Məhkəmə qərarları › İş №2-1(103)-1322/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1322/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1322/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-11208/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək “Təbriz” bağçılıq-yoldaşlığı tərəfindən onun istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 72 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 10/518 nömrəli Qərara və Azərbaycan Təhsil İşçiləri X5 Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2007-ci il tarixli, № 72/68 nömrəli orderə əsasən, Universitetin əməkdaşı olduğu üçün Azərbaycan Texniki Universitetinin Əzizbəyov rayonunun Türkan qəsəbəsində ayrılmış “Təbriz” Bağ Yoldaşlığı sahəsində ona 0,1 ha torpaq sahəsi verilmişdir. Sahənin nömrəsi layihəyə uyğun olaraq №72 qeyd edilmişdir. Onun etibarnamə üzrə nümayəndəsi ayrılan Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 72 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən aşağıdakılara əsasən imtina verilmişdir: 1. Torpaq sahəsi “Təbriz” Bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla bağlı üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Bununla bağlı bildirir ki, “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilən bütün sənədlər – order, protokoldan çıxarış, üzvlərin siyahısı, torpağın sxemi cavabdehə təqdim edilmiş, cavabdehin əməkdaşları tərəfindən bütün sənədlərə baxıldıqdan sonra, yalnız “72” nömrəli order götürülmüşdür. Hesab edir ki, imtina bu hissədə əsassızdır. 2. İdarənin arxiv məlumatlarına əsasən, “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Hesab edir ki, imtina bu hissədə də əsassızdır. Cavabdeh tərəfindən idarənin arxiv məlumatları ona təqdim edilməmiş, “72” saylı torpaq sahəsinin kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilməmişdir. “Təbriz” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ona torpaq sahəsi ayrıldıqdan ərazinin planı verilmiş, torpaq sahəsinin ərazisi göstərilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan o, həmin əraziyə faktiki sahibliyi həyata keçirir. Belə ki, cavabdeh tərəfindən yerində müayinə aparıldıqdan sonra müəyyən olunmuşdur ki, torpaq sahəsi onun faktiki istifadəsindədir və həmin bağ sahəsində tikili də mövcuddur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinaya uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi “Təbriz” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla əlaqədar iddiaçı tərəfindən üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan əlavə, İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin (X1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmçinin hüquq sahibinin adına digər nömrəli torpaq sahəsi (3 saylı) qeyd olunmuşdur. Bundan başqa, torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir və torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Belə ki, göstərilən sahə digər bağ sahəsinin (3 saylı) ərazisinə uyğun gəlir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı məhkəmə icraatı zamanı cavabdehə müraciət edərək, “Təbriz” bağçılıqyoldaşlığı tərəfindən iddiaçının istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 3 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən eyni universitetin digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, hazırki torpaq sahəsinə əvvəlki müraciəti zamanı fərqli sənəd əsaslar təqdim olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən protokoldan çıxarış “Təbriz" Bağçılıq-Yoldaşlıq Təsərrüfatının sədrinin imzası ilə təsdiq edilməmişdir.” İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ““Təbriz” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçının istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 3 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-1(112)-11208/2023 saylı qərarı ilə (hakim L.Musayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 3 saylı 0.1 ha bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-11208/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Xəzər rayonu, X7 yerləşən 3 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, idarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində “72” saylı torpaq sahəsi digər fiziki şəxsin (X1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmçinin hüquq sahibinin adına digər nömrəli torpaq sahəsi (3 saylı) qeyd olunması, bundan başqa, torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsi və torpaq sahəsinin yerləşməsinin bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlməməsi, göstərilən sahənin digər bağ sahəsinin (3 saylı) ərazisinə uyğun gəlməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Təbriz” bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin arxiv qovluğunda olan üzvlərinin siyahısında 3-cü sırada İddiaçı adı var. İddiaçı adına olan həmin 3 saylı sahə adına sənədləşdirilmiş, adına üzvlərin protokolundan çıxarış verilmişdir. “Təbriz” bağçılıqyoldaşlığının arxiv qovluğunda olan bölgü sxemi ilə iddiaçıya ayrılmış 3 saylı sahəyə uyğun gəlir. Cavabdehin 3 saylı torpaq sahəsi ilə bağlı imtinası onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən eyni universitetin digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmçinin təqdim edilən protokoldan çıxarış “Təbriz” bağçılıq yoldaşlıq Təsərrüfatının sədrinin imzası ilə təsdiq edilməmişdir. Digər bağçılıqyoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması imtina üçün əsas ola bilməz, bundan başqa məhkəmənin sorğusuna əsasən 72 saylı torqaq sahəsi ilə bağlı sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə də protokoldan çıxarış eyni imza ilə təsdiq edilmişdir və həmin protokoldan çıxarışa əsasən bağ sahəsi qeydiyyata alınmışdır. Odur ki, cavabdeh qurumun imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə “Təbriz” bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin siyahısı, bölgü sxemi təqdim edilmişdir. Təqdim edilmiş üzvlərin siyahısında 3-cü sırada İddiaçı adı vardır. Türkan bağ massivi "72" saylı bağ sahəsinin müayinə aktının məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, bağ sahəsi qonşu bağla ümumi hasar daxilindədir, ara sərhəd şərtidir, qonşu bağa dair sənəd təqdim edilməmişdir. Bağ sahəsində A-2 mərtəbəli bağ evi, 1 köməkçi tikili və 2 hovuz var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Belə ki, bağçılıq-yoldaşlığının bölgü sxeminə əsasən göstərilən sahə 3 saylı bağın ərazisidir. Müayinə aktına əsasən, torpaq sahəsinin faktiki ölçüsü 0.1004 ha, hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Təbriz” bağçılıq yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin 72 saylı bağ sahəsi üzvlük kitabçası, xx.xx.1992-ci il tarixli 05 saylı protokol və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2011-ci il tarixdə X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq “Təbriz” bağçılıq-yoldaşlığı Həmkarlar İttifaqı Komitəsinin qovluğunda mövcud olan siyahısının və 72 saylı bağ sahəsinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Təbriz” Bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1992-ci il tarixl 05 saylı Protokolundan çıxarışa əsasən İddiaçı 3 saylı yerdə 0.1 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə “Təbriz” Bağçılıq-yoldaşlığının Həmkarlar İttifaqı Komitəsinin torpaq sahəsinin bölgü sxemi təqdim edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən cavabdehin imtinasında qeyd etdiyi eyni universitetin digər bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində hüquq sahibinin adına torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmçinin təqdim edilən protokoldan çıxarış “Təbriz” bağçılıq-yoldaşlıq Təsərrüfatının sədrinin imzası ilə təsdiq edilməməsi əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-1(112)-11208/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar