Məhkəmə qərarları › İş №2-1(103)-1323/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1323/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1323/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “sərəncamın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil3, Cavabdehin nümayəndələri X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-468/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Mənzil Tikinti Kooperativi xx.xx.2006-cı il tarixdə, ********** nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 nömrəli, xx.xx.2018-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 03 saylı müraciəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı nəzərə alınaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda İddiaçı MMC-nin təsisçisi X4 mülkiyyətində olan 0,3498 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə həmin MMC-yə icazə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə “Torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair” İnşaat Pasportu tərtib edilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018- ci il tarixli məktubu ilə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda tikintisi nəzərdə tutulan yaşayış binalarının təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həllinə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxılaraq (3 ədəd 1 girişli 19 mərtəbəli + LMŞ,1-ci mərtəbələri – qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı – avtodayanacaq; "xxxx" MMCnin işi, LBM M.Əsgərov) razılaşdırılmışdır.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 328 nömrəli, “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamı nəzərə alınaraq, İddiaçı MMC-yə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə icazə verilmiş və xx.xx.2018-ci il tarixli 52 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Tikinti işlərinə başlanılması üçün əsas olan” 250 nömrəli, xx.xx.2018-ci il tarixli Xüsusi Nişanı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 fevral 2018-ci il tarixli, 63 nömrəli və 16 may 2018-ci il tarixli, 328 nömrəli sərəncamları, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 aprel 2018-ci il tarixli, 18/04-139 nömrəli məktubu, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 01 may 2018-ci il tarixli, xx/xx-00754 nömrəli məktubu və 26 aprel 2018-ci il tarixli, 25226 nömrəli müsbət rəyi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 ünvanında yerləşən yaşayış binaları 3 ədəd 1 girişli 19 mərtəbəli (+liftin maşın şöbəsi), 1-ci mərtəbələri qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacağa xüsusi nişan verilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” AZE seriyalı, 001494 nömrəli Şəhadətnamə ilə İddiaçı MMC-nin yaşayış binalarına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103, 001494 nömrəli, 11 iyun 2018-ci il tarixli informativ və statistik xarakterli – 0010000-1-1101- 001494/0618 kodu verilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti başçısının ünvan 3 ünvanında İddiaçı MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə ləğv edilmişdir.

9. Bakı şəhər İcra Hakimiyyətinin 102 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTK-ya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə icazə verilmişdir.

10. Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi, sifarişçi və podratçı İddiaçı MMCnin nümayəndəsi və layihəçi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmiş Ö/003582 nömrəli,xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 52 nömrəli Tikintiyə icazə sənədi əsasında ünvan 3 ünvanında 3 ədəd, hər biri 1 girişli, 2 səviyyəli zirzəmi, 19 mərtəbəli yaşayış binalarının əsas göstəriciləri təsdiq edilmişdir.

11. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 nömrəli, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır.

12. Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 nömrəli, 20 iyun 2018ci il tarixli məktubda Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini X9 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X7 həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X7 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamının dəyişdirilərək 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv olunmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sənədlərdən göründüyü kimi, ünvan 7 ünvanda 3 ədəd, 19 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı bütün prosedurlara tam əməl olunmuş, bütün zəruri sənədlər və razılaşmalar əldə edilmiş, tikintinin aparılmasına icazə alınmış, bütün orqanlardan və kommunal idarələrdən razılaşmalar alınmış, binanın istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ö/003582 saylı Aktı da alınmışdır. Bina tam inşa edilərək sakinlərin istifadəsinə verilmiş və binanın bir hissəsində sakinlər artıq məskunlaşmışlar. İddiaçı MTK tərəfindən xx.xx.2020-ci il tarixdə 228 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə binanın mühəndis-qurğularının icra cizgilərinin qəbulu barəsində müraciət edilmiş və məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə icazə barədə 328 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı artıq qüvvədə deyildir. Sərəncamın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu qaydada ləğvi formal xarakter daşımışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTK-ya “Elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə” icazə verilmişdir və bu Sərəncamda görüləcək işlər bilavasitə qeyd edilmişdir. Halbuki, bu Sərəncam mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamından 3 ay sonra verilmişdir. Əgər, Bakı şəhər İcra Hakimiyyəti tikintiyə icazə barədə olan müvafiq Sərəncamı ləğv etmişdisə, 3 ay sonra elə həmin binaya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpasına icazə vermək barədə Sərəncam qəbul etməsinin səbəbləri anlaşılan deyil.

15. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 10 fevral 2022-ci il tarixli 2- 1(112)-468/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X5 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq, Azərbaycan Respublikasının Baş nazirinin müavini tərəfindən sözügedən vəzifənin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi, X5 Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Bununla da, sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin dövr üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X8 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri haqlı olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və K.H.Əkbərov) 24 yanvar 2024-cü il tarixli 2- 1(103)-14/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1707/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(103)-14/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, Kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

23. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən yazılı etiraz təqdim olunmamışdır.

ə) Proses iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ...

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1707/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-1(112)-468/2022 nömrəli qərarı ləğv olunmalı, iddia təmin edilməlidir.Bu aşağıdakı səbəblərdən irəli gəlir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1707/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ”.... 36. Göründüyü kimi, cavabdeh inzibati orqan öz qərarları və hərəkətləri ilə iddiaçıda Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının (tikintiyə icazə barədə) məzmununa etimad etməyə əsas vermiş, cavabdeh isə iddiaçının etimad hüququnu istisna edən hər hansı hala istinad etməmişdir. 37. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini nəzərə almadan iş üzrə nəticəyə gəlmişdir.””

34. Yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1707/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi göstərişlərə uyğun olaraq cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərilərək Bakı Şəhər İcra Hakimiyyətinin 328 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamının (tikintiyə icazə barədə) məzmununa iddiaçının etimad hüququnu istisna edən hala dair sübutların və məlumatların təqdim olunması xahiş olunmuşdur.

35. Bakı Şəhər İcra Hakimiyyətinin 12 may 2025-ci il tarixli, 3-52/2-1466/2025 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur:”...Müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının keçmiş rəhbəri tərəfindən buna qanuni səlahiyyəti olmadan Bakı şəhərində ayrı-ayrı şəxslərə hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi ilə əlaqədar sərəncamları (təxminən 20-dən çox sərəncam) Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı adından imzalanmışdır. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə qüvvədə olan qanunvericiliyə əsaslanaraq həmin sərəncamlar, (eləcə də İddiaçı MTK-ya aid 328 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncam (tikintiyə icazə barədə) imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı səbəbi ilə ləğv olunmuşdur. .....Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-1707/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, “Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin imzalanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə aparat rəhbərinə həvalə olunmuşdur. ...Ali Məhkəmənin qərarında həmçinin qeyd edilir ki, “cavabdeh inzibati orqan öz qərarları və hərəkətləri ilə iddiaçıda Bakı Şəhər İcra Hakimiyyətinin 328 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamının (tikintiyə icazə barədə) məzmununa etimad etməyə əsas vermiş, cavabdeh isə iddiaçının etimad hüququnu istisna edən hər hansı hala istinad etməmişdir. ...Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsini zəruru hesab edirik. ....Əvvəla, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə o zamankı aparat rəhbərinə Bakı Şəhər İcra Hakimiyyəti adından sərəncamların deyil, “tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin imzalanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq” verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 63 saylı, xx.xx.2018-ci il tarixli İddiaçı MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncam başçı tərəfindən imzalanmışdır. .....İkincisi, AR MPM-nin 82.1-ci maddəsində nəzərdə tutulur ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. ....Bakı Şəhər İcra Hakimiyyəti adından sərəncamların verilməsi səlahiyyətinin biləvasitə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına aid olması həm qüvvədə olan qanunvericilik aktları və həm də işgüzar adətlərdən hər kəsə bəlli olduğundan, bu halın sübut olunmasına ehtiyac olmamışdır. ....Üçüncüsü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6.3cü maddəsində nəzərdə tutulmuşdur ki, maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. ..Nəzərə almağınız xahiş olunur.”

36. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, yeni apellyasiya baxışı zamanı cavabdeh iddiaçının etimad hüququnu istisna edən hər hansı hala istinad etməmişdir.

37. Bundan başqa işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən başlayaraq iki il ərzində müxtəlif dövlət qurumları tərəfindən tikinti ilə bağlı müvafiq sənədlər verilmişdir.

38. Belə ki, ilk dəfə Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 nömrəli, xx.xx.2018- ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə “Yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamı ilə iddiaçıya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bu sərəncam Bakı şəhər İcra Hakimiyyətinin başçısı H.İ.Abutalıbov tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 11 nömrəli sərəncamı ilə X2 Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 332 nömrəli sərəncamı ilə X10 Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilmiş, xx.xx.2018-ci il tarixli 692 nömrəli sərəncamı ilə isə E.Ə.Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

39. Qeyd edilməlidir ki, hazırda tərəflər arasında yaranan mübahisənin əsasını H.İ.Abutalıbov vəzifəsindən azad edildikdən sonra iddiaçı barəsində Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri olmuş Rasim Quliyev tərəfindən sərəncam qəbul edilməsinin qanuniliyi təşkil edir (Qeyd: Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfatı ilə (xx.xx.2017-ci il) əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyəti qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının (H.Abutalıbovun) xx.xx.2017-ci il tarixli sərəncamı ilə Rasim Quliyevə (aparat rəhbərinə) həvalə edilmişdir).

40. İlk növbədə nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi mübahisə üzrə qərar qəbul edərkən inzibati orqanın, konkret halda cavabdehin inzibati praktikasına, onun davranışına şəxsin etimad hüququnu və bununla bağlı onun inzibati orqandan qanuni gözləntilərini də nəzərə almalıdırlar. Belə ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5 - 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

41. Qeyd edilməlidir ki, hazırkı halda cavabdeh mübahisəli inzibati aktı qəbul edərkən, eyni zamanda aşağı instansiya məhkəməsii də iddia tələbini rədd edərkən, yalnız Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamasına, başqa sözlə, Rasim Quliyevin iddiaçı barəsində sərəncam qəbul etməyə səlahiyyətli olmamasına istinad etmişlər.

42. Halbuki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əlverişli inzibati akta etimad hüququnun mövcudluğu birinci instansiya məhkəməsinin qiymətləndirmə predmetindən kənarda qalmışdır.

43. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı ilə 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncam ləğv olunarkən cavabdeh iddiaçının etimad hüququnu istisna edən hər hansı hala istinad etməmişdir.

44. Nəzərə alınmalıdır ki, icra hakimiyyəti rəhbərliyinin səlahiyyətlərinin icrası ilə bağlı məsələnin həlli şəxsin deyil, müvafiq səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Bu baxımdan, qeyd edilən hallar iddiaçının məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə mənfi nəticələr doğura bilməz.

45. Digər tərəfdən, E.Ə.Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra və hətta mübahisəli sərəncamın qəbulundan sonra Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, İddiaçı MTKya elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə icazə verilmişdir. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktı qəbul edilmişdir.

46. Yuxarıda eyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır və odur ki, təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2-1(112)-468/2022 nömrəli qərarı ləğv edilərək iddia təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-468/2022 nömrəli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin 02 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı 328 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar