Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1322/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8303/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 28 il 00 ay 01 gün qulluq illəri nəzərə alınmaqla iyul 2017- ci il tarixindən qulluq illərinə görə pensiya təyini üçün “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1982 – 1984-cü illərdə 2 il 2 ay 14 gün həqiqi hərbi xidmətdə olmuş və 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsinin Mərkəzi Təchizat bazasında 4 dekabr 1984cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün mülki vəzifədə işləmiş, ədliyyə orqanlarında xüsusi rütbəli orta rəis heyəti qismində 1 saylı Cəzaçəkmə Müəssisəsində 4 mart 1994-cü il tarixdən 26 mart 1997-ci il tarixədək 3 il 22 gün qulluq etmişdir. Penitensiar xidmətin Təchizat Bazasına 26 mart 1997-ci il tarixdən rəis təyin olunmuş, 7 il 10 ay 13 gün qulluqda olmuş, yəni 9 fevral 2005-ci il tarixdə onun xidmətinə xitam verilmişdir. Penitensiar xidmətə pensiya təyinatı ilə bağlı “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə müraciət etmiş, Penitensiar xidmət isə 17/7- 9936(-44) 2 saylı 4 iyun 2021-ci il tarixli məktubla məsələnin həllindən qulluq illərinin 20 ildən az olduğuna əsaslanaraq imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh qulluq illərinin hesablanmasında yalnışlığa yol vermişdir. Belə ki, qulluq illərim aşağıdakı kimi hesablanmalıdır: 1) həqiqi hərbi xidmət – 2 il 2 ay 14 gün; 2) AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən təhsilin beş il müddətinin 2 il 6 ayının qulluq illərinə hesablanmasına əsasən – 2 il 6 ay; 3) «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən mülki iş stajı – 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün; 4) Ədliyyə orqanlarında xüsusi rütbəli əməkdaş qismində qulluq illəri – 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək 10 il 10 ay 28 gün; 5) Fövqaladə vəziyyətlə əlaqədar AR Nazirlər Kabinetinin 31 mart 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının xidmət müddətinin bir ayının iki ay hesablanması – 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci il tarixədək 3 il 1 ay 20 gün, ümumi qulluq illəri – 28 il 1 gün. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına əsasən pensiyanın təyin edilməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətində olduğundan, cavabdehin hər hansı bir qanun pozuntusu anlamını vermir, əksinə vətəndaşın öz hüququnu sona çatdırmaqla yardımçılığını təcəssüm edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 3478/2012 saylı iş üzrə 28 dekabr 2012-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 635/2013 saylı iş üzrə 8 may 2013-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmişdir. O, Ali Məhkəməyə kassasiya şikayətini 2-1(102)-2895/2018 saylı iş üzrə yeni hüquq təsdiqedici sənədlər əldə etmək məqsədilə geri götürmüşdür. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək İslah işləri idarəsinin Mərkəsi təchizat bazasında müxtəlif mülki vəzifələrdə işləmiş, 11 mart 1994cü il tarixdə ədliyyə orqanlarında orta rəis heyəti qismində qulluğa qəbul edilmiş və 9 fevral 2005-ci il tarixdə İntendant təchizat və ticarət bazasının rəisi vəzifəsində işləyərkən xidməti vəzifələrini icrası zamanı qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 20.3-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının müvafiq bəndlərinə əsasən İddiaçı qulluq müddəti aşağıdakı qaydada hesablanmışdır: 9 fevral 2005-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 15 il 07 ay 12 gün – 02 il 06 ay təhsil müddəti, 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 02 il 02 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün. Güzəştli hesablama ilə qulluq müddəti 18 il 09 ay 02 gün təşkil edir: 02 il 06 ay təhsil müddəti, 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 02 il 02 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün, 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci illərdə xidmət 3 il 01 ay 20 gün (fövqaladə vəziyyət). İddiaçı iddia ərizəsində qulluq illərini hesablayarkən 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək olan dövr də əhatə olunur. 4 dekabr 1984-cü il tarixdə 11 mart 1994-cü il tarixədək İddiaçı İslan işləri idarəsinin Mərkəsi təchizat bazasında müxtəlif mülki vəzifələrdə işləmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 39.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə yalnız penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. Həmçinin, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2ci bəndinə əsasən bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi hesablanır. Təchizat bazası penitensiar müəssisə olmadığından, qeyd olunan dövr pensiya təyin edilib verilməsi üçün iddiaçının qulluq müddətinə hesablana bilməz. Əlavə olaraq qeyd edilir ki, İddiaçı 2012-ci ildə məhkəməyə müraciət edərək xidmət illərinə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-635/2013 saylı iş üzrə 8 may 2013-ci il tarixli qərarında iddiaçının qulluq illərinə daxil olunan müddətlərə hüquqi qiymət verilmiş və iddia tələbi rədd edilmişdir. Qeyd olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8303/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı «iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8303/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı 1982 – 1984-cü illərdə hərbi həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra ali məktəbə daxil olmuş və 1989-cu ildə ali təhsilini başa vurmuşdur. 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək İslah işləri idarəsinin Mərkəzi təchizat bazasında mülki vəzifədə işləmiş, 11 mart 1994cü il tarixdən ədliyyə orqanlarında orta rəis heyəti qismində qulluğa qəbul edilmiş, 9 fevral 2005-ci il tarixdə tutduğu vəzifədən (İntendant təchizat və ticarət bazasının rəisi vəzifəsindən) azad edilərək ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı 20 ildən artıq xidmət etmiş əməkdaş kimi barəsində məlumat vərəqəsinin tərtib edilərək, aidiyyəti quruma – DSMF orqanına göndərilməsi xahişi ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə müraciət etmişdir. Lakin cavabdeh onun xidmət müddətinin qanunla müəyyən edilmiş həddən az olması əsası ilə məsələnin həllindən imtina etmişdir. Cavabdeh onun 1984 – 1994-cü illərdə İslah işləri idarəsinin Mərkəzi təchizat bazasında işlədiyi müddəti qulluq müddətinə daxil etməmişdir. Cavabdehin mövqeyinə görə (hərbi xidmət, ali təhsil müddətləri vvə digər xüsusatlar nəzərə alınmaqla) onun xidmət müddəti təqdim hesablaması ilə 15 il 7 ay 12 gün, güzəştli hesablama ilə 18 il 9 ay 2 gün təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirmiş və 20 ildən artıq xidmət etmiş Penitensiar xidmət əməkdaşı kimi barəsində məlumat vərəqəsi tərtib edilərək, aidiyyəti quruma göndərilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, penitensiar xidmətdə qulluq keçmiş əməkdaş kimi hazırkı İddiaçı 1984 – 1994-cü illərdə işlədiyi İslah işləri idarəsinin Mərkəzi təchizat bazası penitensiar müəssisə (cəzaçəkmə müəssisəsi, istintaq təcridxanası), eləcə də azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsi sayılmadığından, onun həmin qurumda xidmət dövrü «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 39.2-ci maddəsinin və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin təsir dairəsinə aid edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən: - (1.0.1) əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - (1.0.3) hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - (1.0.4) xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - (1.0.5) təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» AR Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 20.3-cü maddəsinə görə ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 39.1-ci maddəsinə görə penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 39.2-ci maddəsinə görə penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndinə əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmin qərarın 2-ci bəndinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir: - bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh onun 1984 – 1994-cü illərdə İslah işləri idarəsinin Mərkəzi təchizat bazasında işlədiyi müddəti qulluq müddətinə daxil etməmiş, iddiaçının qulluq illərinin 20 ildən az olduğundan , o hazırkı iddia tələbi ilə bu halı mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1984 – 1994-cü illərdə işlədiyi İslah işləri idarəsinin Mərkəzi təchizat bazası penitensiar müəssisə və ya azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsi hesab edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8303/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8303/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1322/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1322/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver