Məhkəmə qərarları › İş №2-1(103)-1321/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1321/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1321/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsi ilə təmin edilmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, İsmayılov Orxan Nadir oğlu və X6 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2233/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin imtinasının əsassız hesab edilməsi və "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, valideyn himayəsindən məhrum olduğuna görə uşaq evində yaşamışdır. 1989-1990-cu tədris illərində Göyçay şəhəri İnternat tam orta məktəbində təhsil almış, 18 yaşı tamam olduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək "xxxx" sosial müəssisəsində yaşayış sahəsi verilməsini xahiş etmişdir. Təhsil Nazirliyindən ona bildirilmişdir ki, "xxxx" sosial müəssisənin yaradılması və istismarı məsələləri haqqında Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin onun tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. İmtinada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən 11-ci sinfi bitirərək 18 yaşı tamam olmamış valideynlərinə təhvil verilmişdir. Hesab edir ki, imtina əsassızdır. O, xəstəliyi ilə əlaqədar 18 yaşına çatdıqdan sonra pensiya məsələsinin həll edilməsi məqsədilə Nizami rayon İcra Hakimiyyətinin 07 avqust 1996-cı il tarixli Sərəncamı ilə Q.Qarayev prospekti 104 №-li evin 45 №-li mənzilinə qeydiyyata yazılmış, hal-hazırda da yuxarıda qeyd edilən yataqxanada qeydiyyatda olsa da, digər ünvanda müvəqqəti yaşayır. Hesab edir ki, Nazirlər Kabinetinin 90 saylı 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin olunmalıdır.

3. Daha sonra iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair inzibati iş üzrə cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmət agentliyi ilə əvəz edilməsi xahiş edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquq münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 05-20(4)- 2251/16 nömrəli məktubuna əsasən 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirmiş və valideynlərinə təhvil verilmişdir. Valideynlərinə təhvil verildiyi səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən mənzillə təmin olunması nəzərdə tutulmur.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2233/2023 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-750/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2556/2024 saylı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-750/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

11. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Əsədzadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

14. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan xüsusi ümumtəhsil internat məktəblərinə şagird qəbulu rayon (şəhər) icra hakimiyyətinin qərarı əsasında, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagird qəbulu isə valideynin direktorun adına ərizəsi əsasında həyata keçirilir və hər iki tipdən olan ümumi təhsil müəssisələrinə qəbul üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə müəyyən edilmişdir.

15. Ümumi tipli ümumtəhsil internat məktəbləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmadığından həmin müəssisələrin məzunlarının valideynlərinə təhvil verilməsinə dair akt tərtib olunmur.

16. Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü tarixli məktubda qeyd olunmuşdur ki, 1979-1990- cı illərdə Göyçay şəhər Səməd Vurğun adına internat tam orta məktəbdə təhsil almış İddiaçı atası 1938-ci il təvəllüdlü X4, anası 1950-ci il təvəllüdlü X5 hal-hazırda sağdırlar və ünvan 1 ünvanında yaşayırlar.

17. İddiaçı məktəbi bitirdikdən sonra valideynlərinə təhvil verilməsi ilə bağlı gimnaziyanın arxivində heç bir sənəd tapılmadı.

18. 12 iyul 1973-cü il tarixli, 346 nömrəli “Doğum haqqında akt qeydi”ndə bildirilmişdir ki, İddiaçı xx xxxx 1973-cü il tarixində anadan olmuşdur. X1, anası X3r.

19. Vətəndaş İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami rayon İcra Hakimiyyətinin 1253 nömrəli, 01 avqust 1996-cı il tarixli Sərəncamında qeyd olunur ki, Rayon İcra hakimiyyətinin vətəndaşların müstəsna qaydada pasport qeydiyyatına alınması üzrə komissiyası təqdim edilən sənədlərə əsasən müəyyən etmişdir ki, vət. K.M.Quliyeva həqiqətən İddiaçı xalasıdır. Vət. İddiaçı anadangəlmə şikəst olmaqla İİ qrup əlildir. Bakı şəhərində uzun müddət müalicəyə ehtiyacı vardır. Pensiya təminatının vaxtı-vaxtında əldə edilməsi və daimi həkim nəzarətində olması üçün Bakı şəhərində pasport qeydiyyatına alınmasına böyük ehtiyacı vardır. Onun həmin mənzilə pasport qeydiyyatına alınmasına mənzil kirayəsinin və onun ailə üzvlərinin yazılı surətdə razılıq ərizəsidir.

20. Vətəndaş İddiaçı müstəsna olaraq Q.Qarayev pr. 104 №-li evin 45-ci mənzilinə daimi pasport qeydiyyatına alınmışdır.

21. Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmamışdır.

22. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması barədə müraciəti üzrə inzibati araşdırılma aparılması üçün bir ay müddət təyin edilmişdir.

23. Qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır.

24. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının valideyn himayəsindən məhrum olmuş təhsil müəssisəsindən məzun hesab olunmadığını nəzərə alaraq, mövcud inzibati aktın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir.

25. Bakı Apellyasiya Məhkəməsi sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 Aran Regional Təhsil İdarəsinin 17 aprel 2025-ci il tarixli, 3-29-40/2-220/2025 saylı məktubunda bildirmişdir ki, İddiaçı 1984-cü ildən 1990-cı iləqədər Göyçay şəhəri S.Vurğun aında inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil almış, məktəb direktorunun 05 nömrəli, 24 may 1990-cı il tarixli əmri ilə buraxılış imtahanına buraxılmış, həmin müəssisəni bitirərək A106997 nömrəli attestat almışdır.

26. Bakı Apellyasiya Məhkəməsi sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X12 Təhsil İdarəsi Göyçay Rayonu üzrə X14 şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 14 aprel 2025-ci il tarixli, 22 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı həqiqətən 1984-cü ildən 1990-cı ilə qədər Göyçay şəhər Səməd Vurğun adına internat tam orta ümumtəhsil məktəbində təhsil almış və xx.xx.1990-cı il tarixində A106997 nömrəli attestat almışdır.

27. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2-1(103)- 1321/2025 saylı qərardadına əsasən Göyçay Rayon Məhkəməsinə verilmiş məhkəmə tapşırığına əsasən X5 izahatında bildirmişdir ki, o, 1968-ci ildə ünvan 3 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin ev iki otaqdan ibarət idi. Ailələri 7 nəfərdən ibarət olmuş, evə yerləşməkdə çətinlik çəkmişlər. İddiaçı şikəst olduğu üçün məktəbə götürməmişlər, ev də dar və kiçik olduğuna görə onu Göyçay şəhəri İnternat tam orta məktəbinə təhvil vermişlər. Sonra isə ev kiçik olduğuna görə geri qaytara bilməmiş, yəni təhvil almamışdır. İddiaçı həkimlərin nəzarəti altında olmuş, həkimlər bildirmişlər ki, onun dizlərində duz yığılmış, ona dəniz havası lazımdır. Orta məktəbi bitirdikdən sonra İddiaçı Bakı şəhərinə yəni, xalasının evinə köçmüş, orada qeydiyyata alınmışdır. Hal-hazırda iş qüvvəsini itirmiş, 30 ildir ki, kirayədə yaşayır. Aygünün X1 hazırda yataq xəstəsidir, gözləri görmür, qulaqları da eşitmir, bu səbəbdən məhkəməyə gələ bilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

31. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir.

33. Azərbaycan Respublikası Təhsil Nazirliyi X12 Təhsil İdarəsinin 3- 29-40/2- 364/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideynlərinə təhvil verilməsi barədə rəsmi sənədin mövcud olubolmaması barədə məhkəməyə məlumat verilməsi və ya təhvilvermə faktını təsdiq edə biləcək hər hansı mötəbər sübutun təqdim edilməsi barədə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 06 nömrəli Kollegiya qərarına əsasən Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya X12 Təhsil İdarəsinin tabeliyinə keçmişdir. İddiaçı 1979-cu ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul edilmiş, 1990-cı ildə həmin gimnaziyanı bitirmişdir. Təhsil aldığı müddət ərzində gimnaziyanın yataqxanasında yaşamış və tam şəkildə dövlət təminatında olmuşdur. İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı X12 Təhsil İdarəsinin və Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın arxivində faktı təsdiq edə biləcək heç bir sənəd və mötəbər sübut mövcud deyil.

34. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillərin verilməsi nəzərdə tutulmuşdur.

35. Həmin sərəncamın məzmunundan görünür ki, həmin Sərəncamdan müvafiq kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi nəzərdə tutulmuşdur.

36. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan xüsusi ümumtəhsil internat məktəblərinə şagird qəbulu rayon (şəhər) icra hakimiyyətinin qərarı əsasında, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagird qəbulu isə valideynin direktorun adına ərizəsi əsasında həyata keçirilir və hər iki tipdən olan ümumi təhsil müəssisələrinə qəbul üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə müəyyən edilmişdir. Ümumi tipli ümumtəhsil internat məktəbləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulduğundan həmin müəssisələrin məzunlarının valideynlərinə təhvil verilməsinə dair akt tərtib olunmur.

37. Hazırkı işdən görünür ki, iddiaçı onun da internat tipli gimnaziyanı bitirdikdən sonra yaşayış sahəsinə ehtiyacı olduğu üçün yaşayış sahəsi ilə təmin olunması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh qurum bundan imtina etmiş və onun imtinasının əsasını “İddiaçı internat məktəbinin 11-ci sinfini bitirərək valideynlərinə təhvil verilməsi” təşkil etmişdir.

38. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

39. Beləliklə, sadalanan normaların məzmunundan da görünür ki, uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilməsi üçün əsaslardan biri də odur ki, valideynlər uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina etmiş olsunlar.

40. Hazırkı işdə Azərbaycan Respublikası Təhsil Nazirliyi X12 Təhsil İdarəsinin 3-29- 40/2-364/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı 1979-cu ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul edilmiş, 1990-cı ildə həmin gimnaziyanı bitirmiş, təhsil aldığı müddət ərzində gimnaziyanın yataqxanasında yaşamış və tam şəkildə dövlət təminatında olmuşdur. İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı X12 Təhsil İdarəsinin və Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın arxivində faktı təsdiq edə biləcək heç bir sənəd və mötəbər sübut mövcud deyil.

41. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2556/2024 nömrəli qərarında 2024-cü ilədək qüvvədə olan ümumtəhsil internat məktəblərinin nümunəvi nizamnaməsində ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsini aktlaşdırması qaydasının nəzərdə tutulmadığına istinad olunmuşdur.

42. Qeyd olunmalıdır ki, İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı gimnaziyanın arxivində ümumiyyətlə hər hansı sənəd mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı iddiaçı adı çəkilən gimnaziyanı bitirdikdən sonra valideynlərinin onu götürmədiyini və onun müvəqqəti olaraq bir müddət xalasının evində, daha sonra isə ayrıayrı yerlərdə kirayədə qaldığını bildirmişdir. İddiaçının valideynlərinin hazırda sağ olması və onların Göyçay rayonunda yaşaması faktı özü-özlüyündə hələ onların iddiaçı ilə əlaqədə olub, onun sözügedən gimnaziyanı bitirdikdən sonra valideynləri ilə ailə bağlarının hələ də mövcud olmasını təsdiqləmir. Əksinə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinləri tərəfindən təhvil alınmamışdır, yəni valideynləri sağ olduqları halda onu həmin internat tipli gimnaziyadan götürməkdən imtina etmişlər. Bununla da iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində əks olunmuş kateqoriyadan olan uşaq olması faktı təsdiqlənir (məhkəmə tapşırığına əsasən iddiaçının valideyninin verdiyi izahatla təsdiq olunur).

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2556/2024 nömrəli qərarında “2024-cü ilədək qüvvədə olan ümumtəhsil internat məktəblərinin nümunəvi nizamnaməsinin 22-ci bəndinə əsasən internat məktəbinin rəhbərliyinin iddiaçının valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq imkanının olması”na dair halın araşıdırılmasına münasibətdə qeyd edir ki, həmin səlahiyyət internat məktəblərinin rəhbərliyinə verilsə də, sonuncunun bu barədə müraciət etməsi qanunla onun üzərinə vəzifə olaraq qoyulmamış, sadəcə “hüquq” olaraq verilmişdir ki, bu da hər zaman həmin səlahiyyətdən istifadənin məcburiliyini kəsb etmir. Belə olan halda internat məktəbi rəhbərliyinin iddiaçının valideynləri ilə bağlı hər hansı orqan qarşısında məsələ qaldırmaması iddiaçının internat tipli gimnaziyanı bitirdikdən sonra valideynləri tərəfindən götürülməsinin baş verməsi kimi də qiymətləndirilə bilməz.

44. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli, 176 nömrəli qərarının 16-cı bədində qeyd edilmişdir ki, internat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə Respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının müvafiq internat tipli gimnaziyanı bitirdikdən sonra valideynləri tərəfindən təhvil alınması faktı iş üzrə sübuta yetirilmədiyindən və bu hal onun qanunla valideyn himayəsindən məhrum olmuş məzun hesab olunması üçün əsas verdiyindən, iddiaçının sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli, 492s nömrəli Sərəncamı qəbul edilənədək “yaşayış sahəsi ilə təmin olunması” barədə müvafiq orqana müraciəti nəzərə alınmaqla bilavasitə yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

48. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

49. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2233/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Orxan İsmayılov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar