fabrikində təmirçi çilingər vəzifələrində işləmişdir. - İddiaçı məxsus ET-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən (tərcümə) görünür ki, iddiaçı 07.04.1982-ci il tarixdən 15.10.1982-ci il tarixədək Qazaxıstan SSR Selininqrad şəhərinin 2 saylı İMK-da (PMK) çilingər, 14.12.1982-ci il tarixdən 14.03.1983-cü il tarixədək Bakı Taxıl məhsulları Kombinatında anbardar, sonra sex ustası, 14.03.1983-cü il tarixdən 06.03.1985-ci il tarixədək Baki şəhəri Şaumyan rayon daxili işlər şöbəsində, 15.04.1985-ci il tarixdən 30.03.1990-cı il tarixədək Bakı Ət Məhsulları Kombinatında, 04.04.1990-cı il tarixdən 11.02.1992-ci il tarixədək Bakı Tekstil və Ayaqqabı fabrikində çilingər, 12.02.1992-ci il tarixdən 26.04.1999-cu il tarixədək X4 İstehsalat Birliyində, 03.05.1999-cu ildən 29.06.2001-ci ilədək «Gülnarə» kiçik müəssisəsində 5-ci dərəcəli rəngsaz işləmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2017 - 30.06.2018, kişilər üzrə pensiya yaşı 63 il 6 ay. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının 1992-1999cu illər üzrə yaşa görə əmək pensiya təyinatı ücün tələb olunan sosial sığorta stajını yoxlamağın mümkün olmaması təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 1992-1999-cu illər üzrə iş stajı onun əmək kitabçası ilə təsdiqləndiyindən və cavabdeh tərəfindən əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı sənəd-sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-3355/2020 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-3355/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar