Məhkəmə qərarları › İş №2-1(103)-1324/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1324/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1324/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “ona əvvəlki 3 illik müddət üçün ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “ona xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2894/2020 saylı xx xxxx 2020-ci tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona çatacaq illər təzminat- müavinətin və xx.xx.2019-cu il tarixdən müharibə veteranı kimi müəyyən edilmiş təqaüdlərin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin onlar düzgün qərar veməmişdir. O, heç vaxt nə kommunal, nə nəqliyyat və digər xidmətlərə görə sosial müavinət almamışdır. Onun dörd övladı var. Onlardan 3-ü hərbi xidməti başa vurmuşdur. Heydər Məmmədli 2012-2013cü illərdə ön cəbhədə, Elvir Məmmədli 2017-2018-ci illərdə, Cavid Məmmədli 2017-2018-ci illərdə və Elmar Məmmədli xx.xx.2019-cu il tarixdə həqiq hərbi xidmətə çağırılmış və halhazırda ön cəbhədə hərbi xidmətdədir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2894/2020 saylı xx xxxx 2020-ci tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2894/2020 saylı xx xxxx 2020-ci tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Əbdülxaliq oğluna xx.xx.2019-cu il tarixdə veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən ona xx.xx.2019-ci il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün veteranlara verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ləğv edilmişdir. Hesab edir ki, Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün təqaüdün əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun deyildir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında Veteranlar Şurasının üzvü olduğunu və ona verilmiş vəsiqə ilə kommunal güzəştlərdən istifadə etdiyini bildirmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmə qərarının dəyəşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2894/2020 saylı xx xxxx 2020-ci tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx xxxxxx 2019cu il tarixdə M/V086731 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin 2 saylı xx.xx.2019-cu il qərarından görünür ki, İddiaçı həmin şöbədən Müharibə veteranı olduğu üçün müavinət alır. Müavinətin müddəti xx.xx.2019-cu il tarixdən məbləği 80 manat olmaqla ömürlük təyin edilmişdir. İddiaçı ona müharibə veteraranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Nərimanov rayon şöbəsinin iddiaçıya ünvanladığı **********7 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1dən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 2019-cu il aprelin 1-dən tətbiq edildiyi üçün veteranlara verilən kommunal, nəqliyyat və digər xidmətlər görə müavinət ləğv edilmişdir. Təqaüdün xx.xx.2019-cu il tarixdən əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanının və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. İddiaçı bu imtinanı mübahisələndirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla qeyd olunmalıdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1 -ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə "Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. xx.xx.2019-cu il tarixindən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Odur ki, məhkəmə kollegiyası qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (xx.xx.2019-cu il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki üç ilə görə müavinət tələb etməyi əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətində göstərilən “iddianın qeyri-mümkün sayılması” ilə bağlı dəlilə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar işin mahiyyətinə aid olduğundan həmin hallar iddianın qeyri-mümkün sayılması üçün əsas yaratmır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2894/2020 saylı xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibat Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar