Məhkəmə qərarları › İş №2-1(103)-1321/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1321/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1321/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2-1(112)-3322/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh Bakı şəhəri Suraxanı rayonu Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun təmin edilməsi (tanınması) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxslər sırasından çıxarılmasını, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 500 kv.m torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılaraq rəsmiləşdirilmişdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2080 saylı 17 aprel 2007-ci il tarixli rəyi, Bakı şəhər İcra Hakimiyyətinin şəhər ərazisinin tikinti-planlaşdırma İdarəsinin planlaşdırma tapşırıqlarının və qırmızı xətt üzrə tikililərin verilməsi üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin sərəncamına əsasən iddiaçının mülkiyyətinə ayrılacaq torpaq sahəsinə verilmiş müsbət rəy nəzərə alınaraq ayrılmışdır. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin məlum olmayan səbəblərdən iddiaçının mülkiyyətinə ayrılmış Əmircan-Hövsan yolunun sağ tərəfində olan 500 kv.m torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə verilməsi barədə Zığ Bələdiyyəsinin məktubu ilə ona imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2-1(112)-3322/2023 nömrəli qərarı (hakim M.Qarayeva) ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarla razı deyillər, belə ki, həmin torpaq Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinin balansında deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi Zığ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı, torpaq sahəsinin ayrılmasına dair akt bələdiyyənin arxivində aşkar edilməyib. Bundan əlavə həmin akt özözlüyündə etibarsızdır, çünki bələdiyyə kollegiyal orqandır və qəbul etdiyi aktlar sərəncam deyil ümumi yığıncağın qərarı formasında olur. Bununla yanaşı sözügedən torpaq sahəsi iddiaçıya ayrılan zamanı Zığ bələdiyyəsi həmin torpaq sahəsinə münasibətdə səlahiyyətli olmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 79 nömrəli sərəncamı ilə (bənd 39) fərdi yaşayış evlərinin tikintisi üçün yeni torpaq sahəsinin Zığ Bələdiyyəsinin ehtiyat fonduna verilməsi qərara alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı ilə isə qeyd edilən sərəncamın 39cu bəndi ləğv edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 407 s nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş vermiş ekzogen geoloji proseslər (torpaq çökməsi və sürüşməsi) nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə Əmircan-Hövsan avtomobil yolunun 5-ci km-də sağ tərəfdə yerləşən və AR DNŞ-nin daimi istifadəsində olan 6,0 ha torpaq sahəsinin ayrılması məqsədilə həmin sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Zığ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq Sədrlik edənin sualına cavab olaraq bildirdilər ki, torpaq sahəsi 2007-ci ildən ayrılandan sonra cizgi ilə iddiaçıya təhvil verilmiş, iddiaçı bugünkü gündə də öz torpaq sahəsinin yerini bilir, cizgidə qeyd edilən sahə ilə naturada mövcud sahə eynidir. Hər hansı bir şəxsin sahiblik, istifadəsində deyildir. Sadəcə mülkiyyət hüquqlarının qeydiyyatı olmadığı üçün hər hansı bir tikinti işləri apara bilmir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsinin cizgisindən görünür ki, cizgi bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2080 nömrəli xx.xx.2007-ci il tarixli məktubu ilə Zığ Bələdiyyəsinin sədrinə mübahisələndirilən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısı aktına əsasən Zığ Bələdiyyəsinin ərazisində, Əmircan Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mülkiyyətinə verilmişdir. Kassa mədaxil orderindən görünür ki, iddiaçı torpaga görə ödəniş etmişdir. İddiaçı həmin yerin ona təqdim edilməsi ilə baglı müraciət etdikdə cavabdehin 116 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözügedən ərazinin İddiaçı ayrılması ilə bağlı Zığ Bələdiyyəsinin arxivində və protokollarında məlumat aşkarlanmamış, sözügedən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 407s nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 874s saylı xx.xx.2018-ci il tarixli sərəncamları ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Zığ-1” sürüşmə sahəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə ayrılması məqəsəilə ilə Zığ bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Cavabdehin digər 1152 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə isə iddiaçıya bildirilmişdir ki, 10№-li 19 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən ayrılmış Zığ qəsəbəsi ərazisində, Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsi həqiqətən ona ayrılıb və arxivdə sənədlər mövcuddur. Lakin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən yuxarıda göstərilən sərəncam ləğv edilmiş və Nazirlər Kabinetinin sərəncamı ilə həmin torpaqlar Zığ qəsəbəsinin sürüşmə zonasında yerləşən evlərin sakinlərinə ayrılmışdır. “X7 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 55 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsi ərazisində Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən ərazidə 500 kv.m torpaq sahəsi boşdur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir. Hazırki tələbində iddiaçı Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 19 oktyabr 2007-ci il tarixli 10 saylı sərəncamına əsasən ona ayrılmış 500 kv.m torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının hazırda iddia qaldıraraq tələb irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı və onun nümayəndəsi məhkəməyə verdiyi izahatlarında bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin yeri onlara məlumdur, hətta torpaq sahəsinin dörd bir tərəfi tərəflərindən qazılmış lakin çıxarışı olmadığı üçün tikinti apara bilməmişdir. Həmçinin verilən izahatlardan müəyyən edilmişdir ki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı məhz torpaq sahəsinin yerinin müəyyən edilməsi deyil, mövcud hüquqmüəyyənedici sənədlər əsasında torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış alınmasından ibarətdir. Kollegiya bununla bağlı izah edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair onda olan hüquqmüəyyənedici sənədlərə istinadən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və bununla bağlı reyestrdən çıxarışın verilməsi ilə bağlı torpaq sahəsinin yerləşdiyi yer üzrə müvafiq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Ərazi İdarəsinə müraciət edə bilər. Həmçinin iş materiallarından görünür ki, hazırki işdə cavabdeh inzibati orqan 10№-li 19 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən Zığ qəsəbəsi ərazisində, Əmircan-Hövsan yolunun sağ tərəfində yerləşən 500 kv.m torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılmasına və arxivdə sənədlərin mövcud olmasına, lakin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən yuxarıda göstərilən sərəncam ləğv edilməsinə və Nazirlər Kabinetinin sərəncamı ilə həmin torpaqların Zığ qəsəbəsinin sürüşmə zonasında yerləşən evlərin sakinlərinə ayrılmasına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, baxmayaraq ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 3-52/2-2857/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin ərazisində, Əmircan - Hövsan yolunun sağ tərəfində yerləşən 500,0 kv.m torpaq sahəsinin İddiaçı istifadəsinə ayrılması barədə Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı sərəncamının ləğvi ilə bağlı Bakı Şəhər icra Hakimiyyəti tərəfindən hər hansı Sərəncam qəbul edilməmişdir, lakin iddiaçı xx.xx.2007-ci il tarixli, 10 saylı sərəncamın ləğv edilməsi barədə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamının mövcudluğu halında, həmin sərəncamı inzibati qaydada mübahisələndirə bilər. Yaxud da iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamının (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 79 nömrəli sərəncamının ((bənd 39) fərdi yaşayış evlərinin tikintisi üçün yeni torpaq sahəsinin Zığ Bələdiyyəsinin ehtiyat fonduna verilməsi barədə) 39-cu bəndi ləğv edilməsi barədə) ona aid hissədə mübahisələndirilməsini açmaq hüququna malikdir. Düzdür bu halda da iddianın mümkünlük məsələsi (subyektiv hüquq, müddət və s.) yenidən yoxlanılmalıdır. Lakin hər bir halda iddiaçının hazırki tələbi onun heç bir hüquqi marağına xidmət etmir. Beləliklə, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2-1(112)-3322/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2-1(112)-3322/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdeh Bakı Şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar