Məhkəmə qərarları › İş №2-1(103)-1320/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1320/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1320/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatın üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 8.2-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 17 may 2015-ci ildən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı övladı X7 məxsus sağlamlıq imkanlarının məhdudluğuna dair tibbi-sosial ekspert komissiyasının qərarını və digər zəruri sənədləri cavabdeh inzibati orqana təqdim edə bilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən X3 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019cu il tarixli 93 №-li arayışa istinad etmişdir. Həmin arayışa əsasən K.R.Valeryeviç leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olmuşdur, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq X8 müalicəyə göndərilmişdir. Lakin həmin arayışlar uşağın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli 415 nömrəli məktubundan görünür ki, uzun müddət keçdiyindən arxivdə X7 məxsus hər hansı bir məlumat aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1252/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 saylı qərarı dəyişdirilmiş, İddiaçı əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1252/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi (17 may 2015-ci il tarixdən əmək pensiyasının ödənilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1252/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1683/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının şikayəti iddianın tam təmin olunması hissəsində təmin edilməmiş, cavabdehin şikayəti qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı “iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində cavabdehin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddia tələbi “iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilmiş və həmin hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərarı “iddiaçının əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Baxılan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1683/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən hazırda apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinə əsasən “yaşa görə əmək pensiyasının hansı tarixdən hesablanaraq ödənilməsi” hissəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, ona 17 may 2015-ci ildən əmək pensiyasının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçıya 17 may 2015-ci ildən əmək pensiyasının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxx 1960-cı il təvəllüdlüdür, 17 may 2015-ci ildə 55 yaşı tamam olmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə və azı 10 il sığorta stajı olan ana olduğundan bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1683/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, 40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər...” 41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu nöqteyi-nəzərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə yanaşması düzgün olmuşdur. 42. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının hazırkı tələblə bağlı daha əvvəldən cavabdehə müraciət edib-etmədiyi, etmədiyi halda, bunun səbəbləri məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdəndir ki, iddiaçı inzibati orqana xx.xx.2020-ci il tarixdən daha əvvəl müraciət etdiyini kassasiya şikayətində göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq aparılan aşadırma zamanı müəyyən edilmişdir ki, iddiaçı hələ xx.xx.2018-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. Qeyd olunan inzibati işin (2- 1(82)-404/2019 nömrəli) materiallarına məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş, həmin inzibati işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ona pensiya təyini üçün 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli 19/5588-01 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqanın həmin dövrdə səlahiyyətli qurumuna hələ 2017-ci ildə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır). 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci ilədək olan redaksiyası). 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana 2017-ci ildə müraciət etməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçının pensiya hüququnun xx.xx.2015-ci ildə yarandığı və xx.xx.2017-ci ildə cavabdeh tərəfindən müraciətinə imtina cavabı verildiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən (müraciət edilən tarixdən əvvəlki üç ilin iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2015-ci ildən də əvvələ təsadüf etməsi nəzərə alınmaqla) xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, İddiaçı yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar