Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1321/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6094/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 06 sentyabr 2021-ci tarixli vətəndaş müraciətinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 06 sentyabr 2021-ci tarixli vətəndaş müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək onun və ailə üzvlərinin COVİD-19 virusuna yoluxması zamanı lazımi tibbi xidmət göstərilməməsi səbəblərinə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizə 06 sentyabr 2021-ci ildə poçt vasitəsi ilə cavabdehə göndərilmiş, 08 sentyabr 2021-ci ildə cavabdehin əməkdaşı Rzayeva tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh 5 ay müddətində 06 fevral 2022-ci ilədək onun müraciətinə cavab verilməsini təmin etməmişdir. Ərizəsində aydınlıq gətirilməsini istədiyi məsələlər Azərbaycan Respublikasının vətəndaşı kimi onun və ailə üzvlərinin konstitusion hüquqlarının və sağlamlıqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, o, və həyat yoldaşı X4 icbari tibbi sığorta ödəyirlər. O, həm də fərdi sahibkar kimi hər ay icbari tibbi sığorta ödəmişdir. O və həyat yoldaşı hər iki doza vaksin almışdır. Həyat yoldaşında 11 avqust 2021-ci ildə koronavirusun əlamətlərini müşahidə etmişlər. Onlar dərhal müvəqqəti qeydiyyatda olduqları 15 saylı poliklinikaya məlumat vermişlər və test götürülməsini xahiş etmişlər. 1542 “Qaynar xətti” günün istəlilən zamanında əlçatan olmadığı üçün 3 gün ərzində danışa bilməmişlər. 14 avqust 2021-ci ildən o, oğlu və qızında da koronavirusun əlamətləri özünü göstərmişdir. Dəfələrlə 814, 9103-ə şikayət edəndən sonra 16 avqust 2021-ci il tarixdə test üçün gəlmişlər. Test üçün gələn əməkdaş isə ailədən bir nəfərin adı verildiyi üçün yalnız onun həyat yoldaşından test götürmüşdür. Həmin gün təkrar 15 saylı poliklinika və Biləcəridəki uşaq poliklinikasına zəng edib test üçün gəlmələrini xahiş etmişlər. Onlar həyat yoldaşının testinin cavabının pozitiv olması barədə 18 avqust 2021-ci ildə mesaj almışlar. Bu dəfə dərman verilməsi üçün 15 saylı poliklinika, 2 saat 19 dəqiqə telefonda gözlədikdən sonra “1542” qaynar xətti və cavabdeh orqanın qaynar xəttinə məlumat vermişlər. Bütün qeyd etdiyi ünvanlara evdən çıxa bilmədiklərini, 103-dən yalnız ağır vəziyyətdə koronavirus xəstələrini xəstəxanaya yerləşdirə biləcəklərini dəfələrə zəng edib bildirmişlər. Poliklinika dərmanla onları TƏBİBin, TƏBİB-in qaynar xətti Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə poliklinikanın təmin edəcəyini bildirmişdir. Amma bugünədək nə dərman verilib, nə də hər hansı tibbi dəstək almışlar. 16 avqust 2021-ci il tarixdə test üçün poliklinikaya bildirəndən və 2 dəfə 814 qaynar xətti ilə əlaqə yaradandan sonra 21 avqust 2021-ci il tarixdə, saat 12:34-də ondan, qızı X6 və oğlu X1 COVİD-19 testi götürülmüşdür. Amma 5 gün keçsə də, testin cavabını ala bilməmişlər. Dəfələrlə testi götürən həkim, cavabdehin 814 xidməti, 1542 xidməti ilə (2 saat 26 dəqiqə telefonda gözlədikdən sonra danışa bilmişlər və fikirlərini tamamlamamış əlaqə kəsilmişdir) 26 avqust 2021-ci ildə X2, 27 avqust 2021-ci ildə onun COVİD-19 testinin nəticəsinin pozitiv olması barədə SMS almışlar. Amma sonrakı günlərdə onun bütün cəhdlərinə baxmayaraq, qızı X3 21 avqust 2021-ci il tarixdə götürülən COVİD-19 testinin nəticəsi ilə bağlı məlumat ala bilməmişdir. Testi götürən həkim və 6 saylı Birləşmiş şəhər Xəstəxanasından ona yaxma nümunələrinin TƏBİB-in laboratoriyasına təhvil verildiyi və nəticələrə görə məsuliyyət daşımadıqlarını bildirmişlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın “Qaynar xətti”ndən məsələyə müdaxilə edə bilməyəcəklərini bildirmişlər. 1542 “Qaynar xətti”ndən isə COVİD-19 testinin nəticələrini sistemdə görmədiklərindən hər hansı məlumat verə bilməyəcəklərini və testi götürən xəstəxana ilə əlaqə saxlamalarını bildirmişlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsi üzərindən elektron müraciəti isə bir günlük cəhddən sonra göndərə bilmişdir və bugünədək cavab yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6094/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı (hakim P.Hüseynov) ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda tərtib edilmiş, həmçinin əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəf məktubun vətəndaşa göndərilməsi ilə bağlı məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Halbuki, iddiaçı olaraq vətəndaş müraciətinə cavab hazırlanması yox, cavabın vətəndaşa göndərilməməsinin qanunsuz hesab edilməsini tələb edib. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə hərtərəfli araşdırma aparmadan iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən də həmin müraciətə cavab verilmişdir. İddiaçı həmin müraciətinə cavabdeh tərəfindən cavab verilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün “Bakı Səhiyyə Mərkəzi” X9 göndərilmiş və 15 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya cavab verilmişdir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün “Bakı Səhiyyə Mərkəzi” X9 göndərilmiş və 15 nömrəli şəhər poliklinikası tərəfindən vətəndaşa cavab verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 15 nömrəli şəhər poliklinikası tərəfindən Cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yaşayan X4 xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 15 saylı şəhər poliklinikasında sahə həkimi tərəfindən Covid-19 pozitiv diaqnozu ilə müşahidədə olub. Protokol əsasında xəstənin müalicəsi təyin edilib. Vətəndaşın şikayəti övladı X3 Covid-19 virusuna qarşı test nəticəsinin gecikməsidir. X5 18 yaşı tamam olmadığı üçün 11 saylı uşaq poliklinikasının qeydiyyatındadır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin, o cümlədən iddia ərizəsinin əsasını onun xx.xx.2021-ci il tarixli müraciətinə cavab verilməsi təşkil edir ki, apellyasiya şikayətinin həmin məsələ ilə bağlı dəlilllərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi 15 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmçinin, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6094/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1321/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1321/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver